Azərbaycan və Səudiyyə Ərəbistanı daxili işlər nazirlərinin görüşü olub

A- A A+

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, nazir Ramil Usubov onun dəvətini qəbul edərək Azərbaycana rəsmi səfərə gəldiyinə görə şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səuda təşəkkürünü bildirib, ölkələrimiz arasında son illər bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.

Xalqlarımız arasında çoxəsrlik tarixi, mədəni, dini yaxınlığın mövcudluğunu qeyd edən nazir dövlətlərarası əlaqələrin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, həmçinin 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfər etdiyini, müxtəlif sahələrdə beynəlxalq hüquqi sənədlərin imzalandığını məmnunluqla xatırladıb. O, Prezident İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səudun siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini, Səudiyyə Ərəbistanının beynəlxalq arenada Azərbaycanı tam dəstəklədiyini söyləyib, bu səfərin, xüsusən Əbdüləziz bin Səud bin Nayif Al Səudun dövlətimizin başçısı tərəfindən qəbul olunmasının Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni impuls verəcəyinə əminliyini ifadə edib.

Ramil Usubov müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər, torpaqlarımızın işğalı, Ulu Öndərin ali hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş müsbət nəticələr barədə məlumat verib. Qeyd olunub ki, kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası Azərbaycanda bir sıra qlobal infrastruktur layihələrin reallaşmasına, iqtisadiyyata külli miqdarda xarici sərmayənin yatırılmasına, insanların təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərməsinə, hər il getdikcə daha çox səudiyyəlinin turist kimi respublikamıza gəlməsinə əlverişli şərait yaradıb.

Daha sonra nazir regionda cərəyan edən proseslərin transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi zərurətini meydana çıxardığını qeyd edib, bu növ cinayətlərə, xüsusən beynəlxalq terrorçuluğa, narkotik qaçaqmalçılığına, qanunsuz silah ticarətinə, insan alverinə qarşı səmərəli mübarizə aparmaq üçün əməkdaşlığın genişləndirilməsinin, informasiya mübadiləsinin intensivliyinin artırılmasının əhəmiyyətini, Daxili İşlər nazirlikləri arasında əlaqələrin möhkəmləbdirilməsinin, bununla əlaqədar mükəmməl normativ hüquqi bazanın yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb. Nazir səudiyyəli həmkarının dəvəti əsasında cari il fevral ayının 19-da dost ölkəyə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” Protokolun imzalanmasını bu istiqamətdə mühüm addım kimi dəyərləndirərək qarşılıqlı faydalı münasibətlərin hər iki ölkənin maraqlarına və xalqlarımızın mənafelərinə cavab verdiyini vurğulayıb.

Əbdüləziz bin Səud bin Nayif Al Səud dəvətə və yüksək qonaqpərvərliyə görə Ramil Usubova təşəkkür edib, bu səfərin əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Respublikamıza ilk dəfə rəsmi səfər etməsindən, onun dinamik inkişafından, burada gedən böyük quruculuq işlərindən məmnunluğunu ifadə edən şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səud həssas bölgədə yerləşən Azərbaycan və Səudiyyə Ərəbistanının möhkəm təməllərə söykənən dostluq və qardaşlıq münasibətlərinin, hər iki ölkədə sabitliyin, əmin-amanlığın təmin edilməsinin regiondakı ümumi təhlükəsizliyə müsbət təsir göstərəcəyini, Krallığın hüquq-mühafizə orqanlarının əməkdaşlıqda hər zaman maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə təhlükəsizlik sahəsində əlaqələrin mövcud vəziyyəti, prioritet istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev görüşdə iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: