Talış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb - FOTOLAR
İşğaldan azad edilən Tərtər rayonunun Talış kəndində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılıb.
Mərkəzin binası təmirdən sonra istifadəyə verilib və 5 otaqdan ibarətdir. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Eyni zamanda ASM-də təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib, ambulansla təchiz olunub.
Tibb müəssisəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərəcək. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində olacaq.