Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilmişdir. Sərəncamda deyilir: Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Bəli, bu il Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin banisi, Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq müstəqilliyinə qovuşmasına töhfə vermiş qüdrətli şəxsiyyət Heydər Əliyevin ilidir. Bu böyük şəxsiyyətin anadan olmasının 100 illiyi fövqündə Onun həyat və fəaliyyətindən söhbət açır, xalqımızın tale payı olan dahinin Azərbaycan üçün misilsiz xidmətlərindən bəhs edir, gənc nəsillərimizə bənzərsiz insanın millətinin xilaskarı olmasından danışırıq. Danışırıq ki, gələcək nəsillər də Ulu Öndərin xalqımız üçün hər zaman qürur duyduğumuz şəxsiyyət olduğu haqqında məlumatlı olsunlar.
Bu gün isə Böyük şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, şair-publisist İbrahim Yusifoğlunun “O, Günəş ömrüdür, sönməyəcəkdir” adlı yeni kitabı haqqında danışmaq istəyirəm. Kitabın annotasiyasında qeyd olunur: Poemada Ulu Öndərin hələ sovet illərində Azərbaycanı geridə qalmış respublikadan qabaqcıllar sırasına çıxarması, onun keçmiş SSRİ-nin rəhbərliyində ən çətin və məsuliyyətli sahələrə məharətlə, yüksək peşəkarlıqla rəhbərlik etməsi, ideoloji işin ustası, mahir bilicisi kimi ürəkdən gələn poetik misralarla məhəbbətlə tərənnüm olunmuşdur.
Kitabda Adil Əliyevin “Heydər Əliyev-böyük millət və dövlət xadimi” məqaləsinin və AMEA-nın professoru Salidə Şərifovanın yazdığı “Poemada Heydər Əliyevin bədii obrazı haqqında” beş hissədən ibarət rəyin yer alması əsərin bədii tərəfi ilə yanaşı, elmi dəyərini də ortaya qoyur və daha oxunaqlı olmasını şərtləndirir.
Müəllif İbrahim Yusifoğlu Böyük şəxsiyyətin ömrünün ayrı-ayrı mərhələlərini özünəməxsus bir şəkildə misralara köçürərək poema janrında yaşatmağa çalışmışdır:
Bir insan ömründən söz açıram mən,
O, Günəş ömrüdür, sönməyəcəkdir.
Səadət verdiyi milyonlar qəlbən,
Onun haqq yolundan dönməyəcəkdir.
Onun böyük olub şöhrəti, şanı,
Qəlbində od vardı hələ yanmağa.
Elə ona görə Azərbaycanı,
Qoymadı içindən parçalanmağa,-
kimi misralar Böyük şəxsiyyətə xalq məhəbbəti ilə yanaşı, həm də Onun xalqına olan məhəbbətini ifadə edir. Eyni zamanda bu məhəbbətin Vətənin bütövlüyünə, müstəqilliyinə xidmət etdiyini də izhar edir:
Dəf etdi ən çətin, qorxunc anları,
Müstəqil bir dövlət qurdu, yaratdı.
Dünyanı titrədən bəyanatları,
Xalqını tanıtdı, azad yaşatdı.
SSRİ dövrünün ayrı-ayrı illərinə, sovet quruluşunun vədlərinə, repressiya illərinə nəzər salan müəllif sonda ümumi nəticəyə gəlir ki, belə bir qarışıq, təzadlı anda qeyrətli bir oğul qəlbən qoruyurdu Azərbaycanı. O oğul ki,
Buludlar yarıldı, göründü hər yan,
Odlar yurdu nurla, şəfəqlə doldu.
Tanrı göndərdiyi O böyük insan
Xalqının əbədi Lideri oldu.
1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsi ilə bütün sahələrdə geriləyən ölkəmizi qabaqcıllar sırasına çıxaran Ulu Öndərin yorulmaz fəaliyyəti şairin misralarında öz əksini belə tapır:
El-obaya can gəldi, can,
Gülüstana döndü hər yan.
Dünya gəzdi Azərbaycan,
Xoş gəlirdi illərimiz,
Heydər idi rəhbərimiz.
“Ağ qızıl”dan dağ dururdu,
“Qara qızıl” bərq vururdu.
Al bayraqlar şan-qürurdu,
Artdı milli sərvətimiz,
Heydər idi rəhbərimiz.
Müəllif tarixin bütün dövrlərində olduğu kimi, həmin illərdə də nankor qonşumuzun torpaqlarımızda gözü olmasını, lakin bunu qorxudan dilə gətirə bilmədiyini də Ulu Öndərin hakimiyyətdə olması ilə əlaqələndirir.
Acgöz qonşu dinənmirdi,
Nə eyləsin, bilənmirdi.
Qorxub torpaq dilənmirdi,
Qorundu kənd, şəhərimiz,
Heydər idi rəhbərimiz.
Fəqət düşmən marığdaydı,
Yol gedirdi, çarıqdaydı,
Gücü saxta tarixdəydi,
Göz dağıydı Öndərimiz,
Heydər idi rəhbərimiz,-
deməklə Heydər Əliyevin hakimiyyət illərində ermənilərin əl-qollarının bağlı olduğunu, qorxudan torpaq adı çəkə bilmədiklərini, bunun üçün başqa bir zamanın marığında olduqlarını misralayıb bənd-bənd edən şair bunu Liderimizin gücü olaraq göstərir, bundan qürur duyduğunu anladır.
20 Yanvar hadisəsindən sonra Naxçıvana qayıdan və burada yaşayan Ulu Öndərə bütün bu əməllərin kimlər tərəfindən törədildiyi gün kimi aydın idi. Elə buna görə də Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunarkən məsələ ilə bağlı çıxış edən Heydər Əliyev deyirdi: “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır...”
Şair poemada geniş yer ayırdığı bu hadisəni bütün təfərrüatı ilə misralara köçürüb. Ulu Öndərin bu hadisədən sonra Vətəninə qayıtması, bu hadisəni lənətləməsi və ona münasibəti isə bu misralar arasında xüsusi yer alır:
Çəkinmədi hədələrdən.
Lider kimi öndə durdu.
Sarı, iblis, vəhşilərlə
Odlanmışdı Odlar yurdu.
Qəlb titrədən bəyanatla,
Bu vəhşilik lənətləndi.
Bircə-bircə adlarıyla,
Günahkarlar cərgələndi.
Bu bəyanat çaşqın xalqı,
Qaytarmışdı öz çağına.
Seçib düzü, tapıb haqqı,
Güvəndik Heydər dağına.
Ümummilli Liderin Naxçıvanda yaşadığı illər də poemada geniş yer alır və maraqlı bəndlərdə birləşən misraları oxuduqca adam 1990-cı illərin Naxçıvanına qayıdır. 20 Yanvar hadisəsi ilə yanaşı, ermənilərin Sədərəyə hücumu sonralar bir çox həqiqətlərin üstünü açdı. Məlum oldu ki, 20 yanvarda Bakıda törədilən qırğın sadəcə diqqətləri Naxçıvandan ayırmaqdan ibarət olub. Əsas məsələ isə Naxçıvanın işğalı imiş ki, bunu da düşmən həyata keçirə bilmədi.
Şair poemada
Ən böyük dərd-Naxçıvanı
Etmişdilər yalqız ada.
Yerdən, göydən bu diyarı
Bürümüşdü blokada.
Rəhbər kimi yaşamaq da
Bu diyarda çətin idi.
Ulu Öndər öz işində
Bütöv idi, mətin idi,-
kimi misralarla həmin dövrü gözlər önünə gətirməyi bacarır, Naxçıvanın düşdüyü vəziyyəti və Ulu Öndərin naxçıvanlıların xilaskarına çevrilməsini oxunaqlı misralarla oxucunun diqqətinə çatdırır.
1990-cı ildə Azərbaycan böyük fəlakət qarşısında idi. Belə bir dövrdə ölkəni xilas etmək üçün xalq ayağa qalxmışdı. Onun qarşısında isə elə bir seçim dayanmışdı ki, bu seçimlə böyük bir xalq bəladan qurtula da bilərdi, əksinə də ola bilərdi. Xalq isə doğru yolu seçdi. Ulu Öndərin hakimiyyətə gəlməsini tələb etdi. Şair poemada bu tarixi böyük bir ustalıqla canlandırmışdır:
Xalq coşub hayqırırdı:
-Bunu hamı bilməlidi,
Bu ölkəni yaşatmağa
Yalnız Heydər gəlməlidi.
Ulu öndər gəlməlidi,
Bütün səddi yıxmalıdı.
Azərbaycan xoş günlərə
Qurtuluşa çıxmalıdı!
1993-cü ildə xalqın təkidi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn Ulu Öndərin Qayıdışı ilə ölkəmiz Qurtuluş yoluna qədəm qoydu. Bu dövr də poemada maraqlı hissələrdən biridir. Çünki şair bu hissəni daha böyük coşqu və sevgi ilə qələmə alıb:
Fərsiz siyasəti rəhbər bəylərin,
Məhvə aparırdı azadlıq ləli.
Elin Xəzər boyda istək, səyləri,
Bakıya gətirdi ulu Heydəri.
Onun büllur kimi əməllərindən,
Çeşmələr çağladı, çaylar duruldu.
Xalqın Vətən sevər igidlərindən,
Yenilməz, mükəmməl ordu quruldu.
İllərlə həllini tapmayan işlər,
Heydər zəkasıyla tapdı həllini.
Onunla baş tutan rəsmi görüşlər,
Dünyada tanıtdı doğma Vətəni.
Çox təbii ki, belə bir Liderin övladı da cənab İlham Əliyev olacaqdı. Dövlətçilik qabiliyyəti, idarəetmə bacarığı, siyasi-hərbi savadı ilə dünyanın həsəd apardığı lider cənab İlham Əliyev. Azərbaycan xalqı qürur duyur ki, bu gün ölkəmizə belə bir atanın övladı, mənəvi və siyasi varisi rəhbərlik edir. Onun Ulu Öndərin yolunu uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan inkişaf edən dövlətlər arasında yuxarı pillədə yer alır. Cənab Prezidentimizin Ulu Öndərin “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” vəsiyyətini həm bir övlad, həm də siyasi rəhbər olaraq reallaşdırması xalqımıza liderlik bacarığını göstərməklə yanaşı, həm də qədim ailə dəyərlərimizin qorunub yaşadılmasının əhəmiyyətli məsələ olduğunu aşıladı.
Poemada elə İbrahim Yusifoğlunun da gəldiyi nəticə budur. Torpaqlarımızın işğaldan azad olunması ata vəsiyyətinin yerinə yetirilməsi kimi misralara da çevrilib:
Ata vəsiyyətin oğul Prezident,
Doğrultdu müqəddəs əməllərində.
Yenilməz bir ordu qurub-yaratdı,
Dünyanın qarışıq, sərt illərində.
44 günlük Vətən vuruşlarında,
Yüksəldi ordunun şöhrəti-şanı.
Döyüşlərdə dönüb “Dəmir yumruğ”a,
Tanıtdı dünyaya Azərbaycanı.
Torpaqlarımızın işğaldan azad olunmasını vətəndaş qayəsi ilə ipə-sapa düzən şair 44 günü lirikaya çevirərək bədiiləşdirib. Oxuduqca bütün ruhumuzla 2020-ci ilin payızına qayıtdığımız misraları Zəfər tariximizin əbədi nümunəsi hesab etmək olar. Bu misralar həm də bizimlə hər zaman yaşayacaq qürur tariximizdir:
...Beləcə gur səslə, vüqarlı səslə,
Bütün uğurları açıb söylədi.
Azad torpaqların adların bir-bir,
Bir daha dünyaya bəyan eylədi.
...Füzuli bizimdir,
Cəbrayıl bizimdir,
Zəngilan bizimdir,
Qubadlı bizimdir,
Ağdam bizimdir,
Laçın bizimdir,
Kəlbəcər bizimdir,
Şuşa bizimdir,
Qarabağ bizimdir!
Eşq olsun Azərbaycana!
Poema müəllifinin “Son söz”ü cəmi iki bənddən ibarət olsa da, böyük məna izhar edir. Ulu Öndərin ölməz, əbədi olduğunu, xalqın ürəyində daim yaşayacağını əks etdirən bu misralar həqiqətən də hər bir azərbaycanlının düşüncəsidir:
Bu gün son mənzilin Fəxri Xiyaban,
Qərq olub əbədi çiçək ətrinə.
O Günəş ömrünü dünyaya yayan,
Dönübdür şeirimin qızıl sətrinə.
Bir insan ömründən söz açıram mən,
O mavi göylərdən enməyəcəkdir.
Əbədi bir ömür alıb Günəşdən,
O, Heydər ömrüdür, sönməyəcəkdir!
Hər birimizin qürur duyduğumuz Ümummilli Liderimiz haqqında belə bədii əsərlər nə qədər yazılsa, yenə də azdır. Çünki Onun həyat və fəaliyyəti, xalqına məhəbbəti yüzlərlə belə əsərlərə sığar. Bu baxımdan da hər bir bədii nümunə bizim üçün dəyərlidir. İbrahim Yusifoğlunu ürəyindən gələn səslə misraladığı bu əsəri münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
Mətanət Məmmədova