Naxçıvan Şəhər İcra Hakimiyyətində "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, Ulu Öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və mənəvi birliyinə də nail olub. Bu gün azərbaycançılıq həm ölkəmizdə, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideologiyaya çevrilib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan hər il daha da inkişaf edir. Geriyə baxanda görülmüş işlərin həcmi və möhtəşəmliyi qürur və iftixar hissi doğurur. Azərbaycan müasirləşir, daha da inkişaf edir. Haqq mübarizəmizdə əldə olunmuş böyük zəfər də məhz Heydər Əliyev ideyalarına sədaqətin nəticəsidir.
İcra başçısı deyib ki, ümummilli liderin siyasəti daim xalqımıza qələbələr, uğurlar bəxş edəcək və Azərbaycanı bundan sonra da zirvələrə yüksəldəcək. "Heydər Əliyev İli" elan olunan 2023-cü il də bu baxımdan əlamətdar dövr kimi tariximizə həkk olunacaq.
Sonra YAP Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərlinin, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri Ramiz Qasımovun çıxışları dinlənilib. Qeyd olunub ki, azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Azərbaycançılıq dövlətimizin dünya birliyinə inteqrasiyasının ideya əsasını da təşkil edir.
Diqqətə çatdırılıb ki, 2022-ci il aprelin 22-23-də dünyanın 65 ölkəsindən 400-dən çox diaspor nümayəndəsinin iştirakı ilə ilk dəfə azad olunmuş torpaqlarda - Şuşada keçirilən Dünya Azərbaycanlılarının V - Zəfər Qurultayı və bu mühüm tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi nitq azərbaycançılıq təliminin inkişafı üçün növbəti töhfə olub.
Sonra Ümummilli Liderdən bəhs edən videomateriala baxış olub.