Şahbuz rayonun Qızıl Qışlaq kəndi vüqarlı dağların qoynunda , Naxçıvan şəhərindən 42 km aralıda, dəniz səviyyəsindən 1659 m yüksəklikdə yerləşir. Kənd bu istiqamətdə sonuncu kənd olan Kükü dağlarından axıb gələn Kükü çayının sağ və sol sahilində qərar tutub.
Kəndin yaxınlığında Kükü çayın sağ sahilində yerləşən ,1986- ci ildə Sarı dərə massivində qeydə alınan yaşayış yerindən tapılan tapıntılar burada yaşayışın qədim bir tarixə malik olduğunu təsdiq edir. Buralar qədimdə qışlaq yeri olub. Bir vaxtlar bu dağ kəndinə gediş gəliş çox çətin olub , qaz , işıq yox idi. İlin bu vaxtlarında insanlar qışa odun tədarükü üçün yaşıllıqları məhv edirdi. Bu gün isə Naxçıvanda aparılan böyük dəyişikliklər dağlıq rayon olan Şahbuz rayonunun, onun yaşayış məntəqələrini də əhatə edir,insanların həyat şəraiti günü gündən yaxşılaşır.
Qızıl Qışlaq ayrı bir yaraşıq, ayrı bir görkəmdədir Kənd və Xidmət mərkəzləri, təhsil ocağı , məscid, tibb məntəqəsi , rahat yol əhaliyə xidmət göstərir.
Müsəllə dağı, Sarıdağ, Güney dağı, Çuxur dağı, uzaqdan görünən Kükü dağları, yalçın qayalar kəndin təbiətini daha da gözəlləşdirir... Dağlar qoynunda yerləşən , təmiz dağ havası olan bu kənd zəngin bitki və heyvanat aləminə malikdir. Min bir dərdə dərman olan solmazçiçəyi, qaraqınıq, həmərsin və .b dərman bitkiləri , ayı , çöl donuzu kimi heyvanlar kəndin flora və faunasının zənginliyindən xəbər verir.
XVIII əsrdə bu kənddə el sənətkarı Ululu Kərim yaşayıb. Əzəmətli dağların qoynu çoxlarını şair edib , İlk dəfə dünyaya göz açanda dağları görüb , havasından , suyundan , səfasından qidalanıb bu yerlərin şair oğlu Maarif Təmkin də . Ona şeir yazdıran , onu poeziyaya gətirən dağlar olub. Dağlar onun şeirlərində vətən, doğmalıq, sevgi, qeyrət, dəyanət, inam rəmzidir. Ürəyi dağlarda döyünən , kürəyi dağlara söykənən , qapısı dağlara açılan şairin şeirlərinin mayası da təbiətdən , uca dağlardan gəlib. Bu səbəbdən şair yazır:
Deyirlər ki, dağları çox öyürsən,
Neyləyim ki, bu dağlardı gördüyüm.
Yaşıl donlu , tər çiçəkli göy çəmən
Allı , güllü yaylaqlardı gördüyüm.
Bu dağlardı çiçəyini üzdüyüm,
Mənim ondan heç olmayıb bezdiyim.
Mən Təmkinəm qarış qarış gəzdiyim
Allı güllü oylaqlardır gördüyüm .
Üz gözündən xeyirxahlıq yağan 81 yaşlı Salatın nənənin çöhrəsinə yaşadığı illərin izi düşüb sanki. Deyir ki , bu dağlar, bu dərələr, bulaqlar, torpaqlar bizim üçün çox qiymətlidir. Yazda , yayda dağ döşləri, yamaclar minbir rəngə çalan gül-çiçəyə bürünür, mal-heyvan bu dağ döşlərində, bu yamaclarda otlayır, təbiətimizi arı yeşikləri bürüyür. Gərək bu kənddə yaşayasan ki, cah-cəlalımızı görəsən.
Başqa kəndlərimizdə olduğu kimi Qızıl Qışlaqda da bu payız günlərində işlər bir qədər çoxalıb. Hər kəs çalışır ki qış qapını kəsməmiş bütün hazırlığını görsün . Salatın nənədə qız gəlinləri ilə birgə bu işləri görür, bu sahədə mövcud olan qədim adət ənənələrimizi də unudulmağa qoymur. Gəncliyini buraların dağlarında , bulaqlarının başında keçirən nənəmiz həm də sinədəftərdir.
Dağ kəndləri arıçılıq üçün olduqca əlverişlidir. Çünki belə yerlərdə arılar dağların növbə növ gül çiçəyindən şirə çəkir. Bu səbəbdən buraların balı min bir dərdin dərmanı olması ilə yanaşı , dadı və ləzzəti ilə fərqlənir. Sağlam arı yetişdirib yüksək keyfiyyətli və qiymətli arıçılıq məhsullarının istehsalını artırmaq, insanları bu əvəzsiz nemətlə təmin etmək arıçıların əsas məqsədidir. Arıya xidmət göstərmək isə təsərrüfatçıdan böyük zəhmət, bu sahəyə vurğunluq, diqqət, qayğı, arıçılığa dair biliklərin daim zənginləşməsini tələb edir. Qızıl Qışlaq kəndində yaşayan sakinlərin də əksəriyyəti arı saxlayır. Lakin kənddə bu sahədə daha çox təcrübəsi olan 58 yaşlı arıçı xanım Zibayət Göyrüşovadır İşini sevən Zibayət xanımın üzündə əsl arıçı simasını görmək mümkündür. Hər bir insanın xarakteri məşğul olduğu sənətə uyğun olur, deyirlər. Bu mənada Zibayət xanımin da xarakteri elə məşğul olduğu işə uyğundur. Zəhmətkeş qadın arı ilə işləyərkən dincəldiyini, deyir.15 il bundan əvvəl dövlətin bu sahəyə göstərdiyi dəstək və qayğıdan bəhrələnərək 7 arı ailəsi əldə edib. Haliyədə 40 arı ailəsi olan Zibayət xanım bu günə qədər 300 dən çox arı ailəsini də satıb. Bu il 200 kq bal məhsulu əldə edən arıçı deyir ki arının ən sonuncu məhsulu baldır . Baldan əlavə arı südü, vərəmum , çiçək tozu , arı zəhəri kimi qiymətli məhsulları da əldə edib həm özümüz istifadə edirik , həm də satıb ailə büdcəmizi yaxşılaşdırırıq.
Məşğuliyyətləri arıçılıq, maldarlıq və bağçılıq olan kənd sakinləri becərdikləri bağlardan da yaxşı məhsul götürürlər. Kənddə xüsusilə alma, cəviz , fındıq , badam kimi meyvələrin becərilməsinə daha çox üstünlük verirlər.
Maldarlığın da geniş inkişaf etdiyi Qızıl Qışlaqda ağbirçək nənələr nehrə çalxayır, südü maşına verir, təbii qaymaq, şor , kərə , yağ və digər məhsullar hasilə gətirirlər. Bu dağ kəndində yüksək səviyyədə qonaq qarşılama mədəniyyəti, qonaqpərvərlik var . Kənd sakinləri kənddə yad bir adam gördülərmi mütləq hal əhval tutub evlərinə qonaq aparar, bir tikə çörəklərini bölərlər. Burada böyük kiçik yeri bilmək, elliklə bir birinə dayaq durmaq dədə baba adətidir. Bir sözlə Qızıl Qışlaqlılar dağlardan təmizlik bulaqlardan saflıq götürüblər. Bu kənddə xeyir bərəkət də var , xətir hörmət də. Təbiətində gəzməli yerlər də çoxdur, əyilib gözündən öpməli, suyundan içməli bulaqlar da . Yurd yerlərinin qədrini bilən,hər qarışını qiymətləndirən Qızıl Qışlaqlılar üçün üçün dünyanın ən gözəl guşəsi elə Qızıl Qışlaqdır.
Türkanə Əmoyeva