İllərin Cənub həsrəti

A- A A+

Azərbaycan! İllərin sınağından qürurla keçən, düşmən qarşısında həmişə vüqarla, əzəmətlə dayanan qədim diyar! Tarix boyu qüdrətli hökmdarların vətəni olan, neçə-neçə döyüşlərə şahidlik edən, əsrlərin sınağından alnıaçıq, üzüağ çıxan böyük Vətən! Səninlə fəxr edirik. Fəxr edirik ki, mərd oğul və qızların var, hər qarışın uğrunda canlarını fəda edən, hər daşına, torpağına məhəbbətlə bağlı olan övladların var. Şimallı, Cənublu bütöv məmləkətim! Sənin sevgin, sənin həsrətin illərdir misralara tökülərək qəlbimizi riqqətə gətirir. Vətəninə, elinə, obasına bağlı olan şair və yazıçılarımız cənub həsrəti ilə bağlı dəyərli əsərlər yaradır, torpağımızın hər qarışını dərin məhəbbətlə vəsf edirlər. Yaradıcılığı ilə dərin oxucu rəğbətini qazanmış şair, dramaturq Həsənalı Eyvazlı qələmindən süzülüb gələn, insan qəlbini vətənpərvərlik hissi ilə ovsunlayan, iliklərimizə qədər işləyən kəlmələr də Cənub həsrətinin ifadəsidir:

Haqsızlığa üsyan edən,

Nehrə dönüb qoca Tehran.

Üsyan edir ulu Təbriz,

Ulu Qəzvin, ulu Zəncan.

Haqq-ədalət boğularaq,

Çırpınır quş qəfəsində.

Diktatura döyüşür son nəfəsində.

Haqq-ədalət boğulubdu

al qanıyla.

Haqq-ədalət edam olur,

quduzların divanıyla.

Öz haqqını tələb edir

insan oğlu,

Haqsızlığa üsyan edir

insan oğlu.

Şair Həsənalı Eyvazlının qələmə aldığı “Haqqın səsi” və “Bötüv görmək istəyirik” şeirləri qəlbimizdəki vətən həsrətinin bariz nümunəsidir. Yaradıcılığında cənub həsrətinin özünəməxsus ifadə tərzi, bədii təsvir və ifadə vasitələrindən yerli-yerində istifadə etməsi şairin yüksək poetik istedad və duyumunun əksidir. Hər iki şeir son günlərdə baş verən hadisələrin əksi baxımından aktual əhəmiyyət kəsb edir. Şairin dövrün hadisələrini dərin duyum qabiliyyəti onun hər misrasında hiss olunur və sanki buxova bürünmüş azadlıq həsrətinin real boyalarla oxucuya çatdırılmasını ən qabarıq ifadələrlə tamamlayır. Bu baxımdan “Haqqın səsi” şeirində aşağıdakı misralar diqqətimizi cəlb edir:

“Mən azadlıq istəyirəm!”-

                            deyir bu xalq.

“Mən kölə tək yaşamağı istəmirəm!”-

                             deyir bu xalq.

Qızıl güllə qabağına sipər edir,

                              sipər edir sinəsini.

Kar, kor olmuş bu dünyaya,

                           çatdırmaqçün haqq səsini.

“Bütöv görmək istəyirik” şeiri isə o taylı, bu taylı Azərbaycanın milli birlik ideyasının əksi baxımından qiymətli nümunədir.

Neçə illər bundan əvvəl

Bölünməmiş bir diyardı

Azərbaycan.

Ta Dərbənddən Qəzvinəcən,

Naxçıvandan Təbrizəcən,

Bəxtiyardı Azərbaycan.

İkiyə bölünmüş Azərbaycanımızın sanki birlik nəğməsidir bu şeir. Dili, dini, özü, sözü bir olan qədim odlar diyarının bədii təsviri şair Həsənalı Eyvazlı tərəfindən dolğun, hisslərin dərin harmoniyası ilə ən yüksək səviyyədə oxucuya çatdırılıb. Poetik və akustik gözəlliyi özündə əsk etdirən şeir sanki bütöv Azərbaycanın azadlıq odasıdır.

Dili birdi, sözü birdi,

Qışı birdi, yazı birdi.

Vətənimin özü birdi-

Böldü onu yağı düşmən

dilim-dilim.

Unuduldu vətənimdə

Ana dilim.

- deyən şair dilimizə qarşı aparılan repressiyanı, güclü siyasi təzyiqləri bir daha xatırlatmış, Nizami, Füzuli, Nəsimi, Xətayi dilinə olan riyakarlıq və xəbisliyin real təsvirini vermişdir. Bu şeir illərdir ədəbiyyatımızı, mədəniyyətimizi mənimsəməyə çalışan mənfurlara qarşı ən yaxşı, ən dürüst cavabdır.

Neçə ildir Şəhriyarım

          ağı deyir,

          Savalana, Şah dağına.

          Neçə ildir həsrət qalıb

          Vətənimin bir parçası,

Üçrəngli

Azərbaycan bayrağına!

Bəli, biz vətən həsrətini Şəhriyar qələminin qüdrətindən süzülüb gələn misralarda görürük. Şəhriyar həsrətinin, mənəviyyatının ucalığı isə Həsənalı Eyvazlı qələminin ecazkar misralarında öz əksini tapır. Şair üsyankar bir ruhda yazır:

Niyə axı sənin evin

Sənin olsun,

Onun evi onun olsun.

Mənim evim,

Mənim yurdum parçalansın?

Kim veribdi bu qərarı,

Kim yazıbdı bu fərmanı?

Bu gün əgər,

Ayrılanlar birləşirsə,

Vətənimin, millətimin

Haqqı hanı?

Qoy səsimiz, harayımız

Millətlərin qulağına

çatsın daha.

O tay, bu tay

Ayrılığın zəncirini,

Sındıraraq atsın daha.

– misraları ilə bütün dünyaya səs salan şair haqq səsimizi yüksəklərə ucaldır. İllərdir böyük güclərin döyüş meydanına çevrilmiş qədim Azərbaycan torpağının göz işləyən gözəlliyini tərənnüm edərək iki xalqı bir-birindən ayıran zalımlara qarşı nifrətini bildirir. Şair Həsənalı Eyvazlı eyni zamanda gələcəklə bağlı ülvi hisslərini də dilə gətirərək bütöv görmək istədiyi Azərbaycan arzusunu, artıq həsrət çayı kimi görməyə dözə bilmədiyi xan Arazı məhəbbətlə təsvir edir:

Xan Araza, bundan belə,

Həsrət çayı deyilməsin.

Düşməninə baş əyməyən

Məğrur xalqım,

Kimsələrə əyilməsin.

Yuxarıdakı misralardan bəlli olur ki, illərin həsrəti artıq qəlblərdə dolub-daşaraq şair qəlbini riqqətə gətirir.

O tayın da, bu tayın da

keşiyində,

birgə durmaq istəyirik.

Dövlətlərin cərgəsində,

Azərbaycan dövlətini

Bütöv görmək istəyirik!

“Bütöv görmək istəyirik” şeiri sanki bütöv Azərbaycanın azadlıq himnidir. Şair Həsənalı Eyvazlının yaradıcılıq məhsulu olan hər iki şeir sanki güclü, qüdrətli, əsrlərin sınağından qürurla çıxan böyük Azərbaycanın müstəqillik məbədi təsirini bağışlayır. Şeirlərin hər ikisində, azadlıq ideyasının təbliğini, zülm və haqsızlığa sinə gərmiş xalqın əzəmətini, bu qədər çətinliklərə baxmayaraq əzm və dəyanətini qoruyub saxlamasını, dilimizə qarşı aparılan mənfur təbliğata qarşı mübarizəni şairin cənub həsrətinin dərin ifadəsi kimi görürük.

Bəli, dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, bizi müqəddəs  bir ad birləşdirir - azərbaycanlı! Bu şərəfli adın ətrafında milyonlarla insan cəmləşib. Bu gün qalib sərkərdəsi olan qalib dövlətin azad vətəndaşları olaraq bütöv Azərbaycanın carçılarıyıq. Var olsun, yaşasın Azərbaycan! 

Xumar Məmmədova

Naxçıvan Müəllimlər İnstitutu

Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: