Texas Universitetinin tədqiqatçıları və “UTsoundLab” laboratoriyasının dilçiləri nə üçün bir danışığın daşdığı informasiyanın uzun müddət yadda qaldığını, digərinin dərhal unudulduğunu müəyyən ediblər.
NUHÇIXAN “Science Daily” portalına istinadla xəbər verir ki, materialın yadda saxlanılmasına nitqin sürəti və təmizliyi təsir göstərir. Tədqiqatçılar bu fərziyyəni yoxlamaq üçün ingilis dilində danışan və yarısı bu dilin daşıyıcısı olan 60 nəfər cəlb ediblər. Təcrübə iştirakçılarına iki üsulla - “təmiz nitq” (yavaş sürət və düzgün tələffüz) və “danışıq nitqi” ilə (sürətlə və vurğusuz) 72 cümlə (hər biri 12 cümlədən ibarət altı blok) oxuyublar. Sonra tədqiqat iştirakçıları həmin cümlələri əzbərdən deməyə çalışıblar.
Eksperiment göstərib ki, istər əcnəbilər, istərsə də bu dilin daşıyıcıları cümlələrin məzmununu sözlər vurğu ilə yavaş tələffüz ediləndə daha yaxşı yadda saxlayıblar. Alimlər bunu belə izah ediblər. İnsan çox sürətlə danışanda, yaxud öz fikirlərini yetərincə artikulyasiya etməyəndə dinləyicisi onu başa düşmək üçün daha çox “intellektual resurs” sərf edir. Deməli, beyin başa düşməyə nə qədər çox güc sərf edirsə, materialı yadda saxlamağa bir o qədər az gücü qalır.