Kanadadakı Azərbaycan diasporu Beynəlxalq Ağır Atletika Federasiyasının prezidentinə müraciət edib

A- A A+

ABŞ-ın Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti Mohammed Caluda məktubla müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması barədə məlumat verən Azərbaycan Dostluq Təşkilatının rəhbəri bu məsələ ilə bağlı soydaşlarımızın dərin narahatlığını ifadə edib.

“Azərbaycan əsilli amerikalılar olaraq milli rəmzimizə qarşı bu hörmətsizlik aktından dərindən narahat olduq və kədərləndik. Azərbaycan bayrağı ölkəmizi, xalqımızı və onun dəyərlərini təmsil edir. O, suverenliyimizin, mədəniyyətimizin və irsimizin rəmzidir. Onun yandırılması təkcə azərbaycanlılara qarşı təhqir deyil, həm də beynəlxalq idman tədbirlərinin əsasını təşkil edən idman davranışı və ədalətli oyun prinsiplərinin pozulmasıdır”, - deyə Adika İqbal vurğulayıb.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarında vandalizm və dağıntılar törətdiyini, Qarabağ münaqişəsinin minlərlə azərbaycanlının öz yurd-yuvasından didərgin düşməsi, həmçinin mədəni irsimizin məhv edilməsi ilə nəticələndiyini xatırladan soydaşımız qeyd edib ki, xalqımıza, tariximizə qarşı bu cür təcavüzkarlıq hallarının davam etməsi yolverilməzdir. “Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bu ədalətsizliyə qarşı qəti mövqe nümayiş etdirəcək. Biz sizi münaqişənin sülh yolu ilə həlli istiqamətində işləməyə çağırırıq. Bu cür vandalizm aktlarının həm ölkə daxilində, həm də xaricdə daha geniş Azərbaycan ictimaiyyətinə göstərə biləcəyi təsirləri nəzərə alın”, - deyə o qeyd edib.

Adika İqbal IWF prezidentini Azərbaycan bayrağının yandırılması məsələsinə ciddi yanaşmağa və gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi tədbirlər görməyə çağırıb. Bildirilib ki, milliyyətindən asılı olmayaraq, idman yarışlarının bütün iştirakçılarının bir-birinin mədəniyyətinə və adət-ənənələrinə hörmət etmələri vacibdir. Həmçinin ümid edirəm ki, siz narahatlığımı ağır atletika üzrə Avropa çempionatının təşkilatçılarına, bütün iştirakçıların təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün məsul orqanlara çatdıracaqsınız.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: