Hesablama Palatasının Naxçıvan üzrə İdarəsinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib.
Kollektiv ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsinə ehtiramını bildirib.
İştirakçılara Azərbaycanın müasir dövlətçilik tarixini və ümummilli liderimiz Heydər Əliyevin siyasi irsini özündə əks etdirən muzey barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Muzeyi ulu öndərin sağlığında, 10 may 1999-cu ildə fəaliyyətə başlayıb. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb.
Məlumat verilib ki, muzeyin ayrı-ayrı bölmələrində ulu öndər tərəfindən qəbul edilmiş qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətindən bəhs edən kitab, qəzet və jurnallar, həmçinin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının rəhbəri olarkən iş otağında istifadə etdiyi dəyərli əşyalar, o cümlədən ümummilli liderə göndərilmiş məktub və teleqramlar, xatirə əşyaları şərəfli yolun müxtəlif anlarını özündə əks etdirməklə Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi irsi barədə dolğun təsəvvür yaradır.
Sevgili Mustafazadə