NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə “Heydər Əliyev məhkəmə-hüquq islahatlarının banisidir” mövzusunda elmi-praktik konfrans təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Muzeyində olan ziyarətçilər dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
"Naxçıvan Saray"da davam edən tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra ümummilli liderin ömür yolu və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vüsal Həsənov və Naxçıvan Mediasiya Təşkilatının sədri Yusif Həsənovun çıxışları dinlənilib.
Çıxışlarda bildirilib ki, böyük strateq Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində ədalət, düzgünlük və humanizm prinsiplərini əsas götürüb, bu mənəvi-əxlaqi meyarların ictimai şüurda möhkəmlənməsinə çalışıb. 1995-ci il noyabrın 12-də referendum yolu ilə ümummilli liderimizin işləyib hazırladığı ilk Milli Konstitusiyamız qəbul edildi. İnsan haqlarının müdafiəsinə daha etibarlı təminat verən yeni 3 pilləli məhkəmə sistemi formalaşdırıldı. Həmçinin 1998-ci ildə Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Hələ ötən əsrin 70-ci illərində məhkəmə, prokurorluq, daxili işlər orqanlarında və digər həyata keçirilən köklü kadr dəyişiklikləri, təsərrüfat-iqtisadi xarakterli cinayətkarlığa qarşı mübarizənin sərtləşdirilməsi məqsədilə atılan addımlar, hüquq-mühafizə orqanları əməkdaşlarının mənəvi cəhətdən sağlamlaşdırılması, qanun keşikçisi adını daşımağa layiq olmayanların orqanlardan uzaqlaşdırılması ulu öndərin cəmiyyətdə qanunçuluğun möhkəmlənməsində, milli ruhlu hüquqşünas kadrların yetişməsində maraqlı olduğunu bir daha təsdiqləyir.
Bildirilib ki, ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması və müdafiə edilməsi, eləcə də müstəqil vəkillik institutunun formalaşdırılması ümummilli liderin adı ilə bağlıdır. Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimizin həyata keçirdiyi hüquqi islahatlar çərçivəsində ədliyyə və prokurorluq sahəsində köklü dəyişikliklər baş verib, onun cəmiyyətdə rolu və əhəmiyyəti artıb. Respublikamızda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi demokratik hüquq dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini göstərir. Qeyd edilib ki, hüquqi dövlət quruculuğu prosesi çərçivəsində məhkəmə qərarlarının icrası sistemi də təkmilləşdirilir. Cəza tərbiyə işi daha da humanistləşdirilərək ədliyyə orqanlarında da əsaslı islahatlar aparılıb.
Çıxışlardan sonra qarşılıqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Şəfa Səfərova