Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan HP-7,62 tipli hücum pulemyotunun seriyalı istehsalına başlanılıb
Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan 7,62x54 millimetr çaplı HP-7,62 tipli hücum pulemyotunun seriyalı istehsalına başlanılıb.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, bu ilin sentyabrında Azərbaycanda keçirilmiş “ADEX-2018“ üçüncü beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilən və iştirakçılar, ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan hücum pulemyotu yerli mütəxəssislər tərəfindən hazırlanıb və sınaqları uğurla başa çatdırılıb.
HP-7,62 tipli hücum pulemyotu qısa məsafəli döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub. Bu hücum pulemyotundan atəş ikiayaqdan və ya müxtəlif konstruksiyalı üçayaqlı və döyüş maşınlarında quraşdırılan dəzgahlardan aparıla bilər. Pulemyotun konstruksiyasında lülə üzərində bərkidilən istilik yayıcı sipər, yeni növ ikiayaq, yanağı və çiyinliyi olan teleskopik qundaq və əl qundağı tətbiq olunub. Əl qundağının aşağı və yan tərəflərində, eyni zamanda, lülə qutusunun qapağı üzərində yerləşən “Pikatinni” tipli tamasalar (NATO-nun MİL-STD-1913 standartına uyğun) müxtəlif növ optik və kollimator tipli nişangahların, həmçinin pulemyotun taktiki imkanlarını artıran döyüş fənəri, əlavə dəstək, lazer hədəfgöstəricisi və digər xüsusi avadanlığın bərkidilməsini təmin edir. Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 100, 200 və 250 patron olan səpələnməyən metal lent vasitəsilə ötürülür. Patron lentləri müxtəlif tutumlu qutulara yığılır. Pulemyotdan atəş aparmaq üçün 7,62x54 millimetrlik adi (LPS), izburaxan (T-46M), zirehdələn-yandırıcı (B-32), yandırıcı-hədəfgöstərici (PZ) gülləli və boş tüfəng patronlarından istifadə olunur. HP-7,62 tipli hücum pulemyotunun nişangah məsafəsi 1000 metr, uzunluğu 1080 millimetr, atış tezliyi dəqiqədə 650-750 atəş, döyüş atış tezliyi dəqiqədə 250 atəş, çəkisi isə 8,6 kiloqramdır.
Hücum pulemyotu istənilən hava şəraitində ətraf mühitin ±50 dərəcə temperatur diapazonunda istismar oluna bilər.