23 Mart - Ümumdünya Meteorologiya Günüdür

A- A A+

Martın 23-ü Ümumdünya Meteorologiya Günüdür. Bu əlamətdar gün Ümumdünya Meteorologiya Təşkilatının təsis edildiyi gün ilə əlaqədar qeyd edilir.

Bu gün milli meteoroloji və hidroloji xidmətlərin cəmiyyətin təhlükəsizliyinə və rifahına mühüm töhfəsini nümayiş etdirir və bütün dünyada müxtəlif tədbirlərə qeyd olunur.

Hər il Ümumdünya Meteorologiya Günü aktual bir mövzuya diqqət çəkən xüsusi bir deviz altında keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu il “Nəsillər boyu hava, iqlim və suyun gələcəyi” devizi altında qeyd olunan Ümumdünya Meteorologiya Gününün əsas məqsədi hidrometeorologiya ilə bağlı dünyada baş verən proseslərə, xüsusilə son illər cəmiyyəti narahat edən qlobal iqlim dəyişmələrinə, baş verə biləcək təhlükəli hidrometeoroloji proseslərə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsidir. Həqiqətən də, bu gün sürətli iqlim dəyişikliyi bəşəriyyətin üzləşdiyi ən ciddi ekoloji problemlərdən biridir. Bu, nəinki dəyişkən hava şəraiti, temperaturun yüksəlməsi və ya azalması ilə özünü göstərir, həm də daşqınlar, quraqlıqlar, sunamilər və digər dağıdıcı fəlakətlərə səbəb olur. Son onillikdə toplanmış statistika aydın şəkildə göstərir ki, bütün təbii fəlakətlərin 80 faizindən çoxu meteoroloji və ya hidroloji mənşəlidir.

Biz bir planetdə yaşayırıq. Hava, iqlim və su dövranı heç bir milli və siyasi sərhəd tanımır. Məhz buna görə bu sahədə beynəlxalq əməkdaşlıq vacibdir.

Qeyd edək ki, bu il həm də qlobal ətraf mühitin mühafizəsi və inkişaf etdirilməsi üzrə nüfuzlu beynəlxalq təşkilatlardan biri olan Ümumdünya Meteorologiya Təşkilatının 150 illik yubileyidir. Həmin təşkilat atmosferin vəziyyəti və onun okeanlarla qarşılıqlı təsiri, iqlim və onun su ehtiyatlarına təsiri üzrə BMT-nin əsas səlahiyyətli orqanı hesab edilir və hazırda dünyanın 193 dövlətini birləşdirir.

Azərbaycanda hidrometeoroloji müşahidələrin təşkili, proqnozlar və xəbərdarlıqların hazırlanmasını və yayımlanmasını təmin edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətidir. Xidmətin operativ bölməsi olan Hidrometeoroloji Proqnozlar Bürosunda gündəlik operativ olaraq hər 3 saatdan bir havanın parametrləri - temperatur, yağıntı, görünüş, rütubətlilik, atmosfer təzyiqi, buludluq, atmosfer hadisələri və s. üzrə 84 meteoroloji stansiyadan məlumat alınır. Eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən 8 stansiyadan sutka ərzində 8 dəfə dəniz hidrometeoroloji müşahidələri - dənizin səviyyəsi, dalğalanma rejimi, suyun temperaturu və s., 41 hidroloji məntəqədən çaylar üzrə suyun səviyyəsi və su sərfi haqqında məlumatlar alınaraq təhlil edilir, gündəlik icmallarda və proqnozlarda istifadə olunur.

Büroda respublikanın 7 bölgəsi və Bakı şəhəri üçün verilən qısamüddətli (sutkalıq) və ortamüddətli (48, 72 saat) proqnozlar, aylıq hava proqnozu, respublikanın 7 bölgəsi üzrə aylıq hava proqnozu, Xəzər dənizinin 6 akvatoriyası üzrə qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli (48, 72 saat) dəniz hidrometeoroloji proqnozlar, gözlənilən təhlükəli və təbii fəlakət hadisələri barədə xəbərdarlıqlar kimi hidrometeoroloji proqnozlar tərtib edilir. Bununla yanaşı, tibbi-meteoroloji proqnozlar, böyük su anbarlarının (Mingəçevir, Şəmkir) gündəlik axın, Kür çayının aşağı axınında Kür-Surra, Şirvan və Salyan məntəqələri üzrə 2-3 günlük səviyyə, çaylar üzrə ongünlük, aylıq, böyük su anbarlarının fəsillik axın, yaz-yay (aprel-iyun) gursululuq dövrü proqnozları da tərtib olunur.

Gündəlik müşahidə olunan və gözlənilən hava proqnozları, eyni zamanda, çaylarda müşahidə olunan daşqın, sel və faktiki sululuq haqqında məlumatlar mütəmadi olaraq nazirliyin veb-səhifəsində yerləşdirilir. Respublikanın bölgələri, Bakı və Abşeron yarımadası üzrə iki və üçgünlük hava proqnozları, hava şəraitinin kəskin dəyişməsi, çaylarda gözlənilən qısamüddətli daşqın və sel hadisələri ilə bağlı xəbərdarlıqlar dövlət qurumlarına, müvafiq təşkilatlara göndərilir.

Azərbaycanda əhaliyə göstərilən hidrometeoroloji xidmətin səviyyəsinin yüksəldilməsi, hava proqnozlarının dəqiqliyinin artırılması, o cümlədən bütün ölkəni əhatə edən hidrometeoroloji şəbəkənin fəaliyyətinin təkmilləşdirilməsi və modernləşdirilməsi istiqamətində son illər genişmiqyaslı tədbirlər həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: