2002-ci ildən başlayaraq hər il Aprelin 6-da Ümumdünya Fiziki Aktivlik Günü qeyd edilir. Fiziki aktivlik əzələlər vasitəsilə yerinə yetirilən və enerji sərf olunan hər hansı bədən hərəkətidir. Fiziki hərəkətsizlik xroniki xəstəliklərin yaranmasının risk amilidir və dünyada ildə 2 milyondan çox insanın ölümünə səbəb olur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qlobal miqyasda yaşlıların orta hesabla hər üç nəfərindən biri fiziki cəhətdən yetərincə aktiv deyil. Bundan əlavə, süd vəzinin və yoğun bağırsağın xərçəngi xəstəliklərinin təqribən 21, diabet hallarının 27 və ürəyin işemik xəstəliyinin təqribən 30 faizinin əsas səbəbi fiziki hərəkətsizlikdir.
Müxtəlif yaş qruplarına mənsub olanlar üçün aktivliyin optimal səviyyəsi barədə tövsiyələr hazırlanıb, lakin azacıq da olsa fiziki aktivlik, ümumiyyətlə belə aktivliyin olmamasından daha yaxşıdır. Passiv həyat tərzi keçirənlər fiziki aktivliyin mövcud səviyyəsindən başlayaraq məşğələlərin müddəti, tezliyi və intensivliyini tədricən artırmalıdırlar.
Ölkəmizdə Ümumdünya Fiziki Aktivlik Günü hər il müxtəlif maarifləndirici tədbirlərlə geniş qeyd olunur, fiziki passivliyin, yəni fiziki aktivliyin olmaması və ya az olmasınin sağlamlığa zərərli təsirləri barədə məlumat verilir.
Fiziki aktivlik ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklərin profilaktikası və sağlamlıq üçün vacib əhəmiyyətə malikdir.
Bədəndə skelet əzələlərinin enerji sərfini tələb edən hər hansı bir hərəkət fiziki aktivlik hesab edilir. Fiziki aktivlik dedikdə təkcə qaçış və ya sürətlə qaçış, velosiped sürmək, aerobika və digər idman məşqləri deyil, həm də gündəlik aktivlik, məsələn, sürətli gəzinti, pilləkənlərlə qalxmaq və enmək, ev işlərinin görülməsi, rəqs etmək və digər aktiv əyləncələr nəzərdə tutulur.
Fiziki aktivlik əzələləri, xüsusilə ürək və tənəffüs sistemi əzələlərini möhkəmləndirir, sümükləri möhkəmləndirir və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır, yüksək qan təzyiqi (hipertoniya), ürəyin işemik xəstəlikləri, beyin insultu, şəkərli diabet, süd vəzi və yoğun bağırsaq xərçəngi və depressiyanın yaranma riskini azaldır, yıxılma, həmçinin boyun, qalça, onurğa zədələnmələri riskini azaldır, enerji mübadiləsini və normal bədən çəkisini saxlamağa kömək edir.