Alim adı müqəddəs və alidir. Hər kəs alim adına hörmətlə yanaşır. Alim bəşəriyyəti öyrədəndir. Həm də onlar öyrənərək, öyrədirlər. Məhz bu səbəbə görə ömrünü insanların maariflənməsinə həsr edən alimlər heç vaxt unudulmur. Zaman və tarix onları hər zaman öz yaddaşında yaşadır. Belə alimlərimizdən biri də məşhur "91-lər"dən, ümummilli lider Heydər Əliyevin ən ağır zamanlarda yaxın silahdaş və siyasi sirdaşlarından olmuş, filoloq-tarixçi, cavidşünas alim, türkoloq, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin qurucusu və ilk sədri, vətəni təmənnasız sevən professor Əjdər İsmayılovdur.
Öz geniş tədqiqat əsərləri ilə erməni yalanlarını dünya ictimaiyyətinə çatdıran və ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı zəngin ədəbiyyat sahibi Əjdər İsmayılov elm fədaisi olan alimlərdəndir. Ömrünün böyük hissəsini elm yolunda qurban verən alim Azərbaycanımızın dilbər guşəsi olan Naxçıvanın sayılıb-seçilən, zəngin soy-kökünə sahib bir nəslin nümayəndəsidir. Böyük nəslin nümayəndəsi kimi Əjdər İsmayılov ömrü boyu Vətənə, xalqa ləyaqətlə xidmət etməyi özünün ilk növbədə vətəndaşlıq borcu hesab edib. O, elm və maarif yolunu seçib. Əbəs deyil ki, bu gün Azərbaycan tarix və ədəbiyyatşünaslığında əsərlərlə erməni yalanlarını ifşa edən, erməni tarixşünaslığının yalanlar üzərində qurulmasını və sadə bir mif olmasını beynəlxalq aləmə bəyan edən mötəbər əsərlər onun qələmindən çıxıb.
Həmyerlimiz 1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, Daxili İşlər Nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı kimi fəaliyyət göstərib. O, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin Ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb.
Azərbaycan ədəbiyyatına dəyərli töhfələr bəxş edən professor Əjdər İsmayılov eyni zamanda Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin ədəbi irsini mükəmməl araşdıran cavidşünas alim kimi də tanınır. Onun "Dünya romantizm ənənəsi və Hüseyn Cavid", "Azərbaycan sovet Ədəbiyyatında Hüseyn Cavid ənənələri", "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" Hüseyn Cavid və Şekspir, Hüseyn Cavid və Hete, Hüseyn Cavid və Bayron, Hüseyn Cavid yaradıcılığında azad qadın problemi və bir çox elmi əsərləri elm adamları, sadə oxucular, o cümlədən cavidşünaslar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Əjdər İsmayılov 300-ə yaxın elmi əsər, məqalə və müsahibələrin müəllifidir. Eyni zamanda məşhur "91-lər"dən və Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır. Əjdər İsmayılovun elmi fəaliyyəti ilə yanaşı siyasi fəaliyyəti də təqdirəlayiqdir. Əjdər İsmayılov ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən ağır ictimai-siyasi mübarizədə ümummilli lider Heydər Əliyevin daima yanında olmuş və xalqın azadlığı uğrunda mübarizə aparmışdır. 1992-ci ilin 21 aprelində Azərbaycan Respublikasına prezident seçkisi öncəsi Şərur əhalisinin toplantısını təşkil etmiş, Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürdürmüşdü. Bu toplantı müdrik siyasət rəhbərinin Azərbaycanı müstəqilliyə aparacaq mübarizə yolunun başlanğıcı idi.
Professor Əjdər İsmayılov həyatında unudulmaz izlər buraxan o illəri həm də qürur hissi ilə xatırlayaraq deyirdi: "1990-cı illər qanlı fəlakət illəri idi. Həmin illərdə xalqa olan borcumu ödəməyə çalışmışam. Xalq torpağa, vətənə bağlı olan oğlanları həmin borcu ödəməyə haraylayırdı. Gecəli-gündüzlü həmin borcu verməyə çalışmışam. O dövrdə Naxçıvanın olduqca çətin günləri idi. Ermənilər Naxçıvanı hədələyirdi. Xalq ehtiyat edirdi. Bunlara baxmayaraq, onlar Naxçıvan torpaqlarına yaxın gələ bilmədilər. Bütün xalq ayağa qalxdı. Mən də bir ziyalı kimi hər zaman xalqın yanında idim. Çıxışlarımla xalqa düzgün biliklər çatdırmağa çalışırdım. Bütün imkanlarımdan istifadə edirdim”.1992-ci ilin avqust ayında o, Şərur rayonunda ziyalılardan ibarət "Heydər Əliyev tərəfdarları” təşəbbüs qrupunu yaratdı və bir neçə ayda minlərlə tərəfdarı siyahıya aldırmışdı. Şərurluların bu fəaliyyəti Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis konfransının tarixi əsasını qoymağa kömək etmişdi. Əjdər İsmayılov Ulu öndəri əvəzolunmaz şəxsiyyət, dahi insan və müdrik dövlət rəhbəri kimi dəyərləndirir və yazılarında belə qeyd edirdi: "Heydər Əliyev kimi insanlar xalqa əsrdə bir dəfə qismət olur. Azərbaycan xalqının bəxti o zaman gətirdi ki, ölkənin elə bir çətin dövründə Heydər Əliyev köməyə gəldi. Onun xalqa və gənc dövlətə yardım əlini uzatması ilə bir çox problemlər öz həllini tapdı. Heydər Əliyevin köməyi olmasaydı, tək müstəqillik yox, millətimiz yer kürəsindən silinə bilərdi. Ulu öndərin hakimiyyətə gəlməsi ilə xalq bu çətin günlərdən qurtuldu və çətinlikləri arxada qoydu. Bir sözlə, xalq ağ günə çıxdı".
Azərbaycanın elmində, ədəbiyyatında, eləcə də ictimai-siyasi həyatında əzmlə, yorulmadan çalışan Əjdər İsmayılovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Yeni Azərbaycan Partiyası Naxçıvan
Muxtar Respublika Təşkilatı