Dünən Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulan belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Metterlinqin "Göy quş" əsərinin tamaşası bir sıra uğurlu tərəfləri ilə yadda qaldı. Və bəri başdan deyim ki, izləyənlərə yüksək zövq və mənəvi rahatlıq bəxş edə bildi.
Naxçıvan teatrının yeni sənət qələbəsi…
Ötən əsrin 30-cu illərinin əvvəllərində Azərbaycan teatrında ilk dəfə səhnəyə qoyulan bu əsərə indiyədək müraciət edilməmişdi. “Göy quş” fəlsəfi əsər olduğundan müəllif ideyasının açılmasında, tamaşanın bədii həllində güclü rejissor, rəssam və bəstəkar işi vəhdət təşkil etməlidir. Sevindirici haldır ki, tamaşa uğurlu alındı, əsərin ideya-məzmun dəyərinin tamaşaçıya çatdırılmasına müvəffəq olundu. Tamaşa baxımlılığı, uğurlu səhnə həlli ilə Naxçıvan teatrına yeni psixoloji ovqat və estetik üslub gətirdi. Qocaman teatrımızın səhnəsində ilk dəfə tamaşaçıya təqdim olunan əsəri Naxçıvan teatrının yeni sənət qələbəsi adlandırsaq heç də yanılmarıq.
Bir məqama da toxunaq ki, əsərin mövzusunun fəlsəfi-psixoloji qatları dərindir və əksər hallarda bunu ilk baxışda dəqiqliklə tutmaq olmur. Tamaşanın finalına doğru mövzunu tam dərk edəndən sonra saatlarla əsərin təsirindən qurtulmaq olmur. Səhnə əsərinin canlılığının, təravətinin bir gözəlliyi də məhz bundadır.
Bütün hadisələr odunçunun övladları Tiltil adlı oğlan və onun Mitil adlı bacısının Milad bayramı gecəsi mistik xoşbəxtlik simvolu olan Göy quşun axtarışına çıxmaları ətrafında cərəyan edir. Səyahət zamanı onlar dünyadan çoxdan köçmüş nənə-babalarının, eləcə də ağacların, heyvanların, işığın və gecənin gizlətdiyi təbiət sirlərinin ruhları ilə qarşılaşırlar. Tamaşanın sonunda bacı və qardaş yuxudan oyanaraq, öz dünyalarına qayıdırlar. Onlar başa düşürlər ki, xoşbəxtliyi uzaqda axtarmağa ehtiyac yoxdur. Xoşbəxtlik hər kəsin öz qəlbindədir. Hər bir insanın xoşbəxtliyi onun qəlbindəki sevgi, mərhəmət və xeyirxahlıqdır. İnsan əlində olanlarla yetinməyi bacarmalıdır. O, elə hey axtarışda olur. Sadə evi olan daha böyük, daha zəngin evdə yaşamaq arzulayır. Yaxud ətrafındakı insanların həyatını heyranlıqla izləyir, öz evindəki xoşbəxtliyi görmür və sair. Elə əsərdəki bu bacı-qardaş kimi. Məhz yuxudan sonra onlar bəyənmədikləri daxmalarına saray kimi baxırlar, hər şey onlara gözəl və mənalı görünür. Onlar bu dünyada olanların, baş verənlərin gizli mənasını duya, anlaya bilirlər. Təbii ki, insanların belə yuxu görüb həyatı dərk etməsi çətindir. Məhz ona görə də bu ibrətamiz əsər tamaşaçısını düşündürür, xəyallar aləminə aparır, insan oğluna xoşbəxtliyin yaşadığımız bu dünyada olduğu həqiqətini təlqin edir, adıçəkilən səhnə əsəri “Müdrik ol, onda hər şeydən əvvəl xoşbəxt olmağı öyrənəcəksən” fikrini insan beyninda formalaşdırmağa nail olur.
Sevindiricidir haldır ki, tamaşada əsas rollar Naxçıvanda yetişib formalaşan gənc aktyor və aktrisalara tapşırılıb. Onlar oynadıqları rolları öhdəsindən lazımınca gələ bilirlər. Bu da onu göstərir ki, Naxçıvan teatrında yeni peşəkar aktyor nəsli formalaşır. Əsərin qəhrəmanları — odunçunun övladları olan Tiltil adlı oğlan və onun Mitil adlı bacısını Vəli Babayev (“Naxçıvan” Universitetinin tələbəsi) və Heyran Abdullayeva (Naxçıvan Musiqi Kollecinin tələbəsi) ustalıqla tamaşaçıya təqdim edə bilirlər. Onların mükəmməl səhnə hərəkətləri, yerində edilən jestlər, səlis səhnə danışığı və sair hər iki gəncin bu sahədə gələcəkdə bir çox uğurlu tamaşalara imza atacaqlarından xəbər verir. Onu da diqqətə çatdırım ki, bu tamaşada yer alan gənclərin hamısı Naxçıvan Dövlət Uşaq Tetarının səhnəsindən böyük teatr səhnəsinə addım atanlardır. Bu gənclər hadisələrin ustalıqla tamaşaçıya çatdırılmasına müvəffəq oldular.
