Qadın və ana adının fövqündə
Dünyaşöhrətli alim akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə
Xalqımızın xoşbəxtliyi ondadır ki, onun mentalitetində analıq dəyəri qayğıkeşlik, bütün varlığı ilə övladına bağlılıq, bütün ruhu ilə övladlarına sevgi və şəfqət hissləri ilə bağlanmaq, həyat yoldaşına sədaqətlilik, namusuna düşkünlük, etibarlılıq kimi səciyyələrlə müəyyənləşir. Azərbaycan qadınının səciyyəsi Tomris ananın şücaəti, mətanəti, döyüşkənlik və qəhrəmanlığında, Sara xatunun zəka əzmi və siyasətində, diplomatiyasında, Burla xatunun, Banuçiçəyin, Dəli Domrulun və Dirsə xanın xanımlarının sədaqətində, ərinə qahmarında, arxa-köməkliyində, əfsanə obrazlarımızın iffətində, namusu və şərəfində, ləyaqətliliyində, bala məhəbbətində, övlad qayğıkeşliyində, Zərifə xanım Əliyevanın elmi hünərində, şəfqət duyğuları ilə xalqına xidmətindədir.
Akademik Zərifə xanım Əliyeva şərəfli ana olmaqla bərabər cəmiyyəti ucalığa aparan, ailə və cəmiyyət birliyində qadın şəfqətini, qayğıkeşliyini nümunəvi olaraq təcəssüm etdirən insanlıq, qadınlıq və ləyaqət rəmzi olan bir insan idi. Qadınlıq zirvədirsə, analıq onun tacı, şərəfi, ləyaqəti, dəyəri, zibasıdır. Həm qadın olmaq, qadınların nümunəsi olmaq və cəmiyyətinə, el-obasına bütün ürəyi, şəfqət hisslərilə xidmət etmək, həm də ana olub uşaqlarının başında olmaq, onlara verdiyin tərbiyə ilə xalqına xidmətlə ucalan insanlar yetişdirmək bir qadının taleyində ən böyük nemətdir, nailiyyətdir, bəlkə də hər şeydir.
Ləyaqətli, uca, şərəfli bir ana adını daşıyan Zərifə xanım Əliyeva minlərlə Azərbaycan anasını müvəffəqiyyətlə təmsil edən böyük ürəkli, zərif xarakterli, övlad, bala məhəbbətli bir ANADIR. O, bir tərəfdən milyonların xidmətində bir həkim, tibb işçisi kimi qeyrətlə dayanıb, digər tərəfdən milyonlarla insana, qüdrətli bir ölkəyə rəhbərlik edən dövlət başçısına analıq, ömür-gün yoldaşına sədaqət və məhəbbətlə həyat yoldaşlığı edib. Onun uzun illər Azərbaycan Respublikasına uğurla rəhbərlik edən Heydər Əliyevin həyat yoldaşı olması, ailədə mötəbər və sevilən ana kimi müxtəlif işlərin öhdəsindən layiqincə gəlməsi böyük qadın ürəyinin genişliyi və əzəmətli insan xarakterini təcəssüm etdirir. O böyük ürəkli qadın haqqında liderlər əsrinin lideri, adı, qəlbi, mənəviyyatı xalqı boyda böyük, uca olan, əzəmətli şəxsiyyət – xalqımızın ümummilli lideri, vəfalı və sədaqətli HƏYAT YOLDAŞI HEYDƏR ƏLİYEV məhz belə deyib: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib. …Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam”.
Zərifə xanım həm də bu gün Azərbaycan xalqının yolunda böyük ürəklə, bütün varlığı və qeyrətilə xidmət edən, xalq üçün, dövlət üçün çalışan, Azərbaycanı uğurdan-uğura aparan vəfalı, vətənpərvər övladlar tərbiyə edib. Öhdəsinə düşən bu qədər çoxcəhətli işin öhdəsindən müvəffəqiyyətlə gələn, ömründə bir dəfə də gileylənməyən, həm elmin, öhdəsinə götürdüyü tibbi vəzifənin, milyonlarla insanın ona dikilmiş qaranlıq gözlərinə işıq gətirmək missiyasını yorulmadan icra edən, görkəmli alim, oftalmoloq, həkim kimi zirvələrə qalxan Zərifə xanım Əliyeva həm də ürəyi sevgi dolu ANA kimi bu gün Azərbaycan xalqının xidmətində ləyaqətlə dayanan və ona liderlik edən Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi bir övlad tərbiyə edərək Azərbaycan xalqına bəxş edib.
Cəmiyyəti ucalığa aparan, ailə və cəmiyyət birliyində qadın şəfqətini, qayğıkeşliyini nümunəvi olaraq təcəssüm etdirən insanlıq, qadınlıq və ləyaqət rəmzi olan bir insandır Zərifə xanım. Deyirlər, göz Tanrıdan xəbər verir. Zərifə xanım Əliyeva öz zəkasının nuru ilə məhz insanlara təkcə qəlblərinin gözü ilə deyil, həm də onlara yetirilmiş göz nuru hesabına ilahi gözəllikləri görməyi bəxş etdi. Minlərlə insanın nur qazanmış gözləri Zərifə xanım Əliyevanın şəfqətli əllərinə minnətdardır, onun şəfqətinə, qayğısına duaçıdır. Zərifə xanım Əliyeva, bu mənada, mübaliğəsiz olaraq demək olar ki, minlərlə insanın nəzərində onlara işıq, nur, xoşbəxtlik, yenidən yaşamağa ümid və sevgi gətirən İŞIQ İLAHƏSİDİR.
Onun adı mehriban insan, nəcib qadın, qayğıkeş ana və bunların hamısını özündə ümumiləşdirən qəlbigeniş, insanlara nur bəxş edən ilahə kimi əbədiləşib. Onu tanıyanlar nəcibliyi, qayğıkeşliyi qarşısında həmişə heyrət duyublar. İşlədiyi uzun illər ərzində onu həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda Azərbaycan qadınının uca timsalı kimi tanıyıblar.
Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində (kənd hazırda Kəngərli rayonunun inzibati ərazi bölgüsünə daxildir) dünyaya göz açıb. 1942-ci ildə orta məktəbi bitirib və Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1947-ci ildə institutu bitirən Zərifə xanım Əliyeva Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmolgiya üzrə ixtisaslaşdırma kursu keçib.
“Böyük SSRİ”nin hamını zəhmətkeşliyə səsləyib əməyini istismar etdiyi bu zamanlarda traxoma insanların gözündə dünyanı qaranlığa bürüyürdü. Bütün ölkədə traxoma göz xəstəliyi acımasızlığı ilə tüğyan edir, sanki kimsəsiz görüb insanlara acı çəkdirirdi. Belə bir vaxtda gənc qız Zərifə xanım Əliyevanın taleyini Tanrı özü müəyyənləşdirir: onu işıq ilahəsi olaraq Azərbaycan xalqının taleyinə bəxş edir. Əbəs yerə demirlər ki, dərdi də verən Allahdır, dərmanını da. Bu gənc xanımın elmi-tədqiqat işi gözləri qaranlığa bürüyən traxoma xəstəliyinin axırına çıxır. Qəlbi insan sevgisi ilə dolu bu gənc xanım elə bir həvəs və zəhmətlə işləyir ki, onun elmi-tədqiqatları qısa müddət ərzində müsbət nəticəsini göstərir və milyonlarla insanın qəlbindən gələn, gözlərindən görünən yollara düşür. Çünki o zaman bir bəlaya çevrilən traxoma xəstəliyinə qarşı təsirli müalicə üsulu nəinki Azərbaycanda, heç bütün SSRİ-də yox idi. Bu mənada gənc azərbaycanlı xanım Zərifə Əliyevanın elmi kəşfi bütün SSRİ respublikaları üçün ümid işığı, oftalmologiya elmi qarşısında əvəzsiz xidmət idi. İnsanların üzünə baxmağa üzü olmayan oftalmologiya elmi yalnız Zərifə xanımın kəşfindən sonra başını dikəltməyə özündə güc tapdı.
Zərifə xanım o həkimlərdən idi ki, xəstələrlə, ümumən insanlarla ünsiyyətdə üstün əxlaqi davranışa, incə danışığa və qayğıkeş münasibətə üstünlük verirdi. Bu baxımdan görkəmli alim təkcə güclü elmi bilik və tibbi məharətə malik həkim kadrların yetişməsi üçün yox, həm də elmi və ictimai əxlaqi davranış və münasibətə malik olan kadrların yetişməsi və tərbiyəsi üçün səy göstərirdi. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə, “Yüksək etimad” əsəri isə məhz cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə həsr olunub və əvəzedilməz töhfələrini verib. “Xalqın sağlamlığı – xalqın nailiyyətidir”, “Həkimin gündəlik zəhməti onu əhatə edən insanlarla, birinci növbədə xəstələrlə davranış qaydalarını və formasını bilməyi tələb edir”, “Həkimin fəaliyyətinin əsasını xəstənin həkimə inamı … təşkil edir”, “Həkim çox səbirli olmalıdır. O, xəstənin daxili aləminə girib, onu başa düşmək üçün … dinləməyi bacarmalıdır”, “Həkim xəstənin mənafeyini hər şeydən üstün tutmalıdır”, “Həkimin əsas borcu xəstəyə imkan dairəsində nə varsa hamısını edib, onu sağaltmaqdır” və başqa fikirləri səhiyyə sahəsində Hippokrat andının işığında həkimlik sənətini seçənlər üçün ən zəngin etik davranış nümunəsidir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Zərifə xanım heç zaman gərgin işdən usanmayıb, ürəkdən və ilhamla çalışıb. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsulliyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırıb.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilib, bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adını alıb.
Milyonlarla insana nur, işıq bəxş edən Zərifə xanım Əliyeva 1985-ci ildə aprel ayının 15-də Moskva şəhərində gözlərini dünyaya əbədi olaraq yumub. Lakin milyonlarla insanın qəlbində özünə əbədi yer tutaraq həmişəyaşarlıq qazanıb. Şair yaxşı deyib:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Bəli, akademik Zərifə xanım Əliyevanın adı Azərbaycan adlı məmləkətdə özünə əbədi ünvan, əzəmətli yer, möhtəşəm yurd salıb. O, ləyaqəti və əməli ilə MİLYONLARIN ANASI kimi Azərbaycan qadınının adına şərəf gətirib, analığa yeni məzmun verib, qadınlıq vəzifəsinə yeni vəzifə qatıb, onun mənəvi, ictimai məzmununu XX əsrdə mentalitetin ölçülərinə - özünə qaytarıb, anaların və analığın etalonuna çevrilib.
Ramiz Qasımov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent