Elimizə bolluq, bərəkət gətirən bayram!

A- A A+

Gözəl adət-ənənələri, zəngin el şənlikləri, füsunkar gözəllikləri və yaddaqalan nəğmələri ilə sevilən Novruz bayramı Azərbaycanda ta qədimdən bu günə kimi hər il təntənə və yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Novruz Şərq xalqlarının ən qədim bayramlarındandır. Dahi N.Gəncəvi “İsgəndərnamə” əsərində zərdüştlilərin Novruz bayramını necə el şənliyi ilə keçirməsini şərh edib. Əsrlər keçdikcə bu gözəl bayram sərhədləri aşıb, milli bayrama çevrilib Kökünü tarixin ilk çağlarından alan Novruz (yeni gün) azərbaycanlıların əziz saydıqları, sevinclə qarşıladıqları bayramdır. 

Novruz təzə gün deməkdir. İnsanlar hələ lap qədimlərdən baharın gəlişini, istilərin düşməsi ilə əlaqədar torpağın oyanmasını, meşələrin, çöllərin yaşıllığa qərq olmasını, çəmənlərin çiçəklənməsini səbirsizliklə gözləyiblər. Təbiətin oyanması onları sevindirib, hər il yazın gəlişini bayram etmək adət halını alıb.

Bahar bayramı mərasimləri bir-birini tamamlayan müxtəlif mərhələlərdən - mərasimlər, ayinlər, xalq dramlarından ibarətdir. Bu mərasimlər ilin son çərşənbəsinə 40 gün qalmış başlayır. Üzlərinə yumurta sarısı çəkən, kömürlə üz-gözlərini qaralayan, bığ-saqqal yapışdıran aktyorlar mərasimin ilk mərhələsinə “Kosa-kosa” xalq oyunu ilə başlayırlar. Bu mərasimdə keçəl qışı, soyuğu, qarı, kosa isə yazı, təbiətin oyanışını təmsil edir. Tamaşa yazın qələbəsi ilə başa çatır. Ardınca ulu babalarımız xalqın əkinə, səpinə başlaması münasibətilə “Günəşi dəvət” mərasimini icra ediblər. Bundan sonrakı mərhələlər “Qodu-qodu”, “Səməni”, “Danatma”, “Qapı pusma” mərasimləri ilə yekunlaşıb. Maraqlıdır ki, insanlar təzə ilə tamamilə təmiz daxil olmaq istəyirlər. Onlar həm zahirdən, həm də daxildən təmizlənməyə çalışırlar. Evdə hər şey təmizlənir-ev ağardılır, paltar yuyulur, yorğan-döşək havaya çıxarılır. Zahiri təmizlənmə başa çatandan sonra insanlar daxili təmizlənməyə can atırlar. Günahsız insan yoxdu dünyada. Günahlarını bədənlərindən çıxarmaq, təmiz ruha, təmiz bədənə yiyələnmək istəyən insanlar həyətlərdə tonqallar qalayıb, üstündən yeddi dəfə atılır, “Ağırlığım-uğurluğum odlara, Yazda mənlə hoppanmayan yadlara”-deyərək özlərini təmiz hesab edirdilər.

Novruz bayramının yaranma tarixi haqqında müxtəlif mülahizələr vardır. Tədqiqatçılarımızın bəziləri bu bayramın yaranmasını atəşpərəstlik dini, bəziləri isə islam dini ilə bağlayırlar. Lakin bayram günlərində keçirilən mərasimlərə diqqət yetirdikdə məlum olur ki, bu mərasimlər, ifa olunan nəğmələr ilk insanların yarandığı dövrlə-ibtidai icma dövrü ilə səsləşir. Təbiət üzərində, vəhşi heyvanlar üzərində yavaş-yavaş qələbə çalmağa başlayan insanlar hər dəfə əldə etdikləri qələbəni müxtəlif oyunlarla, rəqslərlə ifadə ediblər.
Novruz bayramını səmənisiz təsəvvür etmək qeyri- mümkündür. O, Novruzun ilk müjdəsi, ilk qaranquşudur. Səməni ana təbiətin qış yuxusundan oyanıb canlanmasına, dağların bəyaz libasını soyunmasına, çöllərimizin yaşıllığa qərq olmasına, meşələrin və bağ-bağçaların yarpaqlamasına işarədir.

Səməni xalqımız arasında nəsilartırma rəmzi kimi də qəbul edilir. Bayram günlərində uşağı olmayan qadınlar yaşıl səmənini başlarında gəzdirərək: “Ay bunu göyərdən Tanrı, bu gəlini də göyərt, arzusunu kama yetir, mətləbinə, muradına çatdır...” deyərmişlər.

Tonqal ətrafında keçirilən şənliklər odun əldə edilməsi ilə bağlıdır. Novruz bayramında odun üstündən tullananda deyərmişlər:
             Ağırlığım-uğurluğum odlara.
              Yazda mənlə hoppanmayan yadlara
              Ağırlığım od olsun,
             Odda yanan yad olsun.
Beləliklə, Novruz bayramının yaranma tarixi atəşpərəstlik və islam dinlərinin yaranma tarixindən əvvəllərə gedib çıxır. Elə bu baxımdan da Novruz bayramında keçirilən hər bir mərasimin, ifa olunan nəğmələrin, rəqslərin öz mənası, öz məqsədi var. Bu nəğmələr, rəqslər rayon və şəhərlərimizdə müxtəlif şəkildə, birbirindən fərqli olaraq ifa olunur.

Novruz bayramı günlərində uşaqlı-böyüklü hamı inama, etiqada görə təbiətin dəyişməsini gözləyir. Xalqın inamına görə bayram axşamı, gecə yarıdan keçəndə, sular təmizlənir, ağaclar başlarını aşağı salır. 

Təmizlənən bahar suyunda yuyunan insan xoşbəxt olar-deyib babalarımız. Səhər o başdan hər kəs qalxıb su üstünə qaçıb, biri o birindən irəli keçməyə tələsib, tərtəmiz, təzə bahar suyunda birinci yuyunmaq istəyib. İnsanlar dərdini, ağrısını oda atıb yandırdığı kimi, həm də suya axıdıblar. Hamı dəyişib, hamı təzələnib. 

Novruz süfrəsi xalqın ən ləziz milli yeməkləri ilə bəzənər. Süfrədə yeddi cür meyvə olar. Yalnız Novruz şamları yandırıldıqdan sonra hamı deyə-gülə süfrə başında əyləşib, bayram nemətlərindən nuş edər. Bayram axşamı bacalardan torbalar sallanar, qapılara papaq atılar. Torbanı və papağı boş qaytarmaq olmaz. Qonum-qonşu qulaqlarını bir-birlərinin qapılarına dayayıb içəridən gələn səslərə qulaq asar, gələcək talelərini ordan eşitdikləri söz-söhbətlə müəyyənləşdirərlər. Novruz günlərində qohum-qardaş, dost-tanış ləziz nemətlərdən xonça bağlayıb bir-birlərinə qonaq gedərlər. Nişanlı qızla, nişanlı oğlana Novruz sovqatları göndərilər. Bu adət qohumlar arasında dostluq və səmimiyyətin, doğmalıq və yaxınlığın rəmzi olar.

Dəbdəbədən çox təbiiliyi ilə seçilən Novruzun özünəməxsus xüsusiyyətləri də var. Novruzda üzərlik yandırıb tüstüsünü mal-qaraya, oğul-uşağa, ev-eşiyə verərlər ki, göz dəyməsin.

Qorxanların başına su töküb qorxularını alarlar. Novruzda söyüş söyməz, qarğış etməz, qeybət qırmaz, dalaşmazlar. Atı, iti, ilanı vurmazlar. Mollaya getməz, dua yazdırmazlar. Xəstə yatanlara pay göndərərlər, qonum-qonşuya şirni paylayarlar.

Axır çərşənbədə evdən ələk, kibrit, neft, pul, un və çörək verməzlər. Ailə üzvlərinin sayına görə şam yandırarlar. 

Lampanı hələ qaranlıq düşməmiş yandırarlar. Su üstündən gün çıxmamış atlanarlar. Novruz günəşlə torpağın, təbiətlə insanın sədaqət və məhəbbət bayramı,qoca təbiətin yenidən cavanlaşan çağıdır.
            Bahar nə xoş gəlir, ruha dad verir.
            Xəyala, duyğuya qol-qanad verir;
            Var olsun şerimiz, şairlərimiz! –
            Hər gülə, çiçəyə təzə ad verir.

Bahar hər zaman insanlara sevinc gətirir, onların həyatını nurlandırır, yaşamaq, qurub-yaratmaq eşqini gücləndirir. Lakin təbiətin bu süslü, nazlı, min bir büsatlı çağının azərbaycanlılar üçün mənası, fərəhi və rəmzi xüsusilə böyükdür. Keçmişimizin bu günümüzə əvəzsiz ərməğanı, ulular yadigarı Novruz – mənəvi dünyamızın ayrılmaz tərkib hissəsi olan həmişəyaşar və həmişəcavan bayramımız məhz bu vaxt ərsəyə gəlir, qəlblərə sevinc, qollara qüvvət, həyata min bir rövnəq gətirir.

Bəli, ulu babalarımızın, ağbirçək nənələrimizin sevinci, fərəhi, bütün gələcək nəsillərə xeyir-duasıdır, Novruz! 

Ta qədimdən dostluğa, xoşbəxtliyə, bolluğa, firavanlığa, əməyə, xoş əhval-ruhiyyəyə və birgə yaşayışa çağırışdır bu bayram.

Novruz günlərində Azərbaycanımızın hər zonası, hər rayonu, hər kəndi minbir naxışlı xalçaya bənzəyir. İnsanlarımız bu mərasimə dürlü-dürlü bəzək ilməsi vurur. Novruz bayramı, onun humanist və nikbin mahiyyəti, təbii olaraq, xalqımızın tarixən keçdiyi həyat yolunun xüsusiyyətləri, el-obamızın, yurdumuzun coğrafi şəraiti, büllur, dağ suyu kimi təmiz mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Əsrlər bir-birini əvəz edib, Novruz dəyişməyib, öz simasını, mahiyyətini, təravətini olduğu kimi saxlayıb.

Bu gün o taylı-bu taylı Azərbaycanla yanaşı Orta Asiya, Əfqanıstan, Pakistan, İran, Türkiyə və digər ölkələrdə yaşayan yüz milyonlarla insan Novruzu özünün ən əziz bayramı kimi qeyd edir. 

Novruz bayramının xalqımızın mənəvi varlığında güclü rolunu yüksək qiymətləndirən böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunun və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olub, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş edib”- deyirdi.

Bizi bahara qovuşduran bayram! Gəlişin uğurlu olsun, elimizə bolluq, bərəkət gətir.
                                         
                                   

Abdulla Əsgərov
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil şöbəsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: