Qürurla xatırlayırıq - FOTOLAR
Heydər Əliyev Ulu Tanrının Azərbaycana bəxş etdiyi xilaskar idi
O, fövqəlbəşər bir şəxsiyyət idi. Bu məmləkəti zamanın ağır və sərt sınaqlarından çıxartdı. Onu tarlada da görmək olardı, teatr salonlarında da, adi bir çayxanada da. Onu hamı sevirdi; uşaqdan böyüyünə, cavanından qocasınadək. Böyük şəxsiyyətin Azərbaycan qadınına verdiyi dəyər, diqqət hələ Sovet dövründə respublikaya rəhbərlik etdiyi zamanlardan mövcud idi. Heydər Əliyev yerlərdə keçirdiyi görüşlər zamanı istehsalatçı, zəhmətkeş qadınlara göstərdiyi diqqət və qayğı ilə də seçilən bir rəhbər idi. O, Azərbaycan xalqının qeyrətli qızları ilə həmişə fəxr edərdi. Onunla bağlı deyilən fikirlər, yaddaşlardan süzülən hər bir xatirə Heydər Əliyev fenomenini daha yaxşı dərk etmək üçün qiymətli mənbədir. Yaşından, vəzifəsindən, peşəsindən asılı olmayaraq ulu öndərlə görüşən hər bir Azərbaycan vətəndaşı, o cümlədən Azərbaycan qadını onun simasında özünün, ailəsinin və xalqının xilaskarını görüb. Tərlan İmamverdiyeva da 23 yaşında görüşdüyü, ata bildiyi Heydər Əliyevi hər zaman minnətdarlıqla xatırlayır:
-Mən ulu öndər Heydər Əliyevdən bir ata qayğısı görmüşəm. O, ata kimi mənim şəxsi həyatımı nizama salıb, təhsil almaq, ailə həyatı qurmaq üçün mənə dəstək olub.
Babək rayonunun Kültəpə kəndində yaşayır Tərlan xanım. 67 yaşı var. Gəncliyində çox zəhmətkeş olan bu qadın qoçaqlığı ilə ad-san qazanıb. SSRİ Ali Sovetinin deputatı olub. İndi həmin illərin xatirələrini önündəki şəkillərə baxaraq çözələyir:
-1956-cı ilin avqust ayında bu kənddə, elə bu evdə doğulmuşam. O vaxt mən uşaq idim, məktəbdə oxuyurdum. Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi seçiləndən sonra ölkəmizdəki kənd təsərrüfatı siyasəti kökündən dəyişdi. Pambıqçılıq, üzümçülük, tütünçülük, tərəvəzçilik inkişaf etdi. Televiziyada tez-tez görürdük ki, dahi rəhbər özü də bu təsərrüfat sahələrində olur, zəhmətkeşlərlə görüşüb, onların əməyinə yüksək qiymət verir, qayğıları ilə maraqlanırdı. Bir sözlə, O, bu xalqın yaxşı yaşamağı üçün çalışırdı.
Həmin dövrlərdə Naxçıvanda da ucsuz-bucaqsız üzüm bağları salındı. Mən də 1973-cü ildə orta məktəbi bitirdim, instituta daxil ola bilmədiyimə görə təsərrüfatda, Sirab kəndindəki 11 hektarlıq üzüm sahəsində işlədim. Bəlkə də, özümü dünyanın ən bəxtəvər insanı saya bilərəm ki, onunla görüşmək xoşbəxtliyi mənə də nəsib olub. Dahi şəxsiyyət Heydər Əliyevlə ilk görüşüm yaxşı xatirimdədir.
1978-ci ildə bol üzüm oldu. Ta yığmaqla qurtarmırdı. Həmin il dekabr ayında məni və dörd nəfər naxçıvanlı qadını Bakıda Heydər Əliyev sarayına apardılar. O vaxt çəkinirdim, çox həyəcanlı idim ki, görəsən, bizi necə qəbul edəcək, nə suallar verəcək. Çox böyük təvazökarlıqla qarşıladı, asan, gözlənilməz suallar verdi, məni diqqətlə dinlədi. Ailə vəziyyətimizlə maraqlandı. O müdrik insanla olan ünsiyyətim həyatımın ən dəyərli səhifələridir. Mən onu ata kimi çox istəmişəm. Həmin görüşdən sonra deputat kimi fəaliyyətim təsdiqləndi. 1979-cu il mart ayının 4-də SSRİ Ali Sovetinə deputat seçildim. Həmin görüşdə Rəşid Behbudov, Neftçi Qurban, “İzvestiya” qəzetinin redaktoru da var idi. Biz deputat kimi tez-tez Bakı, Gəncə, Moskva kimi şəhərlərdə olduq.
Heydər Əliyev mənim təhsil almağıma da böyük dəstək verdi. Dedi, mütləq oxumalısan. Onun təkidi ilə indiki Azərbaycan Dövlət Aqrar Universitetinin “Meyvə-tərəvəz və üzümçülük” ixtisasında oxudum. O, həkimlə həkim, fəhlə ilə fəhlə, neftçi ilə neftçi, müəllimlə müəllim idi. Onu hamı çox sevirdi.
Tərlan xanım önündəki şəkillərə baxır, onların tarixindən fəxrlə danışır, sonra da qəribə tərzdə əzizlədiyi şəkilləri dünyanın ən qiymətli əşyası kimi ehtiyatla albomunun arasına yığır:
-Bax bu şəkil o zaman çəkilib... 1980-ci ilin aprel ayı qar yağdı, üzüm bağlarını soyuq aldı. Həmin ilin may ayında Heydər Əliyev Naxçıvana gəldi, bizim üzüm sahəsində də oldu. Hamı onu qarşılamağa çıxmışdı. Mən çəkilib bir kənarda durdum. Sahələri gəzdi, tarlada çalışanlarla söhbət etdi. Dedi, o qız hardadı. Bu sözü deyəndə məni qabağa çəkdilər. Qolunu saldı boynuma, dedi, gözəl-göyçək qızsan, niyə ailə qurmursan. Gülə-gülə “gələn il bu vaxtı mən gələcəm bura, səni ailəli görəcəm” dedi. 23 yaşım var idi, o vaxt SSRİ üzrə ən gənc deputat qadın mən idim. Başım işə o qədər qarışmışdı ki, ailə qurmaq haqqında fikirləşmirdim. Ondan sonra ailə qurdum. Heydər Əliyev həyat yoldaşımı da oxutdu.
Gəncliyində üzüm plantasiyalarında çalışan Tərlan xanımın zəhməti çöllərə, üzüm bağlarına yaraşıq verib, hektarlarla sahəni becərib, dövlətə tonlarla məhsul verib.
Yenə masa üzərindəki şəkillərdən birini əlinə alır.
-Bunlar Azərbaycandan seçilən deputatların hamısıdır. 63 nəfər idik. Kremldə çəkilib bu şəkil, Ali Sovetin birinci sessiyasında. Heydər Əliyev bütün deputatlarla bir-bir görüşüb, hal-əhval tutdu, ehtiyaclarımızı soruşdu. Sessiyadan sonra dedi, gəlin bir şəkil çəkdirək. Onun xarakterində qeyri-adi bir sadəlik var idi. Zəhmət adamlarının dayağı, himayədarı idi. Mən sadə kənd qadını olmuşam, üzüm becərmişəm. Amma əməyin nə olduğunu onun sayəsində bilmişəm. O, Tanrının Azərbaycana bəxş etdiyi xilaskar, el atası idi. Onun ruhu qarşısında baş əyirəm.
Söhbətimizin sonunda bu ağbirçək qadın gələcək nəsillərə tövsiyələrini də çatdırdı: “Heydər Əliyev məktəbini hər zaman öyrənsinlər. Vətəni onun kimi sevsinlər, onun kimi vətənə xidmət etsinlər. Bu dövlətin müstəqilliyini quran və yaşadan şəxsiyyətin də həyatı elə Azərbaycan qədər əbədi olmalıdır”.
Uca dağların zirvələri uzaqdan daha əzəmətli göründüyü kimi xalqının tarixində, taleyində dərin iz qoyan şəxsiyyətlərin də əməlləri zamanın məsafəsindən daha aydın görünür, elə, uca zirvələrə bənzəyir. Zirvədən boylananda isə sevinir, heyrətlənir və düşünürsən. Bir rəhbər bu qədərmi sadə, səmimi, uzaqgörən olar... Ömrünü vətəninə, xalqına həsr edər. Heydər Əliyevin həyat yolu nəsillərdən-nəsillərə miras qalan bir sərvətdir. Və illər ötdükcə ümummilli liderimizin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə böyük bir məhəbbətlə sevdiyini daha yaxından dərk edəcəyik.
Türkanə Əmoyeva
“NUHÇIXAN”