Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu ilin ötən üç ayı ərzində Naxçıvan şəhərində, Culfa və Kəngərli rayonlarında mövcud avtomat telefon stansiyalarının internet tutumunun artırılması nəticəsində 550-dən artıq istifadəçinin internetə olan tələbatının ödənilməsinə şərait yaranıb. 487 abonent yeni stasionar telefon xətti ilə, 1646 abonent isə genişzolaqlı internetlə təmin olunub. GPON (Giqabyte Passive Optical Network–Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində isə 38 fərdi mənzilə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.
Nazirliyin aid mütəxəssislərinin iştirakı ilə muxtar respublikanın şəhər, rayon və kəndlərində aparılan monitorinqlər zamanı rabitə xətlərində yaranmış nasazlıqlarla bağlı olaraq yenilənmə işləri görülüb, yeni fiber-optik xətlər çəkilib, paylayıcı şkaflar quraşdırılıb.
Həmçinin istismara yararsız rabitə xətləri yeni xətlərlə əvəz edilib, yeni abonent qutuları əlavə edilməklə rabitə xətt təsərrüfatında olan digər nasazlıqlar aradan qaldırılıb.