Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti

A- A A+

Gənclik hər bir dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən böyük qüvvədir. Dövlətin mövcudluğunun təməl prinsiplərindən biri də məhz sağlam gənclikdir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, gələcəyin təminatı intellektual gənclərin yetişdirilməsindən asılıdır. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək tərbiyəyə malik olması  çox önəmlidir. Hər bir xalqın gəncləri onun həm bu günü, həm də sabaha ümididir.

Müstəqilliyin, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ölkəmizdə gənclərlə bağlı görülən işlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Aparılan məqsədyönlü siyasətin nəticəsində respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşıb. 

Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla bir çox şəhərlərin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu. 1970-1985-ci illərdə Sovet İttifaqının  tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırıldı. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Gənclər keçmiş SSRİ-nin aparıcı təhsil müəssisələrində təhsil alırdılar. Onlar Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problemlərini həll etməli idilər.

Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində gənclərin iştirakı, gənclər təşkilatlarına, gənc ailələrə dövlət yardımı, gənclərin məşğulluğunun təmin edilməsi, sağlamlığının qorunması və fiziki inkişafı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı kimi prinsiplər əsas tutulur. Bu məqsədlə ölkəmizdə bu sahədə silsilə addımlar atıldı. Dövlət gənclər siyasətinin həyata keçirilməsinin hüquqi əsasları təsis olundu. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”,- deyən ulu öndər Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin  həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-cı ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

Gənclərin II Forumu həmçinin “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında” imzalanmış fərman və sərəncamlar, eyni zamanda “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu”, “Gənclər siyasəti haqqında” qəbul edilmiş proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi. 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanda  dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı  qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.

Ölkə başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramları xüsusi qeyd edilməlidir. Həmçinin Prezident İlham Əliyevin 2007-ci ili "Gənclər ili" elan etməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm verilməsinin daha bir sübutudur.

Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır. Onların uğuru beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, ölkələrarası debat, intellektual bilik yarışlarından eşidilir. Azərbaycan həqiqətlərini - musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər, bütün səy və bacarığı ilə dövlətçilik ənənələrimizi tanıdaraq, dünya ictimaiyyəti tərəfindən sevilməsinə nail olur. İndi əsas amal bu günə kimi formalaşan gənclər ordusunu heç bir itki vermədən gələcəyə aparmaqdır. Çünki Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabaha – yeni uğurlara imza atmağa daha yaxındır.

Ulu Öndər çıxışlarında deyirdi ki, gənclərimizin ən mühüm vəzifələrindən biri də ordu sıralarında qulluq etməkdir. Bu gün gənclərimizin böyük bir qismi hazırda Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirməkdədir. Vətən müharibəsi və ona qədərki döyüşlərdə Ali Baş Komandanımız, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə güclü Azərbaycan Ordusunun əsgər və zabitləri işğal altında olan torpaqlarımızı azad etdilər. Bu yolda son damla qanına kimi vuruşaraq şəhidliyə yüksəldilər. Bu bir daha sübut etdi ki, gənclərimizin vətənpərvərlik duyğuları yüksəkdir və bu gün bütün Azərbaycan xalqı, o cümlədən gənclər Ali Baş Komandanımızın çağırışına hər zaman hazırdır və istənilən vaxt Vətənin müdafiəsinə qalxa biləcək qətiyyətdədirlər. Dövlət başçımızın: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram", - sözlərinə cavab olaraq gənclər bütöv və müstəqil Azərbaycan naminə səylə çalışır, öz siyasətində onlara arxalanan ölkə başçısının etimadını doğruldurlar. Ermənilərin Azərbaycan ərazisindəki ekoloji terroruna qarşı Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyasında gənclərin fəal iştirakı və qətiyyətli mövqe nümayiş etdirməsi bu baxımdan örnək məsələlərdəndir. Gənclərin üstünlük təşkil etdiyi ekofəalların haqq mübarizəsi havanın şaxtalı vaxtlarında belə dayanmadı və bu gün də davam edir. Bu yaxınlarda yerli televiziya kanallarına müsahibəsi zamanı dövlət başçısı İlham Əliyevin aksiyada iştirak edən gənclər haqqında “Onlar bizim fəxrimizdir” deyə bu mübarizəni yüksək səviyyədə qiymətləndirməsi bir növ də gənclərə forumda təlqin etdiyi gözləntilərin qarşılığını görən liderin məmnuniyyəti idi.

Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəyyənləşdirdiyi gənclər və idman siyasəti uğurla davam etdirilir. Nümunəvi və vətənpərvər gəncliyin formalaşması, gənclərin istedad və intellekt potensiallarının inkişaf etdirilməsi, idmanın kütləviliyinə nail olunması, bədən tərbiyəsi və idmanın geniş coğrafi məkanda təbliği, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq muxtar respublikada gənclər və idman siyasətinin prioritet istiqamətləri kimi diqqət mərkəzində saxlanılır. Muxtar respublikamızda gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, milli ruhda tərbiyəsinə, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsinə ciddi önəm verilir. İndi muxtar respublikanın gəncləri, sözün əsl mənasında, 21-ci əsrin gəncliyini təmsil edirlər. İctimai işlərdə fəal, lazım olanda vahid bir qüvvə kimi vətənpərvərlik nümayiş etdirmə bacarığı, onlar üçün yaradılan şəraitdən istifadə edərək öz istedadlarını və bacarıqlarını göstərmə sərbəstliyinə malik gənclər ordusu yetişib. Bugünkü gəncliyi həvəsləndirən amillərdən biri də onların dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmasıdır. Naxçıvan Muxtar Respublikasında gənclər milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edirlər. Ən əsası isə muxtar respublika gəncləri dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər. Bu gün muxtar respublikada gənclərə vətənpərvərlik ruhunun aşılanması istiqamətində işlər aparılır. II Qarabağ müharibəsində tarix yazan, Qələbə ruhunu xalqımıza yaşadan belə tərbiyə olunmuş gənclikdir. Gənclərin müharibə iştirakçıları və şəhid ailələri ilə görüşlərinin keçirilməsi, onlarla bağlı müxtəlif məzmunlu tədbirlərin keçirilməsi də bu məqsədə xidmət edir. Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında və dövlətçiliyin möhkəmləndirilməsi prosesində fəal iştirak edirlər. Və bu gün gənclər fəxr edir ki, məhz ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdırlar və bundan sonra da Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, qüdrətinin artması yolunda əllərindən gələni edəcəklər.

Mirməcid Seyidov 

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: