Bir dəfə Ordubadda - FOTOLAR

A- A A+

Yaşadığımız torpağın hər guşəsi bizim üçün cənnətin bir parçası, yaradılışın bir hədiyyəsi, rahatlıq tapdığımız doğma yerlərdir. Biz bu torpağın övladlarıyıq. Doğulduğumuz gündən ta indiyə qədər - yaşadığımız hər an - bu diyarın havasını udmağa və onu məhəbbətlə sevməyə davam edirik. Biz bu torpağın hər qarışında tarixdən bir iz, müasir mədəniyyətdən bir parça və ənənələrdən yoğrulmuş həyatlar görürük. Ənənələri əbəs yerə xatırlatmadım. Burda qonaqpərvərlik də var, keçmişdən qalan hər şeyi - hətta yemək növlərini belə yaşatmaq da. Bir də bunları tanıtmaq, təbliğ etmək və daimiliyini qorumaq üçün çalışmaq lazımdır.

Ordubad təkcə Naxçıvan bölgəsində yox, hətta bir az da irəli gedib, demək olar ki, bütün ölkədə tarixiliyi ilə seçilən bir yurd yeridir. Ənənəvi mətbəxi, özünəxas ənənələri və bu adətləri qorunub saxlayan insanları ilə. Xüsusilə Novruzqabağı çərşənbələr, onların hər birinə aid inam və inanclar sistemi, möhtəşəm mətbəxi və üstəgəl ordubadlı qonaqpərvərliyi bu yurd yerini ilin hər dönəmində olduğu kimi bayramqabağı da ziyarət etməyi zəruri  edir.

Ordubadlı dostlarımın dəvəti ilə müxtəlif vaxtlarda bu yurdun ayrı-ayrı yaşayış məskənlərində olub sadaladıqlarıma şahidlik etmişəm. Dil gərək göz gördüyünü danışa - deyiblər.

Həftəsonu gənclərlə bir araya gələrək Ordubad rayonunun Yuxarı Əndəmic kəndində qonaq olub, buranın tarixi, insanları və zəngin mətbəxi ilə tanış olduq. Necə deyərlər, bir çörəyə əl uzatdıq, doğmalaşdıq, nənələrimizlə söhbətləşdik. Yuxarı Əndəmicdə qonaq olduğumuz dostumuzun ailəsi ilə tanışlıq və onlarla birlikdə müəyyən bir zaman keçirmək Ordubad ənənələri və mətbəxinə aid yeni detalları öyrənməyə imkan verdi.

Novruzqabağı çərşənbələr ərəfəsində baş tutan görüşümüzdə yaza doğru isinməyə başlayan günəşin həm səfərimizə, həm də münasibətlərimizə ilıq bir istilik qatması sanki Novruzun dostluq, yoldaşlıq, mehribanlıq ənənələrinə də bir işıq tuturdu. Evlərində qonaq olduğumuz Föqiyə ana bizə Ordubad mətbəxinin ən ləziz təamlarını hazırlamaqla yanaşı, onların hazırlanma və özünəxas təqdimetmə qaydalarından da zövqlə danışdı.

Məşhur Ordubad qayğanağını bizə təqdim edən anamız deyir ki, bayramqabağı süfrələrin bəzədilməsi üçün daha çox təamlar hazırlanır. Siz onda bizim mətbəxin zənginliyinə daha çox şahidlik edə bilərsiz. Müxtəlif meyvə quruları ilə yanaşı, qayğanaq, sucuq, cəviz mürəbbəsi, bu torpağa xas içi cəvizlə, cəviz qarışıq şəkər tozu ilə doldurulmuş meyvə quruları Ordubadda çay süfrələrinin olmazsa olmazlarındandır. Bu ləziz nemətlər ordubadlı xanımların əl səliqəsi və mətbəx bacarıqlarını əyani şəkildə göstərməklə yanaşı, eyni zamanda mətbəxin dəyərli nümunələrini də təqdim etməyə qadirdir. Şərbətlə hazırlanmış və süfrəyə təqdim olunanda da üzərinə limonlu şərbət əlavə olunan qayğanağın istər görünüşü, istər təqdim edilməsi vizual bir ziyafət yaradaraq gözlərə xitab edirsə, ləzzətiylə də yeni bir damaq dadı kəşf elətdirir.

Föqiyə ananın qonaqları üçün hazırladığı Ordubad mətbəxinə xas ənənəvi ləzzətlərdən biri də məşhur maş şorbası idi. Deyir-  maş şorbasının hazırlanma üsulunu Sara nənəmdən öyrənmişəm. Yuxarı Əndəmic kəndində onun hazırladığı maş şorbası daha məşhur idi. O da nənəsindən öyrənmişdi. Hazırladığı yeməyin içinə heyva və cəviz də əlavə edərdi. Elə indi mən də onun qaydası ilə hazırladığım maş şorbasını sizə təqdim edəcəyəm ki, dadına baxıb fikrinizi deyəsiz. Heyvalı, cəvizli, alçalı, ərikli, soğanlı, qovurmalı - əsl Ordubadın maş şorbasının və yenə bu mətbəxdə hazırlanan ləziz təamlardan olan Ordubadsayağı soğan dolmasının  ilk dəfə dadına baxdıq.

Föqiyə ananın maş şorbasını süfrəyə təqdim etmə şəkli də xüsusilə maraqlı idi. Naxçıvanın müxtəlif bölgələrində yeməyin suyuna quru lavaşın doğranılıb yeyilməsi, dənlərinin isə ayrı yeyilməsi ilə qarşılaşmaq olar. Nehrəm qəsəbəsində hətta hüzr mərasimlərində təqdim edilən ehsan sulu yemək olduqda eynilə bu qaydada təqdim edilir; bir qabda yeməyin suyu ilə isladılıb dadlandırılmış quru lavaş, digər qabda isə əti, kartofu, noxudu və s. Bu dəfə isə bu üsulun daha fərqli variantı ilə rastlaşdıq. Föqiyə ana böyük bir qabın içinə doğradığı quru lavaşların üzərinə maş şorbasının suyunu gəzdirdi, sonra isə onu ayrı-ayrı boşqablara bölüb fərdi, yeməyin kartofunu, ətini, lobyasını, əriyini, alçasını, soğanını, cəvizini isə böyük bir qaba yığaraq ümumi şəkildə süfrəyə verdi. Onun Ordubad ləhcəsi isə süfrəyə ayrı bir doğmalıq qatdı.

Ordubad mətbəxində hazırlanan daha bir nemət - üzüm turşusunu da ilk dəfə burda gördük. Ordubadlı xanımlar üzüm turşusunu məhz Novruzqabağı çərşənbələrdə plovla süfrəyə vermək üçün hazırlayırlar. Deməli, bu torpağın qadınları növbəti ilin çərşənbələri, Novruz bayramı üçün hazırlığı az qala bir il əvvəldən başlayırlar. Bu isə el bayramının bu diyarda nə qədər sevildiyini və təntənə ilə qeyd edildiyini göstərir.

İncidən incidir, hər şeyi ilə gözəl Ordubad. Bu torpağa hər səfərimizdə fərqli nələrsə öyrənirik. Novruzqabağı səfərlərdən daha birini, Ordubadın Anaqut kəndinə olan səfərimizi xatırlayıram.  Bizi min şirin sözlə, xoş dil və böyük qonaqpərvərliklə qarşılayan Anaqutlu Vəfa xanım mətbəx yaradıcılığı, qoçaqlığı ilə tanınır.

Samovara od salıb qaynatmış, üzərinə min cür nazu-nemət düzülmüş süfrəsini açmışdı Vəfa xanım. Xüsusi təmtəraqla hazırladığı sucuqlar, tut qurusu, müxtəlif çeşidli mürəbbələr, vazkeçilməz Ordubad limonu və hətta üzərini döyülmüş cəvizlə bəzədiyi sucuq horrası, artıq çoxdan cücərib boy atmış müxtəlif biçimli səmənilər Vəfa xanımın da Novruzqabağı çərşənbələrə çoxdan hazır olduğuna şahidlik edirdi. Bizi qonaq elədiyi nemətlərin hazırlanma qaydası və ləzzətindən ağız dolusu danışan ev sahibi deyir ki, qapımızdan girən hər insan bizim üçün hörmətli bir qonaq, dəyərli dostdur. Dədə-babadan belə görmüşük. Bizdən əvvəlki nəsillərin qonaqlara nə qədər hörmət və ehtiramla yanaşdığını, evinin ən dəyərli payını qonaq üçün ayırdığına şahidlik etmişik. Bu gözəl adətləri indi biz də yaşadır və gələcək nəsillərə ötürürük.

O həm də istəyənlər üçün hazırladığı məhsulların satışını da həyata keçirir. Hazırladığı alana, sucuq, müxtəlif mürəbbə və şirniyyatların dadına baxmış biri kimi deyə bilərəm ki, bu məhsullardan  alsanız qəti peşiman olmayacaqsınız.

Vəfa xanım deyir ki, artıq tikintisi bitən, asfalt örtük salınan Pəzməri yolu yaşadığımız kəndə gəlməyi daha rahat və sürətli edib. Ona görə də bayram ərəfəsində olduğu kimi ilin bütün mövsümlərində də qonaqları qarşılamağa, tariximiz, ləziz mətbəximiz, qonaqpərvərliyimizlə tanış etməyə hazırıq. Bizim yerlərin təbiəti də ilin müxtəlif vaxtlarında əsrarəngiz gözəllikləri ilə gələnləri heyran etməyə qadirdir.

Elə biz də bu yeni yolda ilk səfərimiz olduğu üçün Pəzməri kəndinə qədər qısa bir səfər edib yağan qarın yaratdığı möhtəşəm mənzərələri görmək üçün üzü dağlara doğru qalxmağı qərara aldıq. Dağların quzeylərində yerini bərkidib qalmış, güneylərdə isə artıq çoxdan əriməyə üz qoymuş qar suları çaya qarışaraq üzü arana doğru səs-küylə axırdı. Çay sahilində hələ də qalmış qalın buz təbəqəsi günəşin şüaları altında bərq vururdu. Hər zaman bir parçası olduğumuz təbiət ilin istənilən mövsümündə bizə zövq verir, müsbət enerji yükləyir və sabah üçün yeni ümidlərin, arzuların boy atmasına şərait yaradır.

Qayıdanbaş Vəfa xanımın qonşu kənddə - Kələkidə yaşayan bacısı bizi təkidlə evlərinə dəvət etdi. Qohum və qonşu qadınların bir yerə toplaşdığı bir məclisin mərkəzində olan söhbətlərə qulaq asmaq mənim üçün çox maraqlı olmaqla yanaşı, eyni zamanda böyük təəssüratlar da yaratdı. Sevgi ilə bizi qarşılayan ev sahibi, yenə də stolun üstünü bəzəyən Ordubad nemətləri və hansı qadın hansı Ordubad təamını hazırlamağı daha yaxşı bacarır müzakirəsi kifayət qədər maraqlı idi. Etiraf etməliyəm ki, ən ləzzətli sucuğun da dadına  burada baxdıq. Bayramqabağı hazırlanmış şəkərbura, paxlava və digər şirniyyatlara isə söz ola bilməzdi.

Qadınlar məclisinin əsas mövzularından biri də oğul evləndirib, qız köçürməkdir. Oğlunu evləndirib qızını köçürən, buna hazırlaşan, nişan taxmaq üçün tədarük edən xanımlar deyir ki, Novruzqabağı çərşənbələrdə, Novruzda nişanlı qızlara, təzə köçən gəlinlərə xonçalar gəlir. Hər oğul anası da oğlunun nişanlısına xonça aparmağa can atır. Elə qonağı olduğumuz Vəfa xanım kimi. O da Novruzda oğluna xonça aparmaq arzusunu dilə gətirdi.

-Subaylar evlənsin, nişanlılara, evlilərə bayram payları göndərilsin, biz də qoşulaq onlara. Arzumuzu, muradımızı gerçəkləşdirək, oğul-qız toyu edək, nəvə-nəticə görək. Qoy elimizin bu müqəddəs bayramı bütün evlərə xoş arzu, xoş niyyət gətirsin - dedi.

Mis məcməyilərdə kürə və ya təndirlərdə bişirilən Ordubad paxlavası, şərbətinə doymuş, bal və bəkməzlə şirələndirilmiş Ordubad qayğanağı, təndirdə bişirilmiş Ordubadın cəvizli təndir çöçəsi - ordubadlıların öz ləhcəsi ilə desək, təndir kükəsi olmadan, iri mis məcməyilər bəzədilmədən xonça da aparılmaz. Bu da elimizin adət-ənənələrinin yaşadılması, nişanlı və gəlin köçən qızların ağır-əziz edilməsi, ata evlərindən gələn payla könüllərinin xoş tutulması üçün ailələrin həyata keçirdiyi kiçik mərasimlər, əsrlərdən bəri günümüzə qədər qorunub saxlanılan mənəvi incilərdir.

Ordubada hər səfərimiz zəngin təəssüratlarla yaddaşımın  bir küncünə həkk olunur. Sanki illərdir bizi tanıyırmışlar kimi səmimi qonaqpərvərlikləri, şirin söhbətləri, duzlu zarafatları ilə könlümüzü xoş edən ordubadlılarla daha bir günümüz keçir. Şahidi oluruq ki, əsrlərdir bu torpaqların sahibi olan insanlar yurd-yuvalarına bağlı olduqları kimi onu  abadlaşdırmağı, sevməyi, qorumağı və keçmişdən süzülüb gələnləri yaşatmağı da bacarırlar. Yaşatmaqla qalmır, həm də gələcəyə ötürürlər. Yenə müdrik bir fikir yadıma düşür: ənənə külə sitayiş etmək deyil, alovu canlı tutmaqdır...

Axşamtərəfi geri qayıdanbaş cənub dağlarının arxasında qürub etməkdə olan günəş Zəngəzur silsiləsinin qarlı zirvəsində sanki Novruz tonqalı qalamışdı. Al qırmızı rəngə boyanmış zirvələr igid sərkərdələr kimi başını səmaya dikərək elə bil  bizi yola salırdı.

Bayram günlərində yolunuzu Ordubaddan salın. Elimizin-obamızın gözəl adət-ənənələrinə şahidlik edin, ordubadlıların özünəxas bayram nemətlərindən dadın. Qoy bu bayram hamımıza sevinc, xoşbəxtlik gətirsin. Ocaqlarımız yanar, süfrələrimiz bol ruzi-bərəkətli olsun. Könüllər qırılmasın, qəlblər sevgi ilə, ürəklər mərhəmətlə dolsun. Bayramınız mübarək olsun!

Məmməd Babayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: