Fövqəladə Hallar Nazirliyi Novruz bayramında yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edir
Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı şənliklərinin ən xoş duyğularla yaddaşlarımıza həkk olunması üçün bir çox təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı tələblərə də əməl etməliyik. Novruz bayramında əhali tərəfindən pərakəndə halda tonqallar yandırılan zaman ətrafda olan yanan materiallar, mühəndis-texniki qurğular, qaz xətləri nəzərə alınmalı, bayram şənlikləri zamanı tonqallar söndürülənədək nəzarətdə saxlanılmalıdır. Unutmaq olmaz ki, zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş tonqalın közü yanğına səbəb ola bilər.
Yanar maddələrin hopdurulması ilə hazırlanan məşəllərin azyaşlı uşaqlar tərəfindən havaya atılaraq şənlənmələri nəticəsində ehtiyyatsızlıq ciddi yanğınlara səbəb ola bilər. Belə ki, həmin məşəllər evlərin dam örtüklərində və ya həyətyanı sahələrə yığılmış yanar materiallarda, taxta çəpərlərdə, ot tayalarında yanğın təhlükəsi yarada bilər. Uşaqlar adət-ənənələrimizə uyğun olaraq tonqalların üzərindən atılarkən də özlərini yanğından qorumalıdırlar. Bunun üçün bayram tədbirlərində xüsusən də tonqal ətrafında, əyləncə və şənliklərdə azyaşlı uşaqlar valideynlərinin nəzarəti altında olmalıdırlar. Uşaqlar həmçinin oyuncaq partlayıcılarından, protexniki vasitələrdən və fişənglərdən isifadə etməməlidirlər. Bütün bunlar azyaşlı uşaqların həyat və sağlamlığı üçün təhlükə yaradır.
Tonqallar qalanan zaman uşaqları nəzarətsiz buraxmaq olmaz, tonqalın yerinin düzgün seçilməsinə də xüsusi fikir verilməlidir. Belə ki, tonqalın elektrik yaxud telefon xətlərinin altında, eləcədə ağaclıq və quru otluq sahələrə yaxın yerləşdirilməsi təhlükəli ola bilər. Tonqallar həddindən artıq hündür qalanmamalıdır. Tonqalları yandırarkən köhnəlmiş avtomobil şinlərindən və maye yanacaqlardan istifadə edilməməlidir. Tonqal ilə aramızdakı təhlükəsizlik məsafəsinin saxlanılmasına fikir verin, belə ki, bayram tonqalları yaşayış evlərindən, başqa yardımçı tikililərdən, ot-saman tayalarından maksimum təhlükəsiz məsafədə qurulmalıdır.
Güclü külək zamanı ümumiyyətlə çalışın, tonqal yandırmayın. Təhlükəsizlik həddini gözləmədən tonqal üzərindən tullanmayın, tonqalın tam söndüyünə əmin olun.
Bayram tədbirləri zamanı əhali ilə yanaşı müəssisə və təşkilatlar, xüsusən də təhsil, mədəniyyət və məktəbəqədər tərbiyə müəssisələri yanğın təhlükəsizliyi qaydalarına nəzarəti daha da gücləndirməlidirlər.
Vətəndaşlara bir daha tövsiyə edirik ki, milli bayramımız olan Novruz bayramı günlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilsin. Hər hansı bir yanğın hadisəsi ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin “101” xidmətinə məlumat verilməsi xahiş olunur.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti