Birlik və həmrəylik milli ideologiyamızın əsasıdır

A- A A+

Milli birlik və həmrəylik ideyası hər bir xalqın tarixi inkişafında mühüm şərtlərdəndir. Çünki milli birliyə nail olmadan bir xalqın müstəqil, azad yaşamaq imkanı da yoxdur. Milli birliyin olması isə milli mənlik şüurunun dərkindən başlayır. Bu gün qloballaşan dünyada ayrı-ayrı dövlətlərin və xalqların bir-birinə tərəqqi məqsədilə sıx yaxınlaşdığı bir vaxtda milli özünüdərkin əhəmiyyəti daha aydın görünür. Azərbaycan xalqı da tarixən öz azadlığı, müstəqilliyi uğrunda mübarizə apararaq ötən əsrin əvvəllərində və sonunda bu arzusunu həyata keçirmiş, dünyanın sivil xalqı olduğunu hər kəsə sübut etmişdir. Lakin ikinci dəfə müstəqillik arzularını gerçəkləşdirən xalqımızın vahid ideologiya ətrafında birləşərək bu müstəqilliyi qoruması və milli özünüdərkə qayıdışı ümummilli liderimiz Heydər Əliyev sayəsində mümkün olmuşdur. Dahi şəxsiyyətin ümumxalq mənafeyi naminə atdığı tarixi addımlar dünyada yaşayan bütün soydaşlarımızın eyni hədəf uğrunda mübarizəsinin əsasını təşkil etmiş, onların Azərbaycançılıq ideyası əsasında sıx birləşməsinin başlanğıcını qoymuşdur.

Azərbaycançılıq ideyasının formalaşması prosesinin başlanması da ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Görkəmli dövlət xadiminin həmin illərdə Azərbaycanın müstəqilliyi uğrunda atdığı addımlar, o cümlədən milli dövlət bayrağımızın ilk dəfə Naxçıvan parlamentində qaldırılması, muxtar respublikanın adından "sovet sosialist" sözlərinin çıxarılması, keçmiş ittifaqın saxlanılması üçün referendum təklifinin boykot edilməsi, ilk milli ordu hissələrinin yaradılması və digər bu kimi tədbirlər Azərbaycançılığın ən böyük nümunəsi kimi tarixin yaddaşına keçmişdir. Ümummilli liderimizin rəhbərliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi və ilin sonuncu gününün  “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilməsi isə Azərbaycançılığın təkcə Azərbaycanda deyil, bütün dünyada yaşayan azərbaycanlıların milli məfkurəsi olduğunun təsdiqi idi.

Ulu öndər Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bu prosesi diqqət mərkəzində saxlayaraq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla hərtərəfli əlaqələri inkişaf etdirmək, onları vahid Vətən uğrunda səfərbər etməyi dövlətin xarici siyasət kursunda mühüm istiqamət kimi müəyyənləşdirmişdir. Məhz dahi şəxsiyyətin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəylik uğrunda birləşmənin, diaspor quruculuğu sahəsində yeni mərhələnin başlanğıcı olmuşdur. Həmin qurultayda 36 xarici ölkə­də yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatdan 403 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultaydakı nitqində ümummilli lider dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi və qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsinin vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Xaricdə yaşayan azərbaycanlılar isə gərək müstəqil Azərbaycan ilə daha sıx əlaqələr qursunlar. Bunlar dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtdir”.

Sonrakı illərdə də dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində mühüm tədbirlər görülmüş, ulu öndər 2002-ci ildə imzaladığı fərmanla bu işin dövlət səviyyəsində tənzimlənməsini həyata keçirmişdir. Belə ki, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən idarə olunmasına şərait yaratmışdır. 2002-ci il dekabrın 27-də qəbul edilmiş “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun isə  diaspor qurucu­luğu sahəsində mühüm qərarların qəbuluna, eyni zamanda dünya azərbaycanlılarının mütəşəkkilliyinin təmin olunmasına öz töhfəsini vermişdir. Dahi şəxsiyyətin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara xitabən söylədiyi “Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən”- fikirləri həmrəylik düşüncəsini milli özünüdərkin əsas elementi kimi görməsindən irəli gəlirdi.

Bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid bir ideologiya ətrafında birləşməsi, ölkəmizin sürətli inkişafında onların rolunun artırılması, Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. Dövlət başçısının 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən, həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Ölkə başçısı­nın 2008-ci il noyabrın 19-da imzaladığı fərmanla isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmış, həmin il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir. Artıq bu dövrdən etibarən dövlətimizin diaspor siyasəti xaricdə yaşayan soydaşlarımızın daha da mütəşəkkil təşkilatlanması nəticəsində yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2011-ci il iyulun 5-də isə Bakı şəhərində Dünya Azərbaycanlılarının III Qurultayı keçirilmişdir. Qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak etmişlər. Həmin qurultayda Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ideyalarını daha da inkişaf etdirərək təkcə dünya azərbaycanlılarının birləşdirilməsi ilə kifayətlənməməyi, Azərbaycan və türk diasporlarının birləşərək amansız və məkrli düşmənə qarşı vahid cəbhədə mübarizə aparmasını tövsiyə etmişdir. III Qurultay bir daha göstərmişdir ki, Azərbaycanın inamla irəliləyərək iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətin xoşbəxt sabahına inamını artırmışdır. 2016-cı il iyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində öz işinə başlayan Dünya Azərbaycanlılarının IV Qurultayında bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş qərarlar, tədbirlər geniş müzakirə olunmuşdur. İki gün davam edən tədbirdə 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmişdir.

Bu gün artıq xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla sıx əlaqələri var. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycanla bağlı ictimai fikrin formalaşmasında bu əlaqələrin rolu böyükdür. İndi artıq dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlılar Azərbaycanın güclü, hərtərəfli inkişaf etmiş ölkə kimi uğurlarından qürur hissi keçir, bu gücün, qüdrətin və nüfuzun daha da artacağına inanırlar. Bunun üçün isə həmvətənlərimizin Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi, öz Vətənlərinə güvənməsi şərtdir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: Dünyada yaşayan bütün azərbaycanlılar bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: