Ulu öndər: “Mən sənə söz verirəm, Naxçıvan heç bir zaman Şuşanın gününə düşməyəcək! Biz Şuşanı azad edəcəyik!”
Heydər Əliyev mənim xatirəmdə
Əminəm ki, bizim nəslə mənsub insanların bir çoxunun Heydər Əliyev haqqında deməyə sözü var. Kitablardan oxuduqları yox, məhz xatirələri. O insanlardan biri də mənəm. İndiki nəsil Heydər Əliyevi kitablardan, videoyazılardan tanıyır. Ancaq mən onunla şəxsən ünsiyyətdə olmuşam. Ulu öndərlə düz iki dəfə görüşməyin xoşbəxtliyini yaşamışam. Bəli, mübaliğəsiz, məhz xoşbəxtlik yaşamışam.
11-ci sinfi bitirməyimə sayılı günlər qalmışdı. 1993-cü il idi. 17 yaşım hələ tamam olmamışdı. Məktəbimizin direktoru Ələkbər Quliyev şeir yazdığımı bilirdi. Bir gün məni yanına çağırdı:
-Qarşıdan Heydər Əliyevin 70 illik yubileyi gəlir. Yaxşı bir şeir yaza bilərsənmi?
Dəliqanlı vaxtlarım idi:
-Mən sifarişlə şeir yazmıram, Ələkbər müəllim, - dedim.
Tutuldu. Doğrusu, mən də tutuldum. Məktəbin ən fəal şagirdlərindən biri olmağımla yanaşı ən nadinclərdən idim. Yaxşı tədbir hazırlamağım var idi. Yaxşı təşkilatçı idim. Amma nə edəsən ki, məktəbdə pəncərə şüşəsinin qırılması da mənim “əsərim” idi.
Dikbaşlığımın fərqinə varıb vəziyyəti düzəltmək üçün gülə-gülə tez dilləndim:
-Ələkbər müəllim, mən Heydər Əliyevə şeir həsr etmişəm.
Gözləri güldü:
-Hazırlaş, yaxın günlərdə Ali Məclisə gedəcəyik.
Sevincimin həddi-hüdudu yox idi. Sonralar mən bu unudulmaz görüş üçün Ələkbər müəllimə həmişə rəhmət oxuyacaqdım. Evə gələr-gəlməz səliqəli xətt ilə tələsmədən dəftərimdən şeiri ağ vərəqə köçürdüm. Heydər Əliyevə hədiyyə etməyi düşünürdüm. Məktəbi bitirmədiyimə görə pasport almamışdım. Rəsmi ad və soyadım hələ ki Səbinə Əliyeva idi. Şeirin altında imzamı qoyduqdan sonra mötərizədə təxəllüsümü-Əlincəli yazdım.
Günlərimi sayırdım. Nəhayət ki, həmin gün gəldi. 8 may 1993-cü il. Şuşanın işğalından düz 1 il ötürdü. Qonşumuz Qadir həkimgilin həyətindən Yaqut xalanın icazəsini aldıqdan sonra bir dəstə bənövşəyi zanbaq topladım.
İlk cərgədə əyləşdirdilər. Çiçəkləri bərk-bərk qucaqlayıb oturmuşdum. O, içəri daxil oldu. Onu şəxsən görmüş, onunla ünsiyyətdə olmuş insanlar birmənalı olaraq bir faktı təsdiqləyərlər: ondan gələn enerji. Gözəgörünməz enerji. Onun yanında sözlə izah edə bilmədiyim enerjinin dalğasını hiss edirdim. Çox fərqli idi. İlk cərgədə əyləşdiyim üçün, iclas zalı kiçik olduğundan onunla yaxın məsafədə idim. Gözlərinin rəngi, iti baxışı adamı ovsunlayırdı. Diqqətlə mənə, qucağımdakı güllərə baxırdı. Aradan 30 il ötüb. Bu illərdə Bakıda, Sankt-Peterburqda, Naxçıvanda yaşamışam. Hələ də onun qədər xarizmatik insana rast gəlməmişəm.
Çıxışlar başladı. Qeydlər aparırdı. Arada başını qaldırıb zala baxırdı. Bir nəfər qalxdı. Kim olduğunu xatırlamıram. Şeir qiraət etdi. Belə bir misrası var idi: “Şərqin qoca şiri Naxçıvandadır”. Şeir bitdikdən sonra Heydər Əliyev üzünü zala tutub gülə-gülə “Şir hələ qocalmayıb haaa!” dedi. Sonunu elə intonasiya ilə uzatdı ki. O vurğuda hər şey var idi: inam, əminlik, güc. Mən onda həyatımın ilk dərsini aldım. Yumor hissinin zəka sahiblərinin ən iti silahlarından biri olduğunu anladım. Heydər Əliyevin sərrast, insanın içindən keçən çox güclü zarafatlarının gələcəkdə bütün xalqım kimi, mən də hələ çox şahidi olacaqdım. Olduqca zabitəli görünüşünü zarafatları ilə yumşaldaraq bir anda səmimi ortam yaradan canlı əfsanə idi Heydər Əliyev.
Növbə mənə çatdı. Qalxıb şeirimi oxudum. Kürsüdən aralanıb çiçəkləri Heydər Əliyevə təqdim etdim, 70 yaşı münasibətilə təbrik etdim və şeirimi yazdığım vərəqi uzatdım. Alnımdan öpdü, qucaqladı. Gözlərimin bərabərinə əyildi. O baxışlarda olan qətiyyəti hələ də unuda bilmirəm: “Mən sənə söz verirəm, Naxçıvan heç bir zaman Şuşanın gününə düşməyəcək! Biz Şuşanı azad edəcəyik!”
Şeirimi diqqətlə dinləmişdi.
Xalq sənə inanır, inamı doğrult,
Yurdumun düşməni qoy olsun süqut.
Gücünü qələbə etdirsin sübut,
Xalqımın qeyrətli övladı Heydər!
Çıxart sən xalqını azad, ağ günə.
Düşməsin Naxçıvan Şuşa gününə.
Dağlar çəkilməsin xalqın köksünə,
Xalqımın qeyrətli övladı Heydər!
“Düşməsin Naxçıvan Şuşa gününə” misrası Şuşanın işğalı ilə barışmayan yeniyetmə bir qızın fəryadı idi. O, bu fəryadın ağrısını bütün hüceyrələrinə qədər hiss etmişdi. Həzm edə bilmirdim torpaqlarımızın işğalını. İnandığım bir həqiqət var idi -hamı onun ərtafında sıx birləşməli, çəkici bir yerə vurmalı idi. Heydər Əliyev mənim üçün xalqın önündə gedən, onu düz yola yönəldən başçı idi. Bu dünyada ağıllı, dərrakəli insan çoxdur. Amma hər ağıllı insan lider deyil. Heydər Əliyev lider idi. Mən bunu o vaxt gözəl dərk edirdim. Mənim gözümdə Heydər Əliyev zəkanın və gücün birləşməsi idi. Bu üzdən onu hər zaman sevdim. O görüşdə onun yanında özümü o qədər güvəndə hiss etdim ki, içimdəki qorxu, vahimə, həyəcan bir anda çəkildi. Hələ çox gənc, ürkək, müharibənin dəhşətlərindən gözü qorxsa da, içində qan-qan deyən, ölümə getməyə belə hazır olan cəsarətli bir azərbaycanlı qızının səksəkəsinin üstündən bir xətt çəkdi o görüşdə Heydər Əliyev. O rahatlıq hissini verdiyi üçün, bizi - millətimizi, vətənimizi qoruyacağına inandığım üçün mən onu saf məhəbbətlə sevdim.
...İnamlı alqış səsi zalı bürüdü. Sonrası xoşbəxtlik... Məktəbdə məşhurlaşmışdım.
İkinci dəfə onunla görüşmək 1999-cu ildə qismət oldu. Naxçıvan Dövlət Universitetində, II kursda oxuyurdum. Oktyabr ayı idi. Universitetin rektoru və müəllimim İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının 75 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələcəyini və bu tədbirlər çərçivəsində universitetin yeni tədris korpusunun təntənəli açılışında iştirak edəcəyini söylədi. İsa müəllim Heydər Əliyevi şeirlə salamlamaq üçün bir neçə tələbə ilə birgə mənim də şeir qiraət etməyimi istəyirdi. Keçirdiyim hissləri təsəvvür etmək o qədər də çətin deyil, yəqin ki. Xatirələr yenidən canlandı. Mən elə həmin an Vaqif Məmmədovun 1997-ci ildə qələmə aldığı “Ucalardan uca insan” şeirini söyləyəcəyimə qərar verdim:
Sən ucasan, zəka səndə, güc səndə,
Şimşək səndə, alov səndə, qar səndə,
Xətainin cəsarəti var səndə.
Sən qeybdən göndərilən səsmisən?
Sən tökülən qan izini kəsmisən.
İllər boyu əsarətdə yatan el,
Sevincini, şadlığını atan el,
Dar ayaqda ətəyindən tutan el
Tanrısını tanıyırdı, duyurdu,
Sən qoymadın parçalana bu yurdu.
Əyilib üzümdən öpəndə: “Cənab prezident, biz sizinlə 1993-cü ildə, sizin 70 illik yubileyinizdə görüşmüşdük. Mən sizə şeirimi hədiyyə etmişdim”,- dedim. Gülümsəyərək: “Tanıdım səni. Sən həmin qızsan”,- dedi. Sonra o tədbirdə iştirak edənlərdən sən onun qulağına nə dedin, o nə dedi sualları ilə maraq edənlər də az olmamışdı.
Elə hadisələr var ki, onların təəssüratı insanı ömrü boyu müşayiət edir. Mən xatirələrimi şişirtmədən, bəzək vermədən, sadə və yığcam danışmaq istədim. Məqsədim gözəl bir yazı hazırlamaq deyil də, yaddaşımın bir küncündə illərdir yaşayan, hər dəfə danışdıqca mənə gözəl hissləri təkrar yaşadan xatirələrimi yazıya köçürmək idi. Ulu öndərin 100 illiyinə mənim də bir töhfəm olsun istədim. Xatirələri hər kəs sevər, bilirəm. Hər dəfə danışdıqca gözlərimin içi güldüyü kimi bu yazı qələmə alındıqda da gözlərimin içi gülürdü. Atam, babam, ulu öndərim, ruhun şad olsun!
Səbinə Əlincəli
Bəhruz Kəngərli Muzeyinin direktoru