Müasir və qloballaşan dünyada insan hüquq və azadlıqlarının dövlətlər tərəfindən tanınması ilə aktuallaşan hüquqlardan biri də əqli mülkiyyət hüququdur. Əqli mülkiyyət hüququ insan şəxsiyyətinin özünüifadəsi və inkişafına imkanlar yaratmaqla yanaşı, iqtisadiyyatın inkişafına bilavasitə təsir edə bilən əsas hüquqlardan biridir. Dünyanın iqtisadi baxımdan inkişaf etmiş ölkələrinin əqli mülkiyyət məsələlərinə xüsusi diqqət yetirməsi və əqli fəaliyyətin uğurlu tətbiqi ilə iqtisadi inkişafa yüksəlməsi bu reallığı təsdiq edən faktorlardandır. Məhz informasiya cəmiyyətinin inkişafı üçün əqli mülkiyyət potensialından geniş və səmərəli istifadə bu baxımdan zərurət tələb edir.
Beynəlxalq aləmdə ölkələrin sosial-iqtisadi inkişafına əqli mülkiyyət məhsullarının müsbət təsiri son qloballaşma dövründə daha da artmaqdadır. Artıq dünyada baş verən proseslər dövlətlərin əqli mülkiyyətlə bağlı məsələlərə xüsusi diqqət yetirməsinə səbəb olmaqla yanaşı, onların qeydiyyatının və tətbiqinin tənzimlənməsinin vahid ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilməsinə üstünlük verməkdədir.
İçərisində olduğumuz hərtərəfli inkişaf, müasir texnoloji yeniliklər, yeni iqtisadi çağırışlar, sənayedə olan sıçrayış və onun gətirdiyi tanınma ilə bağlı məsələlər əqli mülkiyyətin önəm və əhəmiyyətini artırdığından bu sahənin daha səmərəli təşkili üçün BMT Baş Assambleyasının qərarı ilə 1967-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı təsis edilibdir.
Əqli mülkiyyət hüquqlarına olan diqqəti və bu istiqamətdə maarifləndirməni gücləndirmək məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv ölkələrdə, o cümlədən Azərbaycanda 2000-ci ildən başlayaraq hər il 26 aprel “Beynəlxalq Əqli Mülkiyyət Günü” kimi qeyd olunur. 26 aprel tarixi əqli mülkiyyət sahibləri üçün mühüm məna daşıyır. Əqli fəaliyyət və onun keçdiyi tarixi yol bəşəriyyət üçün xüsusi önəm kəsb etməkdədir. İnsanlıq tarixi dünyamızı addım-addım irəli aparan bu fəaliyyətə borcludur. Bu gün həyatımızda möcüzələr yaradan yeni texnologiyalar, innovativ həllər məhz əqli mülkiyyət sahiblərinin yaradıcılıq məhsuludur.
Ölkəmizdə də hər il ənənəvi olaraq bu kimi əlamətdar günlərin qeyd olunmasının cəmiyyətimizin inkişafı üçün böyük əhəmiyyəti vardır. Dünya miqyasında UNESCO və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən bu əlamətdar günlərin elan edilməsinin əsas mahiyyəti ondan ibarətdir ki, vətəndaş cəmiyyəti əqli mülkiyyət hüququna hörmət etməlidir və bu yanaşma yalnız yaradıcı şəxslər üçün deyil, bütün cəmiyyətin, həmçinin bəşəriyyətin gələcəyi üçün vacib və faydalı hesab olunmalıdır. Bununla yanaşı, əqli mülkiyyətin mədəni irsin zənginləşməsində, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı rolunu diqqətə çatdırmaqdır.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əsas hüquqlar kimi təsbit olunan əqli mülkiyyətlə bağlı münasibətlərin tənzimlənməsi məsələsi ölkəmizdə də hər zaman diqqətdə saxlanılıb. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsində “Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur” müddəası öz əksini tapıbdır.
Ölkəmizdə hələ müstəqillik dövründə bu istiqamətdə mühüm işlər görülüb, əqli mülkiyyətin qorunması və inkişafına diqqət artırılıb, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”, 1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub, ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya və Avrasiya Patent Konvensiyasına qoşulub, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurulub.
Artıq müasir dövrdə innovativ inkişafın təmin edildiyi hər bir ölkədə əqli mülkiyyət məsələlərinin dövlətin əsas prioritet siyasəti kimi müəyyənləşdirildiyinin və bu sahənin hüquqi yollarla tənzimləndiyinin şahidi oluruq. Məhz bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahənin yeni dünya nizamı tələbləri çərçivəsində qurulduğunu və ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin qeyri-neft sektorunun inkişafına yönəldilən, təcrübələrə və insan kapitalına hesablanan innovativ iqtisadiyyatın inkişafına xidmət etdiyini görürük. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bütün bunların əyani sübutudur. Sürətlə dəyişən dünyada Azərbaycan getdikcə öz mövqeyini möhkəmləndirir və dünya ölkələri sırasında layiqli yerini tutur.
Məlum olduğu kimi, iqtisadiyyatın qeyri-neft sektoru insanların bazar iqtisadiyyatı prinsiplərinə uyğun qaydada müxtəlif məhsulların istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi kimi çoxşaxəli fəaliyyətini əhatə edir. Bu prosesdə əqli fəaliyyətin nəticələrinin meydana çıxması, elm, texnika, digər sahələrdə keyfiyyətcə yeni nəticələrin əldə olunması, istehlakçıların tələblərinə uyğun yeni məhsulların yaradılması inkişaf məqsədilə görülən mühüm tədbirlərdəndir. Əqli mülkiyyət potensialı hesabına elm və cəmiyyətin inkişafı üçün əlverişli şərait təmin edilir, əqli mülkiyyətin biliklərə əsaslanan iqtisadiyyatın inkişafında güclü vasitəyə çevrilməsi rəqabətqabiliyyətli iqtisadiyyata dəstək verir. Bu baxımdan iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan Respublikası üçün əqli mülkiyyətin iqtisadi əhəmiyyəti danılmazdır.
Son illər beynəlxalq fenomenə çevrilmiş əqli mülkiyyət hüquqları sahəsindəki yeni çağırışlarla əlaqədar, Prezident cənab İlham Əliyevin səyi və dəstəyi nəticəsində müvafiq islahatlar aparılır, qanunvericilik və normativ hüquqi baza daha da zənginləşdirilərək daima təkmilləşdirilir. Bu sahədə idarəçiliyin təkmilləşdirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılması üzrə işlər ardıcıl olaraq davam etdirilir. Təbii ki, həyata keçirilən bu məqsədyönlü islahatlar əqli mülkiyyətin dünya iqtisadiyyatındakı yeni mahiyyətindən irəli gəlir.
Əqli mülkiyyətin sahələri olan ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi ölkəmizdə Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmış normativ-hüquqi aktlarla tənzimlənməkdədir. 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Zamanla ölkəmizdə yaradıcı fəaliyyətin nəticələrinin hüquqi mühafizəsinə əlverişli zəmin yaradılıb, əqli mülkiyyət hüquqlarının qorunması sahəsində beynəlxalq sistemə inteqrasiya uğurla həyata keçirilib.
Ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da əqli mülkiyyət hüquqlarının qorunmasına ciddi diqqət yetirilir və bu sahədə ardıcıl işlər həyata keçirilir. Xüsusən son dövrlərdə muxtar respublikada innovativ iqtisadiyyata keçid istiqamətində qəbul edilmiş mühüm qərarlar, icrası uğurla həyata keçirilən dövlət proqramları və gənclərin bu istiqamətdə maarifləndirilməsi intellektual kapitala verilən əhəmiyyətdən xəbər verir. Buna misal olaraq Naxçıvan Dövlət Universiteti şəhərciyində təməli atılan və bu gün inşa işləri davam etdirilən “Texnologiyalar Parkı”nı göstərmək olar. Xüsusi memarlıq üslubunda və zəngin dizayn quruluşa malik bu layihənin müəllifi də elə həmin universitetin Memarlıq və mühəndislik fakültəsinin məzunu olub. Olduqca müasir üslubda inşa edilən və ən yeni texnologiyaların tətbiq ediləcəyi bu Texnoparkın layihəsinə nəzər saldıqda muxtar respublikanın gələcək innovativ inkişafa doğru istiqamətlənmiş hədəfləri və gələcəkdə qazanılacaq nailiyyətləri görmək mümkündür. Bu tədbirlərin davamı olaraq muxtar respublikamızdakı tədris müəssisələrində elm və təhsilin yeni standartlar çərçivəsində inkişafına yönəldilən və yaradıcı düşüncəni, elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin-startapların həyata keçirildiyinin şahidi oluruq ki, bu da öz növbəsində yeni dövrün tələbi olan startap anlayışının əhatə etdiyi bütün sahələrdə innovasiyanı və dayanıqlı inkişafı təşviq edir.
Muxtar respublikamızda əqli mülkiyyət sahəsinin inkişafına təkan verən daha bir yenilik də məhz 2020-2021-ci tədris ilindən muxtar respublikada tətbiqinə başlanılan STEAM layihəsidir. Mütərəqqi təhsil metodu kimi əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi, Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb, həmçinin muxtar respublika üzrə bu gün ümumilikdə 156 ali və tam orta məktəbdə, lisey və məktəbdənkənar təhsil müəssisələrində STEAM kabinələri qurulub ki, bu layihənin icrası ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin STEAM təhsilindən yararlanmasına imkan yaradır. STEAM kabinələrinin lazımi avadanlıqlarla (3D printer, 3D çap materialı, 3D qələm və s.) təchiz olunması, həmçinin təlimə aid metodiki vəsaitlərin, eləcə də orta məktəb səviyyəsində dərsliklərin və proqramların çap olunaraq istifadəyə verilməsi uşaq, yeniyetmə və gənclərdə XXI əsr bacarıqlarını, kreativlik, tənqidi düşüncə, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarından və robototexnikanın imkanlarından istifadə edə bilmə qabiliyyətlərini inkişaf etdirir, yaxın gələcəkdə yeni ixtiraların təməlini qoyur, müasir dövrdə yeni əqli mülkiyyətin formalaşmasına şərait yaradır.
Muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaqla istedadlı gənclərin üzə çıxarılmasında və kadrların gələcək karyera imkanlarının genişlənməsində dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğı olduqca mühüm əhəmiyyət kəsb edir. Məhz diyarımızda həyata keçirilən gənclər siyasəti burada elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasına öz töhfəsini verməkdədir. Bu gün muxtar respublikamızda gənclərin diqqət və qayğı ilə əhatələnməsi, onların intellektual inkişafı, yaradıcılıq meyillərinin aşkarlanması və bu istiqamətdə əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək olduqca vacib məsələlərdəndir. Təşkil olunan yerli və beynəlxalq tədbirlərin, maarifləndirici seminarların, görüşlərin də əsas məqsədi bu məsələlərə diqqəti cəlb etməkdir.
Bütün bunlarla yanaşı, 2009-cu il may ayının 12-də Naxçıvanda keçirilən “Əqli Mülkiyyət və Ənənəvi Biliklər” mövzusunda Beynəlxalq Simpozium muxtar respubublikada əqli mülkiyyət sahəsinə göstərilən diqqət və qayğının aydın təzahürüdür. Məhz bu istiqamətdə görülən işlər muxtar respublikamızda əqli mülkiyyət sistemlərinin daha da aktiv formalaşmasına zəmin yaratmaqdadır.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən elm və təhsil müəssisələrinin nümayəndələri, o cümlədən AMEA Naxçıvan Bölməsinin əməkdaşları əqli mülkiyyət sahəsində ixtiralar üzrə patent alıblar. Bu patentlər dəfələrlə respublika əhəmiyyətli müsabiqələrdə yer tutub və mükafatlandırılıb. Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz fəaliyyətini muxtar respublikada innovasiyalı inkişafla bağlı həyata keçirilən iqtisadi siyasəti dəstəkləyən xidmətlərin göstərilməsi, əqli mülkiyyətin mühafizəsinin formalaşdırılması və müasir dövrün tələblərinə uyğunlaşdırılaraq sənayedə tətbiqinin dəstəklənməsi kimi mühüm funksional vəzifələrlə həyata keçirir. Xidmət sənaye mülkiyyəti obyektlərinin mühafizəsi üçün əqli mülkiyyətin qorunması sahəsində mütəmadi tədbirlər təşkil edərək muxtar respublikada patent sahəsinin inkişafını diqqət mərkəzində saxlayır. Yeni texnologiyaların iqtisadiyyata tətbiqini dəstəkləmək, bu istiqamətdə əqli mülkiyyətin rolunu artırmaq və innovasiyaların reallaşdırılmasına töhfə vermək əsas hədəflərdəndir.
Fəaliyyəti dövründə Xidmətin Patent şöbəsinə ixtira, sənaye nümunəsi, faydalı model, əmtəə nişanı və coğrafi göstəricilər üzrə daxil olan 2341 müraciətin müvafiq prosedurlara uyğun olaraq ekspertizası aparılıb. Bu dövr ərzində iddiaçılara, ümumilikdə, 1403 mühafizə sənədi verilib. Əqli mülkiyyət hüquqlarının qorunmasına, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinə və əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınmasına xüsusi diqqət yetirilir.
Muxtar respublikada əqli mülkiyyətin inkişaf etdirilməsi, ixtiraların istehsalatda tətbiqi və patentlərin beynəlxalq mühafizəsi işi bundan sonra da üstün istiqamət kimi davam etdiriləcəkdir.
Kamran Mehbalıyev
Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi