Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Komitənin sədri Ramilə Seyidova Culfa rayon Yaycı kəndində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.
Görüşdə 11 kənd sakininin müraciət və şikayətlərinə baxılıb. Vətəndaşlar işlə təmin olunma, mülk, ünvanlı dövlət sosial yardımı və pensiya təyin olunması, özünüməşğulluq, qadınların peşə təhsilinə cəlb olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlara müraciətlərlə bağlı hüquqi izahat verilib, Komitənin səlahiyyət dairəsinə aid məsələlər icraata götürülüb.
Görüşdə iştirak edən Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova vətəndaşların müraciətlərinə aidiyyəti üzrə köməklik göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.