İqlim dəyişmələri ilə əlaqədar 2050-2080-ci illərə qədər təyyarələrdə uçuş zamanı turbulentlik indiki ilə müqayisədə üç dəfə artacaq. NUHÇIXAN İnformasiya Agentliyi xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, “Newsweek” resursu bu sahədə tədqiqatların nəticələrini və ekspertlərin şərhlərini dərc edib.
Turbulentliyin təbii səbəbi atmosferin müəyyən sahələrində küləyin sürətinin və istiqamətinin dəyişməsi ilə bağlıdır. Təyyarə belə hava axınlarına düşdükdə möhkəm silkələnə bilər.
Böyük Britaniyadakı Redinq Universitetinin alimlərinin apardığı araşdırmalar göstərib ki, 1979-cu ildə belə müşahidələr aparılmağa başlayandan reaktiv təyyarələrdə uçuş zamanı şaquli küləyin istiqaməti 15 faiz artıb. Bu faktı qlobal iqlim dəyişmələri ilə izah edirlər.
Araşdırmanın müəlliflərindən biri – Redinq Universitetinin meteorologiya departamentində atmosfer elmləri üzrə professor Pol Uilyams deyib: “Bizim topladığımız çoxsaylı elmi faktlar göstərir ki, turbulentliyin güclənməsinə səbəb iqlim dəyişmələridir. Turbulentliyin görünməyən forması (havada turbulentlik) küləyin istiqamətinin dəyişməsi nəticəsində yaranır. Hazırda küləyin yerdəyişməsinin 1970-ci illərdəki ilə müqayisədə 15 faiz güclənib. Yaxın onillikdə küləyin yerdəyişməsinin daha da güclənməsi gözlənilir. Bu halda güclü turbulentlik hallarının sayı ikiqat, hətta üçqat arta bilər”.
Son aylarda güclü turbulentliklə bağlı bir neçə hadisə baş verib. Martın əvvəlində Lufthansa şirkətinin Ostindən (Texas ştatı) Frankfurta (Almaniya) uçan təyyarəsi güclü hava axınları ilə qarşılaşandan sonra yeddi nəfər xəstəxanaya düşüb. İçərisində heyət üzvləri də daxil olmaqla 184 nəfər olan təyyarə marşrutu dəyişməyə məcbur olub, lakin sonda sağ-salamat yerə enib.