NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda görkəmli maarifçi pedaqoq Məhəmməd Tağı Sidqinin oxunması zəruri olan kitablar siyahısına daxil olan “Məktəb hekayələri” kitabının müzakirəsi olub.
İnstitutun rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev qeyd edib ki, böyük mütəfəkkir, ədib Məhəmməd Tağı Sidqi görkəmli maarifçi və tanınmış yaradıcı şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutur. Bu mənada Məhəmməd Tağı Sidqi özündən əvvəlki maarifçi nəslin layiqli xələfi, sonrakı yaradıcı qüvvələrin isə ustadı və sələfidir. O da vurğulanıb ki, Sidqinin pedaqoji fəaliyyəti Naxçıvan ziyalılarının diqqətini cəlb edib. O, 1894-cü ildə Naxçıvan şəhərinə dəvət olunub “Tərbiyə” məktəbinin əsasını qoyub. Ədib pedaqoji fəaliyyətlə yanaşı, insanları elmə, maarifə, tərbiyəyə səsləyən, onlarda təhsil almağa maraq oyadan ədəbi yaradıcılıqla da məşğul olub, 20-dən çox hekayənin toplandığı “Məktəb hekayələri”ni və 300-dən çox qəzəl qələmə alıb.
Tədbirdə tələbələrlə birgə “Məktəb hekayələri” kitabının müzakirəsi aparılıb. Bildirilib ki, “Məktəb hekayələri” silsiləsi ilə Sidqi əslində, Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaradıb. Həmin əsərdə mənəvi-əxlaqi və vətənpərvərlik ideyaları üstünlük təşkil edir. Bu silsiləyə yazıçının “Məktəbə davam”, “Gözütox uşağın hekayəti”, “Yalançı uşaq”, “Səxavətli uşaq” və digər hekayələri daxildir.
Sonda tələbələrin sualları cavablandırılıb.
Turab Hacızadə