Ötən dövrdə muxtar respublikamızın bütün bölgələrində özünüməşğulluğu təmin edən yüzlərlə ailə təsərrüfatları fəaliyyətə başlayıb. Dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsi, əldə olunan məhsulun satışı üçün yaradılmış şərait təsərrüfat sahiblərini daha da ruhlandırıb. Haqqında bəhs edəcəyimiz ailə təsərrüfatı sahibi də muxtar respublikada yaradılmış şəraitdən lazımınca yararlanaraq öz təsərrüfatını quran və ildən-ilə genişləndirən zəhmətkeş insanlardan biridir.
NUHÇIXAN xəbər verir ki, AZƏRTAC-ın verdiyi məlumata görə, orta yaşlarında olan Cəmşid Həsənovu Babək rayonunun Nehrəm kəndində tanımayan yoxdur. Hər kəs onu zəhmətkeş insan kimi tanıyır. Uşaq yaşlarından atası, qardaşları ilə birgə Nehrəm kəndinin ovaxtkı ictimai təsərrüfatının torpaq sahələrində bostan-tərəvəz məhsulları əkib-becəriblər. 13-14 yaşlarında isə bu işdən özü müstəqil şəkildə pul qazanmağa başlayıb.
Cəmşid Həsənovla söhbət zamanı deyir: “Uşaqlıq və gənclik illərim Naxçıvanın ən ağır günlərinə təsadüf edib. Ötən əsrin 90-cı illərində muxtar respublikanın blokadaya salınması naxçıvanlıları çox çətin vəziyyətdə yaşamağa məcbur etmişdi. Hər kəsin əli torpaqdan soyumuşdu. Su çatışmazlığı, texnika qıtlığı, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi kəndlinin problemlərini birə-beş artırmışdı. İnsanların sabaha ümidi qalmamışdı. O vaxt ümummilli liderimiz, böyük şəxsiyyət Heydər Əliyevin Naxçıvana gəlişi həyatımıza böyük dəyişikliklər gətirdi”.
O, söhbətinə davam edərək bildirir: “Nehrəmin torpaqları bostan-tərəvəz məhsulları üçün əlverişli olduğundan hər il bu məhsullardan daha çox əkməyə başladıq. Ancaq düzünü deyim ki, qazancımız, sadəcə, dolanışığımızı təmin edirdi. Çünki böyük sahələri əkmək üçün gücümüz yetmirdi, eyni zamanda, əkib-becərdiyimizi də sata bilmirdik. Çoxları o dövrdə qazanc dalınca müxtəlif yerlərə üz tutdular. Biz isə torpağa bağlı insanlar idik, bütün çətinliklərə dözdük və bu günümüzə gəldik. İndi, şükürlər olsun ki, dövlətimiz əkinçinin yanındadır. Baxın, son illərdə muxtar respublikamızda su anbarları yenidən qurulub, nə qədər susuz sahələrə yeni kanallar, su xətləri çəkilib. Bizim bu Nehrəm kəndinin əkin sahələri az deyil, hamısı da yararlı torpaqlardır. İndi Heydər Əliyev Su Anbarından Pircuvar ərazisinə daimi su gəlir. Bunun nəticəsidir ki, illərlə orada əkilməyən sahələr indi məhsul verir”.
Cəmşid Həsənovdan nə əkdiyini soruşuruq. Deyir ki, bu il 150 hektar sahədə taxıl əkib. Onun 12 hektarı arpa, qalanı isə buğda olub. Yaxşı da məhsul götürüb – hektara 28-30 sentner. Bundan əlavə, böyük bir sahədə bostan məhsulları yetişdirib, 2 hektarda tərəvəz, 2 hektarda isə noxud əkib. Deyir ki, tədarük etdiyi bostan və tərəvəz məhsullarının satışını Naxçıvan-Culfa magistral yolunun kənarında torpaq mülkiyyətçiləri üçün ayrılmış ərazidə təşkil edib. Məhsulun böyük hissəsi isə şənbə və bazar günləri Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı yarmarkalarında alıcılara təqdim edilir. Müsahibimiz onu da bildirib ki, bu il satışa 80 tona yaxın qarpız-qovun, həmçinin tərəvəz məhsulları çıxarıb.
Onun sözlərinə görə, son 3 ildə tomat da istehsal edir. Hazırda rayon ərazisində, eləcə də Naxçıvan şəhərindəki bir çox ərzaq mağazalarında satışa çıxarılan həmin tomatlar keyfiyyəti ilə seçilir.
Təsərrüfatçı müsahibimiz pomidor və xiyar turşularının qablaşdırılması ilə də məşğuldur. Bildirir ki, bu il havaların çox isti keçməsinə baxmayaraq, sahələrdən bol tərəvəz məhsulları əldə edib. Hətta taxıl biçini yekunlaşdıqdan sonra həmin sahələrdə yenidən şum apararaq pomidor əkib. Artıq həmin pomidorlar oktyabr ayının ortalarından başlayaraq turşuluq məqsədilə sahələrdən yığılır. Cəmşid Həsənov bu il həm də 10 hektar ərazidə kartof əkib, yaxşı da məhsul əldə edib.
Cəmşiddən böyük zəhmət tələb edən bu işlərin öhdəsindən necə gəldiyini soruşuruq. Qeyd edir ki, həyatda uğur qazanmağın əsas yolu məşğul olduğun işi sevməkdir: “Bayaq dediyim kimi, uşaqlıqdan əkinçiliyə maraq göstərmişəm. Həm də ailəmizdə hər kəs əkin-biçinlə məşğul olub, necə deyərlər, çörəyimiz bundan çıxıb. İndi bu işi yenə də davam etdiririk. İşin öhdəsindən necə gəldiyimə qaldıqda isə bu yerdə ən böyük köməkçilərim ailə üzvlərimdir. Bunu da deməliyəm ki, əkdiyimiz sahələr böyük olduğundan mövsümlə əlaqədar işə kəndimizdən və yaxud rayonumuzun digər kəndlərindən yeni işçi qüvvəsi cəlb edirəm. Digər vaxtlarda, həmçinin məhsulların qablaşdırılmasında ailə üzvlərimiz də iştirak edir. Bu gün ailə təsərrüfatlarına dövlət tərəfindən lazımi kömək göstərilir. Yanacaq, əkin üçün gübrə, güzəştli kreditlərin verilməsi biz təsərrüfatçılar üçün böyük dəstəkdir. Şəxsən mən belə güzəştli kreditlərdən yararlanaraq işlərimi xeyli sürətləndirmişəm. İndi, şükürlər olsun, əkin-biçin üçün şəxsi texnikalarımız da var. Öz zəhmətimizlə qurub-yaratdığımız təsərrüfatı daha da genişləndirməyə çalışırıq. Bununla bazarda yerli məhsulların həcminin artmasına öz töhfəmizi veririk”.
“Bu gün kənd təsərrüfatı işçiləri günüdür. Fürsətdən istifadə edərək, mən də kənd əməkçilərini təbrik edir, onlara bol məhsul arzulayıram. Dövlətimiz biz kəndlilərə hər cür şərait yaradıb. Çalışıb bu imkanlardan yararlanmalı və ölkəmizin inkişafına öz töhfəmizi verməliyik”, - deyə Cəmşid Həsənov bildirib.
Fermer sonda onu da vurğuladı ki, torpaq heç kəsi ümidsiz qoymur. Ancaq deyir ki, “sən mənə tər ver, mən sənə zər verim”. Çalışmaq isə insana həm sağlamlıq bəxş edir, həm də gəlir gətirir.