Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycan keçmiş İttifaqın aqrar əlavəsindən kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikalardan birinə çevrilmişdir. Həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının elmi əsaslarla inkişafı nəticəsində bu sahədə zəngin təcrübə formalaşmışdır. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkədə baş verən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan bu infrastruktur da tamamilə dağıdılmışdır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli lider isə kənd təsərrüfatının inkişafının vacibliyini daim ön plana çəkmiş, bununla bağlı mühüm qərarlar qəbul etmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmışdır. 1993-2003-cü illərdə isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, uğurlu islahatlar həyata keçirilmiş, qanunvericilik bazası yaradılmışdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatının inkişafını diqqətdə saxlayır. Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində saxlanılır. Aparılan islahatlar bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafı üçün geniş imkanlar açmışdır. 2000-ci ildə muxtar respublikada torpaq islahatı başa çatdırılmış, 72 min 758 ailəyə 56 min 372 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaradılmış, bol məhsul istehsalının əsası qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan vermiş, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uğurlu nəticələr qazanılmışdır.
Muxtar respublikada əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması, əkinçiliyin inkişafında yeni istiqamətlər açmış, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olmuşdur. 2018-ci ilin məhsulu üçün muxtar respublikada 61 min 935 hektar sahədə əkin aparılmışdır. Cari ilin 9 ayı ərzində muxtar respublikada 104 min 413 ton dənli və dənli-paxlalı, 10 min 256 ton dən üçün qarğıdalı, 760 ton dən üçün günəbaxan, 33,9 ton tütün, 72 min 816 ton tərəvəz, 48 min 473 ton kartof, 36 min 621 ton bostan məhsulları, 39 min 780 ton meyvə, 9 min 848 ton üzüm istehsal olunmuşdur. Bir neçə məhsul növü üzrə yığım hazırda davam etdirilir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsi məqsədilə meyvəçiliyin inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhali tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır. Yeni və ənənəvi meyvə sortlarından ibarət bağların salınması da davam etdirilir.
Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin edilməsi əkinçiliyin inkişafını təmin edən əsas amillərdən biridir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, qapalı suvarma şəbəkələri qurulur, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. 2015-ci ildə Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi, 2016-cı ildə Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsini əhatə edən yeni suvarma şəbəkəsi və 2017-ci ildə isə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 407 hektar torpaq sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir. Bununla yanaşı hazırda Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 600 hektar sahəni əhatə edəcək yeni qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir.
Yüksək keyfiyyətli qida məhsullarının, xüsusilə süd və ət məhsullarının əldə olunması məqsədilə heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Əsasən, düzən yerlərdə heyvandarlığın ətlik-südlük istiqaməti inkişaf etdirilir. Bunlar da muxtar respublikada mal-qaranın baş sayının artırılmasına və əsas növ heyvandarlıq məhsullarının istehsalının çoxalmasına imkan yaradır. Hazırda muxtar respublikada iribuynuzlu mal-qaranın baş sayı 117 min 969-a, xırdabuynuzlu heyvanların sayı isə 728 min 733-ə çatdırılmışdır. Cari ilin ötən dövründə 15 heyvandarlıq, 2 quşçuluq təsərrüfatı yaradılmış, bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə ümumilikdə 4 milyon 530 min manatdan artıq güzəştli kredit verilmişdir ki, bunun da 3 milyon 872 min 600 manatı heyvandarlığın inkişafı üçün ayrılmışdır.
Əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün Dövlət Baytarlıq Xidməti tərəfindən də tədbirlər həyata keçirilir. Əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən sistemli tədbirlər nəticəsində qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, heyvan mənşəli xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması prosesləri uğurla davam etdirilir.
Heyvandarlığın inkişafında əsas amillərdən biri də cins tərkibin yaxşılaşdırılması və süni mayalandırma tədbirlərinə üstünlük verilməsidir. Bu iş muxtar respublikada daim diqqətdə saxlanılır, baytarlar süni mayalandırma avadanlıqları ilə təmin olunurlar. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu il heyvandarlıq təsərrüfatlarında süni yolla 8 min 422 baş inək, düyə və camış mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 6 min baş sağlam bala alınmışdır. Hazırda Babək rayonu ərazisində yeni suni mayalandırma mərkəzinin tikintisi davam etdirilir. Suni mayalandırma mərkəzi istifadəyə verildikdən sonra heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində daha geniş imkanlar olacaq. Əhalinin balıq əti ilə təmin olunması istiqamətində də əsaslı işlər görülmüşdür. Hazırda muxtar respublikada balıq yetişdirilməsi ilə bağlı 16 təsərrüfat fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsidir ki, 2018-ci ilin 9 ayı ərzində diri çəkidə ət istehsalı 18 min 630 ton, süd istehsalı 71 min 178 ton, yun istehsalı 895 ton, yumurta istehsalı isə 75 milyon 729 min ədəd olmuşdur.
Muxtar respublikada 71 min 66 arı ailəsi vardır. Bu sahə üzrə dövlət proqramının qəbul olunması, istehsal olunan balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Arıçılıq məhsulları-bal” festivalının keçirilməsi arı ailələrinin çoxalmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olmuşdur.
Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmasının böyük rolu vardır. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, həm də şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə 2373 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilmiş, onlardan 1856-sı nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara satılmışdır. Alınmış texnika və aqreqatların 319-u cari ilin 9 ayında gətirilmişdir. Mövcud texnikalar kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı güzəştlərin tətbiqi isə bu sahədə fəaliyyətin səmərəli təşkilinə hesablanıb.
Əkinçilikdə məhsuldarlığın yüksəldilməsi üçün vacib amillərdən biri torpaqların qida maddələri ilə təminolunma dərəcəsinin müəyyən edilməsidir. Bu məqsədlə əkindən əvvəl müvafiq qaydalar uyğun olaraq götürülmüş torpaq nümunələri laboratoriya analizindən keçirilməlidir. Bu istiqamətdə muxtar respublikada mühüm tədbirlər həyata keçirilmiş, nazirliyin “Araz” Elm İstehsalat Birliyi, Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi üçün yüksək standartlara cavab verən yeni inzibati bina tikilmiş, birliyin nəzdində müasir avadanlıqlarla təchiz edilmiş regional Aqrokimya laboratoriyası yaradılmış, toxumçuluq laboratoriyası yeni avadanlıqlarla təchiz olunmuşdur. Yeni binada işçilərə yüksək iş şəraiti yaradılmış və müasir avadalıqlarla təchiz edilmişdir. Bundan sonra öz əkin sahələrindən götürülmüş torpaq nümunələri yeni yaradılmış laboratoriyada dəqiqiliklə analiz ediləcəkdir.
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkil edilməsi, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Ötən dövr ərzində məhsul istehsalçıları 5 min 82 ton mineral gübrə ilə təmin olunmuşdur. İstehsal olunan I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, eləcə də əkin sahəsinin hər hektarına fermerlərə 50 manat yardım, buğda istehsalçılarına əlavə 40 manat verilməsi taxıl istehsalına marağı daha da artırmışdır.
Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 14 min 245 ton olan 33 soyuducu anbar və sahəsi 129 min 162 kvadratmetr olan 22 istixana kompleksi fəaliyyət göstərir. Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər də görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Artıq bir neçə ildir ki, istehsalçıların istehsal etdikləri məhsulların satışını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir. Bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasında həlledici rol oynayır. Etibarlı ərzaq təminatının yaradılması hesabına ixrac potensialı da artırılmış, 2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikadan 85 milyon 784 min 300 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə-tərəvəz məhsulları ixrac olunmuşdur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ötən dövrdə muxtar respublikada 352 milyon 466 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.
Aqrar sahənin inkişafı muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyəti üçün geniş imkanlar açır. İstər məhsul istehsalı və satışı üçün yaradılan şərait, istərsə də texnika təminatı və dövlət maliyə dəstəyinin göstərilməsi ailə təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının əksər hissəsinin aqrar sahə üzrə ixtisaslaşması daxili bazarın keyfiyyətli yerli məhsullara təminatına öz töhfəsini verir.
Muxtar respublikada kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində Kənd Təsərrüfatı nazirliyinin qarşısına qoyulan vəzifələr bundan sonra da diqqət mərkəzində saxlanılacaq, ardıcıl tədbirlər həyata keçiriləcəkdir.