Məlum olduğu kimi, 2023-cü il fevralın 4-də Azərbaycan Respublikası Milli Məclisinin Aparatında hüquqşünas ixtisası üzrə vakant dövlət qulluğu vəzifələrinə qəbul ilə əlaqədar müsabiqə elan edilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, müsabiqənin yazılı imtahan mərhələsi cari il aprelin 29-da Milli Məclisin inzibati binasında keçiriləcək. İmtahana yalnız hüquqşünas ixtisası üzrə ali təhsilə malik olan və sənədlərini bu il martın 3-dək müvafiq qaydada təqdim etmiş vətəndaşlar şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar. İmtahan verəcək şəxslər aprelin 29-da saat 10:00-dan gec olmayaraq Milli Məclisin inzibati binasına gəlməlidirlər.
İmtahan zamanı mobil telefondan və digər elektron cihazlardan istifadə etmək qadağandır. Namizədlərə özləri ilə telefon və digər elektron cihazları gətirmək tövsiyə olunmur.