Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun 60 illik yubileyi qeyd olunub.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açaraq muxtar respublikada tanınmış sənət adamlarına göstərilən yüksək dövlət qayğısından bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək bildirib ki, Səyyad Bayramov ömrünün 30 ildən çoxunu Naxçıvan teatrına, muxtar respublikada rəsm sənətinin inkişafına həsr etmiş, 20-dən artıq tamaşaya tərtibat vermişdir. Onun yaxından iştirakı ilə ərsəyə gələn Hüseyn Cavidin “Topal Teymur”, Nəriman Nərimanovun “Nadir Şah”, Nazim Hikmətin “Kor padşah”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərləri böyük tamaşaçı marağına səbəb olmuşdur. Səyyad Bayramov rəssamlıq sənətinin digər janırlarında da uğurlu nümunələr yaratmışdır. O, muxtar respublikada keçirilən yaradıcılıq müsabiqələrində və təşkil olunan sərgilərdə yaxından iştirak edir, maraqlı rəsm əsərləri ilə tamaşaçının rəğbətini qazanır. Səyyad Bayramov gənc rəssam kadrlarının yetişməsində də yaxından iştirak edir. O, Rəssamlar Birliyinin üzvü kimi üzərinə düşən ictimai vəzifələrin öhdəsindən layiqincə gəlir. Səyyad Bayramovun yaradıcılığı və əməyi yüksək qiymətləndirilmiş, 2008-ci ildə o, “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssam”ı fəxri adına, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezident Təqaüdünə laiq görülmüşdür.Bu gün 60 yaşı tamam olan Səyyad Bayramov yaradıcılığının məhsuldar bir dövrünü yaşayır.
Əli Həsənov gələcəkdə də muxtar respublikamızda mədəniyyətin inkişafına öz töhfəsini verəcəyinə dərin inamla Səyyad Bayramovu Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adından təbrik edib və ona yeni yaradıcılıq uğurları arzulayıb.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva Səyyad Bayramovu 60 illik yubileyi münasibətilə təbrik edib, onun rəssamlıq fəaliyyətinə nəzər salıb.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev Səyyad Bayramovun teatrın quruluşçu rəssamı kimi göstərdiyi uğurlu fəaliyyətindən bəhs edib, ona yeni-yeni nailiyyətlər arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov çıxış edərək yaradıcılığına yüksək qiymət verildiyinə, ona göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
"Şərq qapısı"