Milli Qəhrəman, Vətən müharibəsi şəhidi Şükür Həmidovla Aprel zəfərini xatırlayaq - VİDEO
Zəfərə səsləyən qətiyyət və inam - ordumuzun Aprel zəfəri Qarabağın azadlığı uğrunda şanlı mübarizəmizin əsas səhifəsidir.
1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olan, yüksək bilik və bacarığı, üstün zabit keyfiyyətləri ilə Aprel döyüşlərində qəhrəmanlıq göstərən Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərin iştirakçısı olub. O, 2020-ci ilin oktyabrın 22-də elə doğma Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
"Zəfər" ordenli Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənib, buna görə də Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülübdür.
Naxçıvan televiziyasının baş redaktoru Ruhiyyə Rəsulova məhz şanlı Aprel zəfərindən sonra həmin əraziyə ezam olunmuş, qəhrəman Vətən oğlu Şükür Həmidovun da döyüşlər, ələ keçirilən strateji mövqelər və bu mövqelərin gələcək hərbi əməliyyatlar üçün mühüm əlverişli cəhətləri haqqında fikirlərini almışdı.
NUHÇIXAN İnformasiya Agentliyi bununla bağlı hazırlanan videomaterialı təqdim edir.