Culfa rayonunda İkinci Dünya Müharibəsi iştirakçısının 100 illiyi qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Culfa rayonunda İkinci Dünya Müharibəsi iştirakçısı, Yaycı kənd sakini Abdulla Səfərov 100 illik yubileyi münasibətilə ziyarət olunub.

Görüşdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova və Culfa Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Vahid Muradov bildiriblər ki, İkinci Dünya müharibəsində tarix boyu qəhrəmanlıqları ilə seçilən naxçıvanlılar həm arxa, həm də ön cəbhədə əzmkarlıq nümunəsi göstərib, döyüşlərdə cəsarətlə vuruşub, faşist ordu hissələrinin hərbi texnikasını və canlı qüvvəsini məhv edib, bu yolda çoxları ölümləri ilə əbədiyyətə qovuşublar.  Hazırda müharibəni görmüş, ön cəbhədə iştirak edərək qəhrəmanlıq göstərib, müharibənin ağrılarını hələ də üzərlərində daşıyan, həyatda olan naxçıvanlı müharibə veteranları vardır. Onlardan biri də Abdulla Səfərovdur.

100 yaşlı veteranın həyat yoluna nəzər salınaraq bildirilib ki, Abdulla Səfərov 1923-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olub. İkinci Dünya müharibəsinin ilk illərindən müharibəyə çağırılıb və ön cəbhədə fədakarlıq göstərib. O, Şimali Qafqaz cəbhəsində döyüşərək Mozdok və Krım şəhərlərinin almanlardan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Yubilyar Abdulla Səfərov 10 övlad, 39 nəvə, 74 nəticə və 12 kötücə sahibidir.

Qeyd edilib ki, dövlətimizin hərtərəfli qayğısı əhatəsində yaşayan Abdulla Səfərov döyüşlərdə göstərdiyi şücaətə görə müxtəlif orden və medallarla təltif edilib, 2015-ci ildə ona avtomobil də verilib.  

100 yaşlı veteran Abdulla Səfərov göstərilən diqqətə minnətdarlıq edib, qalib ölkənin vətəndaşı olmaqdan qürur duyduğunu bildirib.

Sonda yubilyara hədiyyələr təqdim olunub.

                                                                            Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: