Ararat yox, Vedi! - VİDEO

Vedililər öz yurdlarına qayıdacaqlarına əmindirlər

A- A A+

Vedinin yanı dağlar,

Ürəyi, canı dağlar,

Burda bir el var idi,

Siz deyin, hanı, dağlar?

Ulu babalarımızın başının üstündə zaman yelləri kükrəyəndə bu torpağın oduna, suyuna sığındılar, dağlarına arxalandılar. Sevgimizi, qəlbimizin hərarətini daşıyan dağları “Alagöz”, dərdimizlə yüklənmiş dağları “Ağrı” deyə çağırdılar. Çünki bu dağların, düzlərin mayası sevgimiz ilə yoğrulmuşdu. Ağrımız bu torpağın taleyinə köçüb, rəngini alıb, havasına, dadına qovuşmuşdu. Ağrıdağ vadisinin Böyük ağrı və Kiçik ağrı dağ zirvələri ilə üzbəüz hissəsində Araz çayının şərq sahilindən başlayaraq, Göyçə mahalına qədər uzanan, bir tərəfdən Şərur və Dərələyəz mahalları digər tərəfdən isə Zəngibasar və Qırxbulaq mahalları ilə əhatə olunan bu ərazidə Gərnibasar və Vedibasar mahalları yerləşir.

Vedibasarın düzənlik hissəsində tikilmiş Gavurqala, Torpaqqala, Gərni çayı boyunca, dağlara qalxdıqca Qızıldağ və Ağdağ dağ silsilələrində səpələnmiş irili-xırdalı qalalar və qalaçalar bu yerlərin qəhrəmanlıq tarixinin canlı şahididir. Bu şahidlər tək qəhrəmanlıq tarixinə deyil, eyni zamanda deportasiyalara, ağrılara, həsrətlərə də şahidlik etdi…

Dörd tərəfi alma, ərik bağları,

Baş-ayağı Asnı, Ağrı dağları.

Sinəsində Selav, Araz çayları,

Özgə gözəlliyi olan kəndimiz.

 

Küçələri geniş, bərli-bəzəkli,

Görənlər sorurdu:- Hansı şəhərdi?

Bax belə olubdu Xalisa kəndi,

Balasından yetim qalan kəndimiz.

 

Vardı dağı, həm də gözəl aranı,

Unutmaq olarmı o güzəranı?

Cənnətlə dəyişmək olmaz oranı,

Bizsiz bulud kimi dolan kəndimiz.

 

Yazda sinəsində açardı güllər,

Başlardı payızda toylar, düyünlər.

Ocaqdan ocağa köçüb gəlinlər,

İndi toy-düyünsüz solan kəndimiz.

 

Çoxdan bilinməyir yayın, nə yazın,

Nə bəd yazılıbdı o alın yazın?

Həsrət qalıb sənə oğlun, həm qızın,

Hamısı da olub yalan kəndimiz.

 

Dərdli Məmməd boynubükük qalıbdı,

Dərdə düşüb, qəm bəhrinə dalıbdı.

Sənin həsrətinlə o qocalıbdı,

İndi əsirlikdə qalan kəndimiz.

Mühüm strateji ərazidə yerləşən Vedi rayonu dəfələrlə ermənilərin məkrli siyasətinin qurbanı olub, tez-tez ərazi dəyişiklikləri edilib, adı saxtalaşdırılıb. XX əsrin əvvəllərində rayon Andranikin daşnak dəstələrinin hücumuna məruz qalıb. Lakin xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə yaradılmış özünümüdafiə dəstələri xalqı qırğınlardan qoruyub. 1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları Arazdəyən, Xalisə, Şidli, Şirazlı, Qaralar, Yengicə, Taytan, Kiçik Vedi, Böyük Vedi, Şıxlar, Afşar, Aşağı Qarabağlar, Dəvəli, Daşlı, Armaş, Çəmbərək kəndlərinin sakinləri deportasiya ediliblər.

Keçmişin xəfif, həlim xatirələrə qarışan səhifələri nə qədər məhrəm, doğmadırsa, bu günün sərt və amansız hadisələri bir o qədər israrlı və qətiyyətlidir. Zamanın zəhmi önündə isə Vedililər sarsılmır, sınmır, əzilmir. Əksinə öz evlərinə, öz ellərinə qayıdacaqlarından əmindirlər. Ölkə rəhbərinin Qərbi Azərbaycan İcmasının yaradılması ilə bağlı verdiyi sərəncam və tarixi çıxışları, yurd həsrətindən ürəyi köz-köz olan soydaşlarımızın ürəyinə su səpdi. Bu İcmanın yaradılması-“Qərbi Azərbaycan” adını tarixin qaranlıq qatlarında işıqlandırmaq, o yerlərdən məcburən qovulan azərbaycanlıların dünyaya verdiyi “haqqı gör, haqqı tanı, ədaləti bərpa et!” mesajıdır.

Çörəyi təndirdə, ocağı közdə, arzusu gözündə qalanlar qayıdacaqları günü səbirsizliklə gözləyir. Ömrünün çoxu gedib, azı qalan ahıllar, körpə südəmər uşaqlar, qaragünlü qadınlar... Hansı məşəqqətlərlə üzləşiblər, bunları gözümüzün önünə gətirsək, düşünsək, ürək tab gətirməz... Axı qaçqınlığın, didərginliyin acısını, ağrısını kürəyinə əziz balan kimi şəlləyib, gəzib-dolaşmaq çox çətindir. Bu yükü yorulanda, daralanda, Vətən kəlməsi dilinin ucunu qabar edəndə, qəhərini, göz yaşını əlacsız qalıb sözün bələyinə bükəndə, bayatı qoşanda, ümidin çəkiləndə də açıb yerə qoymaq olmur! Bu yük çiyinlərində, Vətəni qiblə seçib dünyadan köçənlərimiz son vəsiyyətlərində “Vətən torpağımdan bir ovuc məzar torpağına qatarsınız” deyiblər...  

Düşmən gəzir torpağımda,
Necə yatım yatağımda?!
Od tutubdu torpağım da,
El-obamda gözüm qaldı.

Vətən oğlu, yetər qəmdən libas geydik. Başını dik saxla, düyünlə yumruğunu! Zaman-zaman parçalanmış vətəninin düşmənini yaxşı tanı! Soyuqda, sazaqda ailəni didərgin salan, körpəni donduran, qız-gəlini işgəncələrə, zülmə yoldaş edən düşmənini tanı… Tanı ki, o torpaqlarda qara zurnanın, toy-düyünün səsi dağlara yayılsın. Tanı ki, evindən, ocağından ayrı düşən, dünənini, bu gününü əmanət etdiyi torpaqlardan ötrü bağrı dağlanan yurddaşların yurduna qayıtsın. Ən əsası, tanı ki, tarixi torpaqlarına sahib çıxa biləsən! Tanı ki, şərəfli tarixinlə yenidən tarix yaza biləsən!

                                                                                    Songül Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: