Şərurda çağırışçılar hərbi xidmətə yola salınıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunda çağırışçıların hərbi xidmətə yola salınması münasibətilə tədbir keçirilib.
Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.
Mərasimdə qeyd olunub ki, Vətənə xidmət etmək həm məsuliyyətli, həm də müqəddəs və şərəfli vəzifədir. Bu gün silahlı qüvvələrimizin istər döyüş hazırlığı, istər silah, sursat və texniki təminatı, istərsə də zabit və əsgərlərimizin yüksək peşəkarlığı istiqamətində qətiyyətli işlər görülür, bütün hərbi hissələrdə infrastruktur yenilənir, maddi-texniki baza təkmilləşdirilir.
Çıxış edənlər vətəni müdafiə etmək kimi şərəfli işdə gənclərimizə qətiyyət, mətanət, dözüm və möhkəm can sağlığı arzulayıblar.
Çağırışçılar adından çıxış edən Sirac Mahmudov Vətən torpaqlarının keşiyində mətin dayanacaqlarına, komandirlərin əmr və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirəcəklərinə söz verib.
Qeyd edək ki, çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması aprelin 30-dək davam edəcək.
Xosrov İbrahimov