Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti (DSX) qarşısında qoyduğu tapşırıqların yerinə yetirilməsi üçün DSX tərəfindən elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş istifadə edilməsinə, xidmətin təşkilində innovativ məhsulların, yüksək texnologiyaların və kreativ həllərin tətbiqinə ciddi əhəmiyyət verilir.
DSX-nin mətbuat mərkəzindən NUHÇIXAN-a bildiriblər ki, bu sahədə Xidmət tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və onun nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı ilə qarşılıqlı faydalı münasibətlər qurulub, dövlət sərhədinin mühafizəsi üzrə elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması və sərhəd mühafizə orqanlarının xidməti fəaliyyətində tətbiqi üzrə əməkdaşlığın inkişafı təmin edilib.
Noyabrın 7-də DSX-nin aparatında Dövlət Sərhəd Xidməti ilə AMEA arasında niyyət sazişinin imzalanması mərasimi keçirilib. Sazişdə AMEA-nın Yüksək Texnologiyalar Parkında dövlət sərhədinin mühafizəsi təyinatlı müxtəlif növ silahların, döyüş sursatlarının, mühəndis-texniki sistemlərin və qoruyucu hərbi geyim formalarının hazırlanması üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.
Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev imzalayıblar.
A.Əlizadə və E.Quliyev tədbirdə çıxış edərək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili üçün müasir texniki nailiyyətlərin tətbiqinin xüsusi əhəmiyyətini vurğulayaraq birgə fəaliyyətin uğurla davam etdirilməsi sayəsində qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliklərini bildiriblər.