Tamaşanın yaddaqalan simalarından biri “Naxçıvan” Universitetinin tələbəsi Fatimə Yusifli idi. Tamaşada Tiltil və Mitilin anasını canladıran gənc aktrisa 21 yaşında olmasına baxmayaraq bu obrazı təsirili və dolğun yarada bildi. Aktirsanın təqdim etdiyi obraz öz canlılığı və təbiiliyi ilə seçilirdi. O, aydın nitqi, kaloritli səhnə görkəmi, peşəkar oyun üslubu ilə bu obraza yaddaqalan səhnə həyatı verdi. Fatimə dünyada ən böyük xoşbəxtliyin ana və valideyn sevgisi olmasını təmkin və böyük məharətlə tamaşçısına çatdırdı. Tamaşanın ən təsirli anlarından biri olan həmin səhnədə ana gözəl libasda uşaqların qarşısına çıxır. Uşaqlar istəyirlər ki, anaları həmişə belə gənc və gözəl olsun. Ana isə onlara deyir ki, ata-analar qəlbən həmişə gənc və gözəldirlər. Sadəcə olaraq, onları belə görməyi bacarmaq lazımdır.
Xalq artisti Rza Xudiyev, Əməkdar artistlər Behruz Haqverdiyev, Əli Əliyev, Vüsal Rzayev, Kəklik Novruzova, gənc aktrisalardan Nurbəniz Niftəliyeva, Mehri Nəbiyeva, Zəminə Baxşəliyeva da əsərin uğurlu səhnə həllinə və müəllif ideyasının açılmasına nail ola bildilər.
Tamaşanın hər səhnəsi ibrətamizdir. Bacı-qardaşın atası odunçu olduğuna görə Palıd ağacı dilə gəlir. Ağacların öz qol-budaqlarının kəsilməsindən Tilitilə şikayətlənməsinin də arxasında böyük məna, müasir cəmiyyətə mesaj və çağırış var. Axı, ağac kəsmək təbiətə ziyan vurmaqdır.
Mən yenidən rejissor işinə qayıtmaq istəyirəm. Rejissor hər hansı əsərin mövzusunu həssaslıqla duyub, qavrayıb, öz təxəyyülündə yoğurub ona səhnə poetikasında səciyyəvi təcəssüm verə bilirsə, aktyorları həmin janrın estetik tələblərinə yönəltməyi bacarırsa, o zaman canlı, təravətli, düşündürən, mənəviyyatımızı silkələyən tamaşa hasilə gəlir. Fikrimizcə, rejissor Tofiq Seyidov buna nail ola bilib.
Təbii ki, hər tamaşanın uğurlu səhnə həllində rejissorla yanaşı, bəstəkar, rəssam işləri də mühüm əhəmiyyət kəsb edir.Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın tamaşaya verdiyi səhnə tərtibatı da yüksək dəyərləndirilməlidir. Hadisələr cərəyan etdikcə ümumi fonda baş verən olayların məkan yerdəyişimi inandırıcı olması ilə diqqəti çəkir. Yəni, hər şey öz məkanında, öz rəng çalarında əksini tapır. Bu sözləri əsərin musiqi tərtibatı barədə də demək olar. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovanın əsərin ideyası ilə həmahəng səslənən musiqisi tamaşa boyu öz təsrinin göstərir.
P.S. Tamaşanı izlərkən ötən əsrin 90-cı illərinin əvvəllərinə- çörəyə həsrət qalan uşaqlığımıza qayıtdım. Bir daha şükr etdim ki, indi o çətin günlərimiz artıq yoxdur. Naxçıvanda uşaqlar əsərdəki Tiltil və Mitil kimi “Göy quş” axtarışında deyillər. Çünki onlar xoşbəxtdirlər. Firəvan, rahat həyat sürürlər. Bizim uşaqların gülüşü və rahatlığı elə bizim xoşbəxtliyimizdir...
Gəlin qədrini və dəyərini bilək!