Soyuq, ayazlı-şaxtalı qışdan sonra ana təbiətin oyanışının, həzin baharın gəlişinin müjdəçisi olan Novruz bayramı qədim dövrlərdən bəri Oğuz, Türk və bir çox Şərq xalqlarına miras qalan ən qədim bayramlardan biridir. Bahar bayramı hesab edilən Novruz xeyirxah hisslərin, insani emosiyaların, mərdliyin, dostluğun tərənnümü, ruzi, bolluq, əmək bayramıdır. Ümumən götürdükdə Novruz təmizlik, saflıq, gözəllik bayramıdır. Bu gözəl bayram, tonqalları, göz oxşayan, könül tərpədən noğul-nabatlı xonçaları, yamyaşıl səmənisi, xoş niyyətləri, tumurcuq diləkləriylə tanınır, arzulanır və sevilir.
Qədim tarixi adət-ənənəyə və zəngin mədəniyyətə malik olan xalqımızın qədim dövrlərdən daşıyıb bu çağlara gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının da xüsusi yeri vardır. İbtidai dövrə məxsus ilkin dünya duyumu və mifoloji inanclardan qaynaqlanan yaz fəslini-yeni başlanğıcı qarşılama mərasimi yüzillikləri əhatə edən tarixi təkamül prosesi yekununda zəngin mədəni-mənəvi keyfiyyətlər qazanaraq böyük miqyasa malik milli bahar bayramına - Novruza çevrilibdir.
Astroloji proseslərin ardıcıllığı, xalqımızın kosmik bilgiləri ilə birləşərək hələ ta qədimdən vaxt hesablanması, Böyük və Kiçik çillələrin ortaya çıxması, hər birinin xüsusi diqqət və özünəməxsus şəkildə qeyd edilib yaza doğru yol alması çağdaş dövrümüzə qədər bilinməkdədir.
Böyük çillə hesab edilən bu tarix uzun qış gecələrinin 21 dekabrdan hər gün 1 dəqiqə irəli çəkilməsi ilə bağlıdır. Qırx gün Böyük çillədən hesab edilir. Bu tarixin başlanğıcında yayın son məhsulu olan qarpız kəsilməsi adətdəndir.
Otuz yanvar artıq Kiçik çillənin başlanğıcıdır. Bu tarix iyirmi gün davam edir. Kiçik çilləyə “odlu-alovlu”, “yamanca çillə” deyərlər. Çünki Kiçik çillə ərzində hava şaxtalı-boranlı, qarlı-çovğunlu olar.
Kiçik çillənin ilk ongünlüyündə artıq elin digər adəti, qışın bitməsini bildirən “Xıdır Nəbi” qeyd edilir, qışdan sona qalan buğda, noxud, ləpə, küncütdən qovurqa hazırlanır. Və nəhayət Novruz müjdəçisi çərşənbələr başlayır. Təbiətin “qara qış”dan çıxmağının və yazın gəlişinin əlaməti olan çərşənbələr qeyd edilir.
Bəhs edilən çərşənbələr iki yerə ayrılır: “Oğru çərşənbələr” və “Doğru çərşənbələr”. Novruz çərşənbələrinin toplam sayı bir çox folklor ədəbiyyatlarında bildirildiyi kimi dörd deyil, yeddidir. Yeddi olmasına baxmayaraq, əsas hesab edilən su, od, külək və torpaq elementləri çərşənbə olaraq da qeyd edilir.
Digər üç çərşənbənin “oğru” adlandırılması Kiçik çillə boyu yazın əlamətlərini gizlində oğurlayıb gətirməsində görülür. İnanca görə, oğru çərşənbələrdə yazın nəfəsi ara-sıra əsən isti küləkdən, günəşli səhərlərdən, ağaclara toxunulmuş mehdən oğrunca xəbər verər. Bundan sonra olan çərşənbələr “doğru çərşənbələr”dir. Folklor inancına görə, doğru çərşənbələrdə yazın nəfəsi növbəylə suyun, ağacların torpağın canına hopub onları oyadır. Bu Novruz çərşənbələri “su”, “od”, “külək” və “torpaq” çərşənbələri adı altında özünü göstərir.
Hər çərşənbə zamanı evlərdə təmizlik işlərinin aparılması, yalnız evlərin deyil, həyət-bacanın da təmizlənməsi, yeni paltarların bayrama hazırlanması adətdəndir. İlk çərşənbə başlandıqda buğda, arpa, mərcimək, mixək kimi paxlalılardan “səməni” əkilir.
Novruz mətbəxi də rəmziliyini itirmir. Süfrələrin şahı plov, dolma, paxlava, şəkərbura, qoğal, badambura və rəngli yumurtalar, yeddi şamlı xonçalar olur.
Tonqal qalanması, yaxınların bu tonqal ətrafına yığışması, ağrı-acının köhnə ildə qalması diləyi ilə tonqal üzərindən atlanması da bu bayramın simvollarındandır. Bayramın səhəri “axır çərşənbə” suyundan atlamaq, o sudan əl-üz yumaq, içmək, qablarda növbəti il üçün saxlamaq adətdir.
Bayramın özünəməxsus nemətləri ilk əvvəllər “Ş” hərfi ilə başlayan nemətlər olub. Bu dönəm Zərdüştlüyün geniş miqyasda olması və nemətlərin daxildə şərabın olması ilə bağlı olub. Zamanla İslam dininin yayılması və şəraba qadağa qoyulmasından sonra “Ş” hərfi “S” hərfi ilə əvəz edilibdir.
Nemətlərin yeddi sayında olması isə elə məhz “oğru” və “doğru” çərşənbələrin ümumi sayından gəlməkdədir. Səməni, süd, səbzə, sumaq, sünbül, soğan, sarımsaq və bu kimi başqa “s” hərfi ilə başlanan digər nemətlər də süfrələrdə rəmzi xarakter daşıyar.
Günümüzdə keçirilən Novruz bayramının bir çox adətləri artıq həyata keçirilməsə də, bayram öz sevinc və həyəcanını el-obalarımıza gətirməkdədir. Belə qədim bayramlarımız, xalqımızın qədim tarixə, mədəniyyətə malik olduğunu göstərməkdədir.
Novruz bayramı YUNESKO tərəfindən 2009-cu il 30 sentyabr tarixində qədim irsimizin qeyri-maddi mədəni irs siyahısına əlavə edilməsi gələcək nəsillərə azad, qeyri-siyasi şəkildə ata-baba mirası olaraq ötürülməsinə zəmin rolu oynadı. BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 23 fevral 2010-cu il tarixində mart ayının 21-i üçün "Beynəlxalq Novruz Günü"nün rəsmiləşdirilməsi də artıq bu bayramın əbədiyyətindən xəbər verir.
Aytac Kamal
Naxçıvan Dövlət Universiteti II kurs magistr tələbəsi