Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, tariximizin qaranlıq səhifələrinə də işıq salınır, görkəmli tarixi şəxsiyyətlərimiz xalqımıza və geniş ictimaiyyətə təqdim edilir, tanıdılır. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamlari ilə görkəmli pedaqoq, maarifçi və şair Məmməd Tağı Sidqinin, Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi, realist portret və mənzərə rəsm yaradıcılığının əsasını qoymuş Bəhruz Kəngərlinin, görkəmli ictimai xadim, publisist və maarifçi Məmmədağa Şahtaxtlının, görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin, yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun və başqa onlarla görkəmli tarixi şəxsiyyətlərin xatirələri əbədiləşdirilmiş, yubileyləri keçirilmiş, ev muzeyləri yaradılmışdır.
Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iki sərəncamı – görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi və görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqındakı tarixi qərarları muxtar respublika ziyalılarının və geniş ictimaiyyətin dərin marağına və minnətdarlığına səbəb olmuşdur.
Naxçıvan diyarı öz görkəmli yetirmələri ilə həmişə diqqəti cəlb etmişdir. Orta əsrlər dövründə bu diyarın onlarla yetirməsi dünyanın müxtəlif ölkələrində təhsil almış, orada yaşayıb fəaliyyət göstərmiş və şöhrət qazanmışlar. Naxçıvanın belə görkəmli yetirmələrindən biri də 1452-1514-cü illərdə yaşamış, təsəvvüf və təfsir alimi kimi tanınmış Nemətullah Naxçıvanidir.
Nemətullah Naxçıvani Naxçıvanda Şeyx Mahmud Naxçıvaninin ailəsində anadan olmuş, burada mədrəsə təhsili almış, 1478-1487-ci illərdə Naxçıvan mədrəsələrində müəllimlik etmişdir. O, elmi təsəvvüf biliyinə sahib olmuş və dini elmlərə dərindən yiyələnmiş təsəvvüf alimi olmuşdur. Nemətullah Naxçıvani sadəcə dərviş həyatı yaşayan sufi olmamış, ali mədrəsə təhsili almış bir təfsir alimi olaraq da tanınmışdır. Həyatının çox hissəsini Naxçıvanda keçirən Nemətullah Naxçıvani yaşadığı dövrün görkəmli alimlərindən və müəllimlərindən dərs almış, dünyəvi elmlərə dərindən bələd olmuş, sonra isə təsəvvüfə yönəlmişdir. Mənbələrdə Nemətullah Naxçıvani “möhtəşəm üslub gözəlliyinə sahib təfsir alimi” və “rəbbani elmlərdə mütəbahhir bir mütəsəvvif” kimi qeyd olunur. Nemətullah Naxçıvani əvvəlcə “Bəktaşiyyə” təriqətinə aid olmuş, “Baba” titulu Naxçıvanda yaşadığı illərdə Bəktaşiyyə sufi təriqəti tərəfindən ona rütbə kimi verilmiş, sonralar isə nəqşibəndiyyə təriqətinə maraq göstərmişdir. Böyük mütəfəkkir sufi təliminə Naxçıvanda yiyələnmiş, nəqşibəndiyyə təriqətinin xəlvəti qoluna mənsub olmuşdur. Nemətullah Naxçıvani 1487-ci ildə Təbrizə gəlmiş, burada xəlvətiyyə şeyxi Dədə Ömər Ruşənini ziyarət etmişdir. Ömər Ruşəni ilə görüşləri və söhbətləri onun elmi dünyagörüşünə və sufilik baxımından daha da kamilləşməsinə böyük təsir göstərmişdir.
Nemətullah Naxçıvani öz dövrünün və sonrakı dövrlərin böyük nəqşibəndi şeyxi olaraq zikr olunur. Üsul və fiqhdə kamil şəxsiyyət olduğu və təsəvvüf ədəbiyyatı tarixinin ən gözəl sufiyanə təfsirini yazdığı qeyd edilir. Türkiyəli alim Nəcdət Tosuna görə, Baba Nemətullah Naxçıvani Təbrizdə olarkən nəqşibəndi şeyxi Sunullah Kuzəkünani və onun xəlifəsi (təriqətdə sonuncu – beşinci titul – İ.H.) Dərviş Ahi Hüsrəvşahi vasitəsi ilə nəqşibəndi təriqətinə daxil olmuşdur. Ona şeyxlik məqamını Dərviş Ahi Hüsrəvşahi vermişdir.
Nemətullah Naxçıvani təqribən 1499-cu ilədək Təbrizdə olmuş, sonra Anadoluya – Ağşəhərə köçmüşdür.
Dərin biliyi, yüksək mənəvi keyfiyyətləri ilə məşhurlaşan Nemətullah Naxçıvani hələ Təbrizdə olarkən ciddi yaradıcılığa başlayaraq böyük əsəri olan “Əl-Fəvatihul-ilahiyyə vəl məfatihul-qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan qeybin açarı və ilahi fəthi”) əsərini yazmışdır. “Qurani-Kərim”in bütün ayələrinin təfsir edildiyi bu əsəri daha çox təsəvvüf ağırlıqlı olmaqla ona böyük şöhrət qazandırmışdır. Müəllif kitabda hər bir surənin məzmununu müvafiq girişlə başlamış, nəticəsini də mükəmməl şəkildə yekunlaşdırmışdır. Əsər üç cilddən ibarət olmaqla, ilk cilddə 13, ikinci cilddə 20, üçüncüdə isə 81 surənin təfsiri və şərhi yer alıb. Bu da ciddi maraq doğurur ki, Nemətullah Naxçıvani məşhur təfsirini qələmə alarkən heç bir ədəbiyyatdan istifadə etməyib, öz fikirlərini sərbəst şəkildə, böyük elmi ustalıqla qələmə alıb. Bu, onu təsdiq edir ki, dahi alim “Qurani-Kərim”i mükəmməl mənimsəmiş və bu dəyərli kitaba böyük hörmət bəsləmişdir.
Nemətullah Naxçıvani zəmanəsinin tanınmış alimi, filosofu, məşhur sufi şeyxi olmuşdur. Əhməd Taşköprüzadə onun adını XV-XVI əsrin məşhur şeyxləri sırasında qeyd edərək yazır: “Allah yolunda xidmət edən ariflərdən biri, dərvişlik və sufilik fəxri olan Baba Nemətullah Naxçıvani özünü xalqdan gizlədirdi. O, rəbbani (ilahi) elmlərdə dərin bilikli olmuşdur. O, “Quran”ın digər təfsirlərinə müraciət etmədən ona təfsir yazmış, orada bir çox şəxslərin dərk etmədiyi incəlikləri və həqiqətləri fəsahətli ibarətlər və bəlağətli ifadələrlə aydınlaşdırmışdır”.
“Qurani-Kərim”in təfsiri islam aləmində ən çətin və hörmətə layiq elm hesab edilir. Təfsir islam elmlərinin ən mühümüdür. Əgər fiqh, hədis, kəlam (ilahiyyat) elmin bu və ya digər sahəsini əhatə edirsə, təfsir, demək olar ki, bütün elm sahələrini əhatə edən sonsuz bir dəryadır.
“Quranın kəlmə və hikmətlərini açıqlayan qeybin açarı və ilahi fəthi” əsəri İslam ədəbiyyatında “Quran”ı təsəvvüfi üsulla təfsir edən ilk əsər hesab edilir. Həm də bu əsər eyni zamanda “Quran”ın ilk fəlsəfi təhlili hesab edilir. Əsər haqqında bəhs edən alimin özü qeyd etmişdir: “Allah-Taalaya and içirəm ki, bu əsəri qələmə alarkən bir sıra xülasə və sənədlərə müraciət edərək yazan, Yaradan və yaradılanlardan bəhs edərkən səhvə yol verən saxta sofilərdən deyildir. Əsərdə nə varsa, hamısı Allah-Taalanın bəxş edib ortaya çıxardığı dəyərli izahlarıdır. Bu əsər “Quran”ın kəlmələrini izah edir”.
Nemətullah Naxçıvaninin “Şərhi əsrarin-nöqtə”, “Hidayətül-ixvan” əsərlərindən başqa, 7 risalə yazdığı da göstərilir. Bu risalələr “Təhqiqat”, “Vücudiyyə”, “Məcmuai-lətaif”, “Hidayə”, “Nikat”, “Mükaşəfə” və “Əsilə vəl əcibə” adları ilə tanınır. Bunlardan əlavə onun İbn-Ərəbinin məşhur “Füsus Əl-hikam” əsərinə “Haşiyə” yazdığı və Bəyzavinin təfsirini yenidən şərh etdiyi haqqında məlumatlar da var.
Nemətullah Naxçıvani əsərlərində təsəvvüfün müxtəlif istiqamətlərindən bəhs etməklə yanaşı, şeir, ədəbiyyat, riyaziyyat, fiqh, nücum, hədis, fəlsəfə, tibb, tarix kimi elmlər haqqında da məlumat vermişdir. Əsərlərində İbn Ərəbini böyük ustad adlandırmışdır. Nemətullah Naxçıvani İbn Ərəbinin tərəfdarı olub, onun vəhdəti-vücud görüşünü mənimsəmişdir. Sufizmdə panteist sistemin yaradıcısı İbn Ərəbinin “Füsus Əl-hikam” əsərinə çoxsaylı təhlillər yazılmışdır. Həmin təhlillərdən biri də Nemətullah Naxçıvaninindir. Onun təhlilinə diqqət yetirdikdə müəllifin İbn-Sina, İbn-Rüşd, Sührəvərdi, Fəxrəddin Razi, İbn əl-Fərid kimi filosofların yaradıcılığına dərindən bələd olduğu açıq hiss olunur.
Nemətullah Naxçıvaninin əsərləri içərisində Azərbaycanın məşhur mütəfəkkiri və sufi şairi Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” əsərinə yazdığı şərh xüsusi əhəmiyyətə malikdir. Təsəvvüfə dair bu əsər mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Nemətullah Naxçıvani əsərə yazdığı şərhdə Şəbüstərinin nəzəriyyəsini, varlığın vəhdətini Quran surələrinə nisbətdə nəzərdən keçirərək ətraflı təhlil etmişdir. O, M.Şəbüstərinin Quran ayələri ilə mövcudatın mərtəbələri arasındakı müqayisəsini, ayələrin əqlə, nəfsə, göyə, ulduzlara müvafiqliyini yüksək qiymətləndirmişdir. Nemətullah Naxçıvani insan nəfsini universal nəfs ilə bir tutub, onu bütün aləmə aid edirdi. O da varlığın dərk edilməsində zahiri cəhətləri qavramağı şəriətə, daxili cəhətləri dərk etməyi isə həqiqətə bağlayırdı.
Nemətullah Naxçıvaninin mühüm əsərlərindən biri “Şərhi əsrarin nöqtə” adlanır. Əsər vəhdəti-vücud anlayışının şərhindən ibarətdir. Nemətullah Naxçıvani bu əsərində Əli Şihabəddin əl-Həmədaninin əsərini şərh etmiş, nöqtəvilikdən bəhs etmişdir.
