Qanunvericilik qaydalarına riayət olunmadan inşa edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək

A- A A+

Uzun müddət ərzində şəhərsalma və tikinti qanunvericiliyinin müəyyən etdiyi qaydalara riayət olunmadan inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik baxımından müvafiq tələblərə cavab verən bir çox tikinti obyektlərinin istismarına icazə verilməsi və müvafiq şəxslərin mülkiyyət hüququnun rəsmiləşdirilməsi gözlənilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı qorunması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi, tikinti-quruculuq sahəsində mövcud olan hüquq münasibətlərinin daha dəqiq nizamlanması, tikinti obyektlərinin istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması zərurəti nəzərə alınmaqla hazırlanıb.

Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi tikinti obyektlərinin tikintisinə yönəldilir. Ölkə iqtisadiyyatının önəmli hissəsini təşkil edən tikinti sektoru daim dövlətin diqqət mərkəzindədir. Bununla belə, ötən müddət ərzində bəzi tikinti obeyktlərində tikinti işlərində şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmaması və ya sənədləşdirilməsində ciddi qüsurların buraxılması həmin tikinti obyektlərinin rəsmiləşdirilməsini qeyri-mümkün edib.

Layihənin qəbulu nəticəsində uzun müddət ərzində şəhərsalma və tikinti qanunvericiliyinin müəyyən etdiyi qaydalara riayət olunmadan inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik baxımından müvafiq tələblərə cavab verən bir çox tikinti obyektlərinin istismarına icazə verilməsi və müvafiq şəxslərin mülkiyyət hüququnun rəsmiləşdirilməsi gözlənilir.

Bundan başqa, tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın göstərdiyi xidmətlərə görə sifarişçi tərəfindən haqq ödənilməsi məsələsi də layihədə öz əksini tapıb.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi tikinti obyektlərinin istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək zərurəti nəzərə alınaraq hazırlanıb. Sənəd ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsinə, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti çərçivəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.

Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: