Müzəffər Nəsirli
Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat
1920-1970-ci illər
(Davamı)
...Məhz buna görə də Azərbaycan Yazıçılar İttifaqı 1958-ci il may ayının 15-16-da Naxçıvanda çox məzmunlu yaradıcılıq plenumu keçirdi. Plenumun işində Azərbaycanın görkəmli yazıçısı, şair və tənqidçiləri , muxtar respublikamızın ziyalıları, partiya və Sovet təşkilatlarının nümayəndələri iştirak etdilər.
Plenumu Xalq yazıçısı Mehdi Hüseyn giriş sözü ilə açaraq Naxçıvan zəhmətkeşlərinə Azərbaycan yazıçılarının salamını yetirib dedi,: “Azərbaycanın ayrılmaz hissəsi olan doğma Naxçıvan torpağına, öz səmərəli əməyi ilə çiçəkləndirən Naxçıvanlı qardaşlarımıza Azərbaycan Sovet yazıçılarının alovlu salamını yetirirəm və ümid edirəm ki, bu plenum yalnız ədəbi məsələləri müzakirə etməklə qalmayıb, ümumən mədəniyyətimizin inkişafına da müəyyən bir təkan verəcəkdir”. (“Ədəbiyyat və incəsənət” qəzeti. 24 may 1958 –ci il. N-21 (963)
Xalq şairi Rəsul Rza qədim Naxçıvan torpağının tarixi keçmişindən, onun böyük alim, yazıçı və şairlərindən, Naxçıvanın Azərbaycan milli mədəniyyəti tarixindəki mövqeyindən, müasir dövrdə Naxçıvanda yazıb yaradan yazıçı və şairlərin ədəbi fəaliyyətindən bəhs edən geniş və dolğun məzmunlu məruzə ilə çıxış etdi.
Naxçıvanlı qələm yoldaşlarının yaradıcılığındakı qüsurları da ətraflı göstərdi. Rəsul Rza dedi,: “Naxçıvanda yaşayıb yaradan Hüseyn Razi, Ə. Əliyev, Əhməd Mahmud, Müzəffər Nəsirli, Əkbər Məftun və başqalarının şerləri müxtəlif qüvvələr, müxtəlif mövzuda və müxtəlif yaradıcılıq səviyyəsində yaranan ədəbiyyat numunələridir”.
(R.Rza “Mənim fikrimcə”. Səh 27-28. Bakı. 1967 –ci il)
Rəsul Rza məruzəsində Hüseyn İbrahimov, Əliyar Yusifli, Kəmalə Ağayeva, Hüseyn Razi, Məşkur Əkbərin yaradıcılığı üzərində daha geniş dayanaraq göstərdi ki, artıq istedadlı gənclər yetişir. Onlara qayğı, yaradıcılıq köməyi göstərmək Azərbaycan Yazıçılar İttifaqının şərəfli vəzifəsidir. Plenumda xalq şairi Süleyman Rüstəm, Məmməd Rahim, yazıçı Əli Vəliyev, Xalq yazıçısı Süleyman Rəhimov, Mir Cəlal, Əbülhəsən, habelə Naxçıvanda yaşayan yazıçı, şair və ziyalılardan Müzəffər Nəsirli , Hüseyn İbrahimov, Xalq artisti İbrahim Həmzəyev, Maarif naziri Səfərəli Babayev, Mədəniyyət naziri Əli Hüseynov, ədəbiyyat müəllimi Məmməd Bektaşi, Abbas Hüseynov, həkim Əliheydər Qənbərov və Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi Xurşud Məmmədova yoldaşlar da çıxış edərək, Naxçıvandakı ədəbi həyatının müxtəlif sahələrindən bəhs etdilər. Müvəffəqiyyət və nöqsanları göstərdilər. Plenumda çıxış edən görkəmli sənətkarlar, Naxçıvanda yaşayan yaradıcı adamların əsərlərindəki dil qüsurlarını, mövzu məhdudluğunu da qeyd etdilər, indiyədək onların yazdıqları əsərlərini nəşr olunmadığını təəssüf hissi ilə göstərdilər. Yazıçı Əli Vəliyev dedi ki,: “24 il bundan əvvəl Naxçıvanda “Ədəbiyyat” qəzeti çıxarıldığı halda, indi burada ədəbi orqan yoxdur, bu məsələ partiya sovet təşkilatlarını düşündürməlidir. Filialın öz orqanı olmalıdır, Naxçıvanda almanaxlar çıxarılmalıdır”. (“Ədəbiyyat və incəsənət” qəzeti, 24 may 1958-ci il. N-21 (963)
Plenumda müharibədən sonra ədəbiyyata gəlmiş gənc şairlərdən Hüseyn Razi, Kəmalə Ağayeva, Əlyar Yusifli, Əhməd Mahmud, Məşkur Əkbərin, nasirlərdən Hüseyn İbrahimovun, yaşlı nəsildən Müzəffər Nəsirli, Hüseyn Əzim, Məmmədəli Tarverdiyev, Əkbər Məftunun son illərdəki ədəbi yaradıcılığından geniş və əhatəli bəhs olundu. Demək olar ki, plenum yalnız Naxçıvan ədəbi mühiti üçün deyildi, Azərbaycan sovet ədəbiyyatı tarixində böyük bir hadisəyə çevrildi. Plenuma yekun vuran xalq yazıçısı, Azərbaycan Yazıçılar İttifaqının 1-ci katibi Mehdi Hüseyn, son sözündə plenumun səmərəli keçdiyini, Naxçıvan, yazıçı və şairlər üçün bir ədəbi məktəb olduğunu göstərdi. Əmin olduğunu bildirdi ki, Azərbaycan Yazıçıları İttifaqı bundan sonra filialın işi ilə daha yaxından məşğul olub, onları kamilləşdirmək üçün hər növ yardımı göstərəcəkdir.
Plenumda təşkilat məsələsi müzakirə olundu. Muxtar respublikanın yazıçı və şairlərindən Məmmədəli Tarverdiyev, Hüseyn Razi, Kamalə Ağayeva, Əliyar Yusifli, Məşkur Əkbər, Əhməd Mahmud Yazıçılar İttifaqına üzv qəbul edildilər. Azərbaycan Yazıçılar İttifaqının bu səyyar plenumdan sonra istər yaşlı, istərsə də gənc ədəbi qüvvələr yeni ədəbi axtarışlar apardılar. Plenumdakı tənqidi qeydlərdən nəticə çıxaran gənclər Azərbaycan şerinin mübarizə ənənələrini davam etdirmək üçün öz qüvvələrini səfərbər etdilər. Şair və nasirlərimiz öz sənətkarlıq məsələlərinə ciddi münasibət bəsləməyə başladılar. Qədim torpağın poeziyası gündən-günə büllurlandı. Şairlərimizdən Müzəffər Nəsirlinin “Mənim respublikam”, Hüseyn Razinin “Kəndimizin səhəri” şeirlər kitabı, yazıçı Hüseyn İbrahimovun “Baharın hekayəsi” povesti Naxçıvan mətbəəsində nəşr edilib oxuculara təqdim olundu. Səyyari plenum demək olar ki, Naxçıvanda ədəbi yaradıcılıq sahəsində dönüş və yüksəlişə qüdrətli amil oldu. Heç təsadüfi deyil ki, həmin il SSRİ yazıçılarının III Qurultayında Azərbaycan Yazıçılar İttifaqının 1-ci katibi, Xalq yazıçısı Mehdi Hüseyn öz məruzəsində iftixarla demişdir,: “ Naxçıvanda keçirdiyimiz plenum onun göstərdi ki, ədəbi qüvvələr yalnız Bakıda deyil, böyük şəhərlərimizdə, habelə respublikamızın rayonlarında da sürətlə inkişaf edir. Bunu plenumdan sonra Naxçıvanın müəlliflərinin kitablarının nəşri bir daha sübut edir. Öz əsərləri ilə istedadlı yazıçı Hüseyin İbrahimovla yanaşı, Naxçıvanda yaşayan şair Hüseyn Razi və Müzəffər Nəsirli də işləyir, bu müəlliflərin əsərlərinin nəşrinə təşəbbüs göstərmək təqdirəlayiq haladır”. (Mehdi Hüseyn. “ Azərbaycan sovet ədəbiyyatı kommunizm uğrunda mübarizə” Moskva, 1958-ci il. səhifə 37. Rus dilində).
Ardı var