ICESCO İslam ölkələrində sağlamlıq tədbirlərini artırmağa çağırıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) beynəlxalq ictimaiyyətin hər il aprelin 7-də qeyd etdiyi Ümumdünya Sağlamlıq Günü ərəfəsində üzv ölkələrə müraciət edib.

Təşkilatın baş ofisindən bildiriblər ki, müraciətdə dünyada hökm sürən əlverişsiz sosial və iqtisadi şəraitə baxmayaraq, beynəlxalq ictimaiyyətin səhiyyə sektorunun təşviqinin vacibliyi barədə məlumatlılığı artırmaq məqsədilə hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd etdiyi diqqətə çatdırılıb. ICESCO, öz növbəsində, İslam dünyasında səhiyyə sektorunun yaxşılaşdırılmasına töhfə verən proqram və fəaliyyətlərin işlənib hazırlanmasına sadiqliyini təsdiqləmək üçün “Hamı üçün sağlamlıq” təşəbbüsünə qoşulub.

ICESCO-nun müraciətində deyilir: “Sağlamlığın əsas insan hüququ və davamlı inkişafın zəruri komponenti olduğuna inanaraq, təşkilatımız səhiyyə sistemlərinin inkişafı, hərtərəfli tibbi əhatə siyasətinin həyata keçirilməsi, sanitariya və sağlamlıq haqqında məlumatlılığın artırılması sahəsində üzv dövlətləri öz səylərini gücləndirməyə çağırır. Bir sıra İslam ölkələrində səhiyyə sahəsində ixtisaslaşmış tədqiqat mərkəzləri və institutları, habelə səhiyyə işçilərini birləşdirən elmi şəbəkələr və təlim sessiyalarını özündə birləşdirən konsorsiumlar fəaliyyət göstərir.

ICESCO hökumətləri, beynəlxalq və regional təşkilatları, ayrı-ayrı şəxsləri səhiyyə sahəsində innovasiyaları genişləndirməyə, genetik xəstəlikləri qabaqcadan müəyyən etmək və onların müalicəsini tapmaq, həmçinin yoluxucu xəstəliklərin qarşısını almaq üçün müasir texnologiya tətbiqləri, süni intellekt və genomikadan faydalanmağa çağırır. Təşkilat, həmçinin səhiyyə sahəsində sahibkarlığa investisiyaların və tibb işçilərinin ixtisasının artırılmasının vacibliyini vurğulayır.

Təşkilatımız hesab edir ki, səhiyyə sektoru cəmiyyətlərin davamlılığının dəqiq göstəricisidir. Buna görə ICESCO ədalət və bərabərlik dəyərlərinə riayət etməyin, bu sahədə fərdlərin şəxsi həyatına hörmətlə yanaşmağın və hamı üçün hərtərəfli səhiyyə xidmətinin təmin edilməsi məqsədilə elmi araşdırmaların təşviq edilməsinin vacibliyini vurğulayır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: