Məlum olduğu üzrə, ilk insanlar təbiətin qoynunda yaşayıb və onunla sıx vəhdətdə olublar. Təbiətlə sıx vəhdətdə yaşayan insanlar, təbii olaraq, ətraf aləmdə, yəni təbiətdə baş verən hadisələri dərk etməyə və öyrənməyə çalışıblar. Bunun nəticəsində isə ətraf aləmlə bağlı ilkin təsəvvürlər meydana gəlib.
Ulu əcdadlarımız da ta qədim zamanlardan əhatəsində olduqları ətraf aləmi dərk etməyə, təbiətdə baş verən prosesləri anlamağa səy göstəriblər. Təbiətlə yaxından təmasda olan əcdadlarımız ildırımın çaxmasını, tufanın qopmasını, yağışın yağmasını, havanın isti və soyuq olmasını-bir sözlə, onlara təsir edə biləcək bütün təbiət hadisələrini həm müşahidə edirdilər, həm də bu hadisələrə qabaqlayıcı tədbirlər görmək üçün onu öncədən öyrənməyə çalışırdılar. Bunun üçün də səma cisimlərinin hərəkətini- Ayın, Günəşin, ulduzların fəzadakı mövqeyini, buludların vəziyyətini, həmçinin bitkilərin, gül-çiçəklərin təbii görünüşünü, heyvanların davranışlarını müşahidə edir, beləliklə də havanın dəyişməsini, yağış və ya qar yağacağını, qasırğa yaxud da tufan baş verəcəyini, yayın isti və ya sərin, qışın soyuq, sərt keçəcəyini müəyyən edə bilirdilər. Bütün bunlar isə xalq metrologiyasının yaranmasına səbəb olub.
Ulularımız tərəfindən əsrlər boyu müşahidələr nəticəsində öyrənilən, ölçülüb-biçilən və sınaqdan keçirilən bu metroloji görüşlərin bir çoxu isə günümüzə qədər gəlib çatıb. Bu gün rayonumuzun yaşlı sakinlərindən bir çoxu da havanın necə olacağını, xüsusilə də qış aylarının soyuq və ya isti keçəcəyini, yazın quraq və ya ruzili-bərəkətli olacağını nəsildən-nəsilə onlara öyrədilən xalq metrologiyası vasitəsilə müəyyən edə bilirlər. Rayonun Şahtaxtı kənd sakini Hüsnüzər Qasımova ulu əcdadlarımız tərəfindən bizə miras qalan xalq metrologiyası ilə bağlı bir neçə nümunə haqqında məlumat verdi:
-Ulu babalarımız və nənələrimizin təsərrüfat işləri, məişət həyatları birbaşa təbiətdən, havadan asılı idi. Buna görə də havanın uzun müddətdə necə olacağını bilmək üçün çoxlu müşahidələr aparırdılar. İllərin sınağından çıxmış və mən deyərdim ki, doğruluğunu da sübut etmiş həmin təsəvvürlərin bəziləri günümüzə qədər gəlib çatıb. Həmin təsəvvürlər isə ağaclar, bəzi bitki və heyvanlarla, hətta səma cisimləri ilə əlaqədardır. Məsələn ulularımız ağacları müşahidə edərək qışın necə keçəcəyini öncədən bilirdilər. Belə inam mövcud olub ki, əgər ağac yarpağını aşağı hissədən tökməyə başlayarsa, qış isti, yuxarıdan tökməyə başlayarsa, qış soyuq keçər. Bu təsəvvür bu gün də yaşamaqdadır. Digər bir xalq metrologiyası ilə bağlı təsəvvür isə soğanla bağlıdır. Belə inanılır ki, əgər soğanın qabığı üç-dörd qat olarsa, qış soyuq, bir qat olarsa, qış isti keçər. Qeyd edim ki, bu mətləb görkəmli şairimiz Bəxtiyar Vahabzadənin yaradıcılığında da özünü göstərir. Dahi şair “Soğan” şeirində yazırdı:
Soğan qabığına baxdı, düşündü.
Başını buladı,
O, mənə döndü.
Dedi: -Sərt olacaq qış, bu il yaman.
Dedim: — Nədən bildin?
Dedi: — Qabıqdan.
Qalındır,
deməli,
Sərt keçəcək qış.
Hüsnüzər Qasımova qeyd edir ki, ulu əcdadlarımız ayın fəzadakı vəziyyətini nəzərdən keçirməklə də havaların necə keçəcəyini müəyyən edə bilirdilər. Əcdadlarımız inanırdılar ki, aypara şəklində olan ayın üzü qibləyə (bəzən də “aşağıya olarsa” deyilir) olarsa, qış və yaz-yay ayları gözəl olar, ayın üzü yuxarı olarsa, bu zaman qış soyuq, yaz-yay isə quraq olarmış.
Qarabağlar kənd sakini Xatirə Gənoyeva isə qeyd edir ki, nənə-babalarımız havanın necə keçəcəyini həm də quşların hərəkətindən müşahidə edə bilirdilər:
-Belə eşitmişəm ki, qatarlanıb isti ölkələrə uçan durna dəstələri payızla vidalaşarkən alçaqdan uçarlarsa, qış sərt olacaq, yox, əgər durna köçü hündürdən getsə, qış mülayim keçəcək. Quşlarla bağlı digər bir təsəvvür də mövcuddur. Belə ki, quşların gec köçməsi qışın mülayim keçəcəyini göstərir, əgər quşlar tez köçərsə, bu da soyuqların tez düşməsindən, qışın sərt keçməsindən xəbər verir. Bir də təcrübədən çıxarıblar ki, əgər payızın ilk ayında göy guruldasa, payız fəsli isti olacaq, payızda yerə qar düşsə, qış mülayim keçəcək, payız fəsli isti keçərsə, bu zaman qış uzun sürəcək.
Qeyd edək ki, xalqımızın metroloji görüşləri ilə bağlı xalq yaradıcılığında da bir sıra örnəklər var. Babalarımız müəyyənləşdiriblər ki, qış fəslində gecələr ayazlı, gündüzlər dumanlı keçərsə, bu, qışın sərt, şaxtalı olacağına işarədir. Yəni bu müddətdə havalar soyuq keçir, torpaq soyuyur. Qışda gündüzlər ayazlı, gecələr dumanlı olanda isə əksinə, havalar nisbətən isti keçər, torpaq daha isti olar, bitkilər tez və yaxşı inkişaf edər, məhsul bol olar. Bu sınama bir xalq şerində də əksini tapmışdır:
Gecə ayaz, gündüz duman, ilin kürüdür - kürü,
Gündüz ayaz, gecə duman, ilin gülüdür - gülü.
Göründüyü kimi ulu əcdadlarımız ətraf aləmlə bağlı çox böyük müşahidələr aparıb və özləri üçün vacib olan metroloji məsələləri də aydınlaşdırmağa çalışıblar. Nəzərə alsaq ki, müasir dövrdə elmin, texnikanın inkişaf etdiyi bir zamanda metroloqlar çox çətinliklə uzun müddətdə havanın necə olacağını müəyyənləşdirməkdə çətinlik çəkirlər, bu da əcdadlarımızın müşahidə qabiliyyətinin və ətraf aləmlə bağlı təsəvvürlərinin nə dərəcədə inkişaf etdiyindən xəbər verir.
Anar Qasımov
“Yeni həyat ” qəzeti