Nemətullah Naxçıvaninin başqa bir əsəri “Hidayətül-ixvan”dır (“Dost-qardaşlara yol göstərmə”). Təsəvvüf qardaşlığının İslam fəlsəfəsini yaradan bu əsər çox qiymətli mənbə hesab edilir. Ərəbcə qələmə alınmış əsərin əvvəlində Nemətullah Naxçıvaninin həyatı, təriqəti, əsərləri haqqında məlumat verilmişdir. Əsər giriş, 16 bölüm, nəticə və mənbələrdən ibarətdir. Doktor Əqidi yazır ki, Mövlana Nemətullah dövrünün alimlərindən idi və onun Allahın varlığı haqqında bir traktat, təsəvvüf haqqında “Hidayətül-ixvan” adlı elmi əsəri vardır. Müəllifin bu risaləsində ancaq varlıq mövzusu işlənməmiş, həm də dinin zahiri və həqiqəti, cənnət-cəhənnəm, əxlaq və heyrət, mürşid, kamil insanın vasitələri kimi bir çox məsələlər təsəvvüf yönündə şərh edilmiş və bütün məsələlərə “ihvani” (qardaşlarım) deyərək başlanılmışdır. Əsər İhvana tövsiyə xarakterindədir. Katib Çələbi Nemətullah Naxçıvaninin “Hidayətül-ixvan”ından danışarkən onu “təsəvvüf mövzusunda möhtəşəm bir əsər” adlandırmışdır.
Nemətullah Naxçıvani əsərində kamil insan anlayışına xüsusi yer vermişdir: “Aləmin bütün xüsusiyyətləri insanda mövcuddur. Kamil-insan mərtəbəsi uca Allahın müəyyən etdiyi ən gözəl görünüşdür. Kamil insan yaxşı sözə, yaxşı hərəkətə, yaxşı əxlaqa və məlumata tam yiyələnən varlıqdır. İnsan bədənindəki hər şey dünyada olan bir varlığa uyğun olur. Dünyada nə varsa insanda da vardır...”.
Ümumiyyətlə, Nemətullah Naxçıvani “Hidayətül-ixvan”da çox ciddi islami kəlamları şərh edib, “Qurani-Kərim”in fərqli şəkildə təhlilini verib. Bununla yanaşı, hikmət sahiblərini, alimləri, filosofları İslama çox ciddi yanaşmağa çağırıb. Bu sufizmə aid ilk tənqidi əsərlərdən biridir.
Nemətullah Naxçıvaninin əsərləri onu böyük türk-islam alimi kimi tanıtmış, hətta öz dövründə alimlərin ən fəzilətlilərindən biri olduğunu göstərmişdir. Elmi fəaliyyətlə yaradıcılığı həmahəng aparan Nemətullah Naxçıvani elmi – elmi hüzuri və elmi husuli deyə iki yerə ayırır. Onun fikrincə, elmi hüzuri müəyyən araşdırma aparılmaqla Allahın lütfkarlığı ilə qazanılan elmdir ki, buna bəzən lədünnü elm, yaxud vəhy elm də deyilmişdir. Bu elmi böyük Yaradan arzu etdiyinə qismət edər. Tədqiqatçıların heç də hamısı bu elmə malik ola bilməz. İkinci elm isə, yəni elmi husuli isə peyğəmbərimizin, alimlərin söhbətində olaraq əldə edilən elmdir.
Şərqin böyük filosofu və mütəfəkkiri səviyyəsinə yüksələn Nemətullah Naxçıvaninin yaradıcılığında qədim türk sivilizasiyası ilə islam dini dünyagörüşü vəhdət təşkil etmişdir.
Beləliklə, aydın olur ki, Nemətullah Naxçıvani dövrünün böyük alimi, mütəfəkkiri və sufi şeyxi kimi öz təmiz əxlaqı, saf həyat tərzi, sözü ilə əməlinin bir olması, ən başlıcası isə mükəmməl əsərləri ilə xalq arasında böyük nüfuz və dərin hörmət qazanmışdır.
Görkəmli alim və mütəfəkkir Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında Sərəncam verdiyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədrinə muxtar respublika ziyalıları və elm adamları adından dərin minnətdarlığımızı bildiririk.
İSMAYIL HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri,
akademik