Hər kəsin qəlbində bir Vətən nəğməsi var. Kimi ürəyinə yazır bu nəğməni, kimisi daşa-torpağa. Mən də əlimə qələm aldım. Ruhuma hopan bu sevgini vərəqlərin üstünə səpərək varlığımı çulğalayan bir nəğmənin sədaları altında, sıldırım qayaların zirvəsi, buz bağlayan uca dağların qoynunda özünə yurd-yuva salmış qədim tarixə malik olan doğma Naxçıvanımı vəsf etmək keçdi sinəmdən. Tarixin qalın bir pərdəsi çəkilib bu diyarın üstünə. Babalarımızın ulu keçmişi, yaşayışı, sevinci-kədəri, olumu-ölümü, qalibiyyəti, məğlubiyyəti həkk olunan “Açıq Səma” altında olan tarixi bir muzeydir doğma diyarım. Gün çıxanda Gəmiqaya, gün batanda Ağrı dağı, quzeydə Kiçik Qafqaz, Güneydə Arazın o tayında ucalan Qara dağ silsilələri ilə dövrələnən və dünyanın ən gözəl möcüzəli yerlərindən biridir Naxçıvan torpağı. Təkcə bir abidə bəs edər ki, qədimlik duyğusunu dadasan. Əslində bu qayalar səltənətində sivilizasiyanın öyrənilməsinə heç ömür də yetməz. Şərqin qapısı olan doğma diyarımız zamanın bulanıq dalğalarından mərd, üzüağ çıxıb. Bəlkədə bəşər tarixinin yaddaşı ilə yaşıd olan qədim diyar tariximizə, taleyimizə, mədəniyyətimizə, münasibətimizə, yaşam tərzimizə bir güzgüdür. Burada hər daş, hər kəssək parçası özündə bir tarix yaşadır. Sirli açılımını gözləyən bir tarix...
Bu diyarın möcüzəsi təkcə onun tarixi keçmişi ilə bitmir. “Şərqin qapısın”da insanlar sanki təbiətlə yarışa çıxıb. Göz işlədikcə ruhumuza dinclik, huzur gətirən yaşıllıqlar, insanı özünə valeh edən gül-çiçəklər insan əlinin gücündən, zəkasının sonsuzluğundan xəbər verir. Biri-birindən gözəl yaşayış binaları, məktəblər, saraylar xüsusi bir zövq, ayrıca səliqə sahmanla elə tikilib ki, hər biri göz oxşayır. Daşdan hansı möcüzələr yaratmağı, torpaqdan neçə cür nemətlər almağı naxçıvanlılardan yaxşı bilən olmaz.
Dağlar qoynunda yerləşən Naxçıvanda əkinəyararlı torpağın azlığı insanı onun qədrini bilməyə, onu dönə-dönə əkib-becərməyə, qənaətçil, səbirli olmağa öyrədib.
Bu yurdun təbii mer-meyvəsindən, bitkilərindən hazırlanan mürəbbə, şirə və turşularının əvəzi yoxdur.
Əslində Naxçıvan adət-ənənəsinə, mədəniyyət nümunələrinə, məişət qaydalarına, dialektik nümunələrinə görə Arazın o tayını bu tayı ilə bir-birinə bağlayan körpü rolunu oynayır. Təsadüfü deyil ki, bura gələn turistlər Naxçıvanın duzunu dadıb, havasını udub, suyunu içəndən sonra bu yurdun özəlliyini dərk edərlər. Burada hər bir həyət cənnət guşəsidir. Dumduru, buz kimi suyu olan kəhrizlər, göz yaşını xatırladan, çağlayan buz bulaqlara baxanda bu yurdun necə böyük dühalar yetişdirdiyinin sirrinin sanki çözmüş olursan. Naxçıvan yazılmış bir kitabdır. Bu kitabı səhifələdikcə Araz çayını qınayıram, ittiham edirəm onu. Kimlər addımlamayıb ki bu çayın üzərindən? Səyyahlar, düşmən ordusu, xalqlar, millətlər, günçıxanla, günbatanın ən uzun savaş və barış yoludur bu yol.
“İpək yolu”, ticarət və mühacirət yolu. Bu yolla xoş niyyətlə gələnləri duz-çörəklə qarşılayıb Naxçıvan camaatı. Bədniyyətlə gələnləri isə misri qılıncla qarşılayıb xalqım!
Bu qılıncla yağıların iti caynaqlarını kökündən vurub sala biləcək Koroğlu cəsarətli, Babək əzmli, Nəbi qeyrətli oğullarımız olub tarix boyu. Xalq arasında belə bir deyim var: Millətin qədimliyi iki şeylə daha çox ölçülür: Musiqisi ilə, bir də mədəniyyəti ilə. Mətbəximizin zinəti olan dolma, küftə, plov, qovurma, bozartma, lülə kabab kimi xörəklərimizə olan marağı görəndə içimdən bir hiss keçir: nə yaxşı ki, naxçıvanlıyam. Uca dağları, yaşıl meşələri, qədim qalaları olan, min-min əfsanə pıçıldayan bir yurdun övladıyam. Babalarımızın fikir ümmanını qəlbində yaşadan bir vətən övladıyam. Bəlkə qəlbimdəki vətən sevgisinin nəticəsidir, hisslərimdəki təmizlik. Ağlımdakı xəyalıma qanad verən duyğularım, arzularım öz mayasını Vətən dediyimiz bir ovuc torpaqdan alır. Bir ucu dünyanın sirlərinə yetən yollara yoldaş olaraq vətən nəğməsini dinləyə-dinləyə xeyirxahlıq, nəciblik, böyük fikirlər, gözəl duyğular qazandım. Bu gün xoşbəxdəm. Hansı işdən yapışıramsa, hansı arzuma işıq saçıramsa, ordan qapılar açılır. Qapı ki açıldı, ordan boylanmaq həvəsindən özünü saxlamaq qeyri mümkündü. Həyat eşqi, cəngavərlik təbiəti, nikbinlik ruhuma hakim kəsilir. Bəlkə bu inadkar mübarizəmin nəticəsidir ki, şagirdlərim bir-birinin üstünə uğur qazanırlar. Təhsil şöbəsi, Hərbi komissarlıq tərəfindən aldığım təşəkkürlər, fəxri fərmanlar bir daha dövlət qayğısını öz üzərimdə hiss etməyimə imkan verir. Bu isə mənim və yeniyetmələrimin yoluna yaşıl işıq saçır. Bu yaşıl işıqda şagirdlərimi dünyagörüşlü, bacarıqlı, istedadlı görmək bir müəllim kimi mənim ən böyük arzumdur. Bu arzuma doğru irəlilədikcə ürəyimdə vətənimin istisini hiss edirəm, ulu öndərimiz Heydər Əliyevin sözləri qulağımda səslənir: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”. Bu arzuma doğru irəlilədikcə ürəyimdə vətən torpağının istisini hiss edirəm.
Bu istilik-bu vətən sevgisi isə ruhuma bu sözləri pıçıldayır: “Mən muxtar respublikamızın tanıdılması və inkişafı üçün nə etmişəm?”. Respublikamızda təşkil olunan rəsm müsabiqələrində iştirak edən şagirdlərimin qazandığı uğurlar, aldıqları fəxri fərmanlar məni daha da sevindirir, ruhumu qanadlandırır, ömrümə ömür qatır. Vətənimə, torpağıma, elimə, bir sözlə Azərbaycanıma bağlılığımı artırır.
Aytəkin Həsənova
Ordubad Rayon Uşaq Gənclər Yaradıcılıq Birliyində dərnək rəhbəri