“Twitter” şirkətinin sahibi İlon Mask “Microsoft” şirkətini öz süni intellekt modelinin təlimi üçün sosial şəbəkənin məlumatlarından qeyri-qanuni istifadədə ittiham edib. O, bu barədə iddiasını özünün “Twitter” hesabında paylaşıb.
“Onlar [“Microsoft”] “Twitter”in məlumatlarından istifadə edib qeyri-qanuni təlim aparıblar. Məhkəmə istintaqının vaxtıdır”, - deyə biznesmen yazıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 22-də süni intellekt sahəsinin 1000-dən çox eksperti, o cümlədən İlon Mask dərc etdikləri açıq məktubda bu sahədə nəzarət olunmayan prosesin bəşəriyyət üçün təhlükə yarada biləcəyi ilə əlaqədar “GPT-4”dən daha güclü sistemin təliminə azı 6 aylıq moratorium qoyulmasına çağırıblar. “Microsoft”un yaradıcısı Bill Geyts isə bu cür moratoriumun tətbiq olunmasına qarşı çıxıb.
“OpenAI” Amerika şirkətinin “ChatGPT” proqramı 2022-ci il noyabrın sonunda istifadəyə verilib. Xidmət istifadəçi ilə dialoq rejimində qarşılıqlı fəaliyyət göstərir. “GPT-3.5” dil modeli əsasında süni intellekt əlavə suallara cavab verə, öz səhvlərini təsdiqləyə, düzgün olmayan ilkin şərtlərlə razılaşmaya və yersiz müraciətləri rədd edə bilir.