ÜMT-nin məruzəsi: 2015-2022-ci illər müşahidələr tarixində ən isti səkkizillik olub

A- A A+

2022-ci ildə qlobal iqlim dəyişmələri prosesi sürətlənməkdə davam edib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) “2022-ci ildə qlobal iqlimin vəziyyəti” adlı illik məruzəsində əks olunub.

ÜMT-nin məruzəsi atmosferdə istixana qazlarının mövcudluq dərəcəsi, temperatur dəyişmələri, dənizin səviyyəsinin artması, okeanın qızışması və turşulaşması, dəniz buzunun və buzlaqların vəziyyəti kimi iqlim göstəricilərinə əsaslanır. Sənəddə iqlim dəyişmələrinin nəticələri təhlil olunur, ekstremal hava şəraitinin səbəbləri araşdırılır.

2022-ci ildə bütün qitələri əhatə edən quraqlıq, daşqın və istilik dalğaları milyardlarla dollar ziyan vurub. Antarktikada dəniz buzunun qalınlığı rekord dərəcədə azalıb, Avropada bəzi buzlaqların ərimə sürəti misli görünməmiş dərəcədə artıb.

Son üç ildə La-Ninya cərəyanının sərinləşdirici təsirinə baxmayaraq, 2015-2022-ci illər dövrü ÜMT-nin apardığı müşahidələr tarixində ən isti illər olub. 2022-ci ildə buzlaqların əriməsi və dəniz səviyyəsinin artması rekord həddə satıb və proqnozlara görə bu proses hələ min illər boyu davam edəcək.

ÜMT-nin baş katibi professor Petteri Taalasın fikrincə, BMT agentlikləri arasında əməkdaşlıq ekstremal hava şəraiti ilə bağlı humanitar nəticələrə qarşı mübarizədə, xüsusən ölüm hallarının və iqtisadi itkilərin azalması üçün effektiv vasitə olduğunu sübut edib.

ÜMT rəhbəri xatırladıb: “BMT-nin “Hər kəs üçün ilkin xəbərdarlıq” təşəbbüsünün məqsədi Yer kürəsinin hər bir sakininin erkən xəbərdarlıq xidmətləri ilə əhatə olunduğu vəziyyət yaratmaqdan ibarətdir. Hazırda 100-ə yaxın ölkədə adekvat meteoroloji xidmətlər yoxdur. Qlobal erkən xəbərdarlıq sistemi yaradılması kimi ambisiyalı məsələnin həlli üçün müşahidələr şəbəkəsi təkmilləşdirilməli, hidroloji və iqlim xidmətləri potensialına sanbalı sərmayə qoyulmalıdır”.

Məruzə müəllifləri cari iqlim göstəricilərini sadalamaqla bərabər, iqlim dəyişmələrinin nəticələrinə xüsusi diqqət yetirirlər. Təhlükəli iqlim və hava hadisələri əhalinin kütləvi şəkildə yerdəyişməsinə, on milyonlarla insanın həyat şəraitinin pisləşməsinə gətirib çıxarıb.

Məruzəni tərtib edənlər Yer kürəsinin ekoloji sistemlərinin vəziyyətinə diqqət yetirib, iqlim dəyişmələrinin ağacların çiçəklənməsi və quşların miqrasiyası kimi təbiət hadisələrinə təsirini tədqiq ediblər.

2022-ci ildə Yer kürəsində orta temperatur 1850-1900-cü illər üzrə orta temperaturla müqayisədə 1,15 dərəcə yüksək olub. 2022-ci il müşahidələr tarixində 5-ci və ya 6-cı ən isti il olub.

2021-ci ildə atmosferdə üç əsas istixana qazının – karbon 2-oksid, metan və azot oksidi qazlarının qatılığı müşahidələr tarixində ən yüksək həddə çatıb. Konkret ərazilərdən real zaman rejimində alınmış məlumatlar göstərir ki, bu üç istixana qazının atmosferdə konsentrasiyası 2022-ci ildə də artmaqda davam edib.

1993-2019-cu illərdə buzlaqların qlobal miqyasda itirdiyi suyun həcmi Qərbi Avropada ən böyük göl olan Cenevrə gölündən 75 dəfə çoxdur.

Dünya okeanın istiliyi 2022-ci ildə yeni rekord səviyyəyə çatıb. İqlim sistemində istixana qazlarının tərkibində olan enerjinin təqribən 90 faizi okeana düşür. Bu, temperaturun artması sürətini bir qədər azaltsa da dənizlərin ekosistemləri üçün risklər yaradır. Son 20 ildə okeanın istiləşmə sürəti xüsusilə yüksək olub.

2022-ci ildə dənizlərin orta qlobal səviyyəsi artmaqda davam edib və müşahidələr dövründə yeni rekord səviyyəyə çatıb. İqlim dəyişmələrinin peyklərlə qeydə alındığı ilk onillikdə bu göstəricinin artma sürəti ikiqat yüksəlib.

Atmosferdə olan karbon 2-oksid dəniz suyu ilə reaksiyaya girir və okeanın turşulaşması deyilən vəziyyətə gətirib çıxarır. Bu, orqanizmlər və bütövlükdə ekosistemlər üçün ciddi təhlükə mənbəyidir. Alimlər hesab edirlər ki, açıq okeanın turşulaşma sürəti ən azı son 26 il üçün görünməmiş dərəcədə artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: