Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kəngərlidə tədbir keçirib - FOTOLAR
Komitənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, rayonun Xok kəndində keçirilən tədbir “Bərabər dayanıqlı ailə planlaşdırması uğursuz nikahların qarşısını alan əsas faktorlardandır” mövzusunda olub.
Əvvəlcə, Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova tədbirin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova ölkəmizdə həyata keçirilən dövlət ailə, qadın və uşaq siyasətindən bəhs edib, ailə dəyərləri və ailədə dəyərlərin yaşadılmasının əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.
Bildirib ki, ailələrin möhkəm olması üçün ailənin bütövlüyünün qorunması, ailədə böyüyəcək övladların hərtərəfli və sağlam böyüməsi vacibdir.
Sonra slayd vasitəsilə bərabər və dayanıqlı ailə planlaşdırmasının yolları və əhəmiyyəti izah edilib, cəmiyyətin aktual məsələsi olan erkən nikah, onun fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb, yazılı şəkildə sorğu keçirilib.