XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam - Şamil Qazıyev

A- A A+

  Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Yubileyin keçirilməsi bir tərəfdən, yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətlərini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən, müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir”

Bəli, bu gün muxtar respublikamızda vətənin və xalqın taleyində, o cümlədən ədəbi-mədəni inkişafımızda mühüm xidmətlər göstərmiş böyük şəxsiyyətlərin yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin tədqiqi və təbliği işinin daha da yaxşılaşdırılması istiqamətində  çoxsaylı tədbirlər həyata keçirilir.  Məhz bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamı görkəmli rəssamın  həyat və fəaliyyətinin yenidən tədqiq olunması ilə yanaşı, həm də  mədəniyyətimizin öyrənilməsinə xidmət edən mühüm dövlət sənədidir.

2011-ci il fevral ayının 16-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Şamil Qazıyev” albom-kataloqunun təqdimat mərasiminin keçirilməsi rəssamın yaradıcılığına göstərilən diqqət və qayğının davamı kimi yüksək dəyərləndirilmişdir. Bundan başqa, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və Dekorativ-Tətbiqi Sənətlər Şöbəsində də Şamil Qazıyevin yaradıcılığı sistemli şəkildə araşdırılmağa başlanılmış, həm yerli, həm də xarici mətbuatda onun haqqında məqalələr dərc olunmuşdur.

Bu il anadan olmasının  110 illiyi tamam olan Şamil Qazıyevin yubileyinin geniş şəkildə qeyd edilməsi də muxtar respublikamızın mədəniyyət və təsviri sənət həyatında mühüm bir hadisə kimi yadda qalacaq.

Bu yazımda  Şamil Qazıyevin yaratdığı bir neçə əsəri haqqında söhbət açmaq istəyirəm.   Rəngləri yaradıcılıq sevdası ilə duyub eşitdiyi üçün Şamil Qazıyevin ilhamla həyat verdiyi müxtəlif janrlı təsviri sənət nümunələri əbədiyaşarlıq qazanıb. Yaradıcılığının ilk illərində portret janrında yaratdığı əsərlər xüsusilə diqqəti çəkir. Müxtəlif illərdə çəkdiyi “Qardaşımın portreti”, “Qadın rəsmi”, “Ata”, “Avtoportret”, “110 yaşlı qoca” kimi əsərlərində rəssamın portret janrındakı istedadı üzə çıxır. 1931-ci ildə Tiflisdə keçirilən səyyar sərgidə nümayiş etdirilən Şamil Qazıyevin “Çoban” portreti hazırda dünyanın nüfuzlu qalereyalarından sayılan Moskvadakı Tretyakov qalereyasında saxlanılır. Şamil Qazıyev natürmort janrında da gözəl əsərlər yaratmışdır. “Güllər”, “Natürmort”, “Meyvələr” kimi əsərləri rəssamın yaradıcılığında xüsusi yer tutur. Onun güllərlə bağlı natürmortları çoxluq təşkil edir. Yağlı boya ilə həyat verdiyi bu gül dünyasında min bir rəngdə təbiət gözəlinin xoş görüntüləri yaradılıb.

Şamil Qazıyevin əsərləri ilə Naxçıvanın XX əsr tarixinin müəyyən elementlərini, tarixi və mədəniyyət abidələrini restavrasiya etmək mümkündür. “Qaçqınlar”, “Molla məktəbi”, “Əlincə qala”, “Lavaş yapanlar”, “Xıncov məhəlləsi”, “Çörək satan”, “Şəbeh”, “Çalğıçılar”, “Naxçıvanda köhnə həyət”, “Örtülü bazar”, “Köhnə qala”, “Köhnə dəyirman”, “Gəc dəyirmanı”, “Qalayçılar”, “Taxılbiçənlər”, “Xırman”, “Naxçıvan hamamı” və digər əsərlərə baxanda hiss edirsən ki, o, Naxçıvanı ürəkdən sevib və bu torpağın əməksevər insanlarına bağlı olub. Çünki onun bu əsərləri Naxçıvanla, onun təbiəti, insanları, adət-ənənəsi, tarixi ilə bağlıdır.

1979-cu ildə Naxçıvan şəhərində Şamil Qazıyevin təşkil olunan fərdi sərgisi haqqında o dövrün mətbuatı belə yazırdı: “Bu təsvirlərdə Azərbaycanın ən qədim guşəsi olan Naxçıvanın keçmiş tarixinə, etnoqrafiyasına, adətlərinə aid təsəvvürlər öz əksini tapmışdır”.

Rəssamın yuxarıda adıçəkilən əsərlərinin əsas qəhrəmanı zəhmətkeş insandır. Tablolarda taxılbiçənlərin, dəyirmançıların, qalayçıların, çarıqçıların, çörək satanların həyatının müxtəlif məqamları, iş ahəngi, ovqatları əbədiləşib.

...Dahi holland rəssamı Vinsent Van Qoq özünün şah əsəri olan “Kartof yeyənlər” (1883) əsərində sadə adamlar mövzusunu necə zirvəyə yüksəltmişdisə, fikrimcə, Şamil Qzıyevin yaradıcılığında da sadə, zəhmətkeş insanların taleyi və sənəti özünəməxsus orijinal forma alaraq ana xətt kimi keçir. Çöhrələrindən gah sevinc, fərəh, gah da məyusluq, kədər duyulsa da, bu əsərlər onu göstərir ki, Naxçıvan insanı halal zəhməti ilə çörək qazanıb. Ümumiyyətlə, rəssamın bütün əsərlərinin mövzusu vətənpərvərlik, sadəlik və səmimiyyətdir. İnsan qüruru, gələcəyə inam, alın təri və fədakrlıq onun əsərlərinin əsas qayəsini təşkil edir.

Rəssamın əsərlərində həm də qəribə bir poetika var. Onlara baxdıqca hiss edirsən ki, bu əsərlər əsl istedad sahibi olan bir sənətçinin fırçasından çıxıb. Onlar təkcə tarixi-etnoqrafik baxımından deyil, eyni zamanda bədii-estetik cəhətdən də olduqca qiymətlidir. “Lavaş yapanlar” əsərinin süjeti, kompozisiya quruluşu sadədir, lakin diqqətlə baxanda dərin məntiqi insanı düşünməyə vadar edir. Müəllif az ştrixlə mövzunu açmağa nail olub. Əsər istər yağlı boya ilə işlənmə texnikası, istərsə də bədii yaradıcılıq cəhətdən çox yüksək sənətkarlıqla yerinə yetirilmişdir. Burada lavaş bişirən 4 qadın təsvir edilmişdir. Qadınların milli geyimləri ilk baxışdan diqqəti cəlb edir. Rəssam bu əsərində tipik Naxçıvan qadınının məğrur, qayğıkeş və zərif obrazını böyük ustalıqla yarada bilmişdir. Kompozisiyanın mərkəzində təsvir olunmuş təndirin işıltısı və təndirdən çıxarılmış isti lavaşların təbii görüntüsü insanda xoş əhval-ruhiyyə yaradır, lavaş bişirmə sənətinin min illərdir ki Naxçıvanla bağlılığı, qədim diyarımıza xəs mətbəx və mədəniyyət nümunəsi olması öz təsdiqini tapır.

Yaxud “Cəhri. Yolda şəhər” tablosuna tamaşa etdikcə adamda nostalji hisslər baş qaldırır. Əsər kifayət qədər cəlbedici və duyğulandırıcıdır. Cəhri kəndinin o illərdəki ab-havası aydın duyulur. Ya da “Örtülü bazar” əsəri. O qədər canlı bir tablodur ki,  bəlkə də o dövr üçün çox sadə görünə bilən bu əsər bu gün üçün olduqca maraqlıdır. “Örtülü bazar” Naxçıvanın bazar və ticarət mədəniyyətinin tabloda əbədiləşən tarixidir.

Sənətkarın əsərlərinə baxdıqca hiss edirsən ki, onun çox güclü müşahidə qabiliyyəti var. Ətrafındakı hər şeyə rəssam gözü ilə baxır, ən yaxşı olanları hafizəsində yaşadır, sonradan onları yeni-yeni əsərlərə çevirirdi. Rəssamın “Qızlar bulağı”, “Naxçıvan. Günbatan vaxtı” əsərləri belə müşahidələrin nəticəsində yaranmışdır. Rəssam Naxçıvanın abidələrini də kətan üzərinə köçürməyi unutmayıb. Məsələn, Əlincə qalasının əyilməzliyi və məğrurluğu rənglərin dili ilə gözəl həllini tapıb.

Görkəmli rəssamın əsərlərini bir tamaşaçı kimi həmişə heyranlıqla seyr eləmişəm. Fikrimcə, onun əsərlərinə tamaşa edən hamı bu fikirdədir.  Çünki onun  yaratdığı əsərlər soyuq şüurun, formal bir texnikanın deyil, XX əsr Naxçıvan insanının taleyini duyub düşünmüş, sevinclər və iztirablar keçirmiş bir ürəyin məhsuludur. Elə buna görədir ki, ulu yurdun qədim dövrünün real əks olunduğu bu əsərlərə baxmaqdan doymursan və qeyri-adi hisslərə bürünürsən. Həm də bu rəsmlər insanı düşünməyə vadar edir. Bir anda bugünkü müasir Naxçıvanın mənzərəsi göz önündə canlanır. Bir daha əmin olursan ki, son illər Naxçıvan qədimliyi saxlanılmaqla müasirliyə doğru necə də sürətlə addımlayıb.

Şamil Qazıyevin məhsuldar yaradıcılıq yolu bu gün muxtar respublikada yaşayıb-yaradan rəssamlarımız üçün nümunə sayıla bilər. O zamanlar Şamil Qazıyevin yaratdığı əsərlər XXI əsr insanına XX əsr Naxçıvanı haqqında məlumat verirsə, bu gün yaradılan rəsm əsərləri də gələcək nəsillərə müasir dövrümüz barədə ətraflı məlumat verə bilər.

Sonda onu da vurğulamaq istəyirəm ki, hansı sənət adamı olursa-olsun, onun yaradıcılığında Vətən amili öndə dayanmalıdır. Bu mənada rəssam rənglərin möcüzəsində tarixini, mədəniyyətini, qədim adət-ənənələrini kətan üzərinə köçürüb sevdirməli, gələcək nəslə ötürməlidir. Elə ona gərə də əsərlərində XX əsr Naxçıvanını böyük sevgi ilə yaratması  Şamil Qazıyevə əbədiyaşarlıq qazandırdı.

                                                                           Sara Əzimova

                                                                                              Jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: