100 Yaşlı Milli Qürurumuz

A- A A+

Tarixin sınaqlarından keçən, zəfərlərimizin şahidi olan, azadlıq və müstəqilliyimizin simvolu, suverenliyimizin  rəmzi  “Dövlət Bayrağımız” – “Milli Qürurumuz”-un 100 illiyini qeyd edirik.

Bir millətin bayrağı, o millətin şərəfi, qüruru, siyasəti, mədəniyyəti, iqtisadiyyatı və ordusu deməkdir. Bayrağa hörmət milli kimliyimizə, milli sərvətimizə,  dövlətimizə, şəhidlərimizə, demokratik ağıla və elmə söykənən çağdaş təhsilə hörmətdir.

Azərbaycan Respublikasının Dövlət gerbi və Dövlət himni kimi, Dövlət bayrağı da Azərbaycan Respublikasının müstəqilliyini təcəssüm etdirən rəsmi dövlət rəmzidir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Azərbaycan əsgəri Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən dövlət bayrağına and içir. Dövlət bayrağının ən mötəbər məclislərdə və mərasimlərdə, rəsmi tədbirlərdə və yarışlarda qaldırılması hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli bayrağımız  ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib və Naxçıvan Ali Məclisinin təşəbbüsü ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu “Dövlət Bayrağı” elan etmişdir.

1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək onun dövlət rəmzlərini, o cümlədən  Dövlət bayrağını qəbul edib.

Azərbaycan Respublikasının  dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət bayrağı günü kimi qeyd edilir.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Üçrəngli bayrağımıza olan böyük hörmət və ehtiramın əlaməti olaraq 2014-cü il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan şəhərinin ən uca zirvəsində inşa edilən  “Bayraq Meydanının” açılış mərasimi keçirilib.

Dövlətçilik mədəniyyətimizdə şərəf və qürur simvolu kimi sevilən bayraq ordularımız tərəfindən yadelli işğalçılara qarşı aparılan mübarizədə həmişə döyüşçülərimizin başı üzərinə qaldırılıb.

Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti bu əlamətdar “Yüzilliyi” Azərbaycanımızın dövlət müstəqilliyinin qorunması, döyüş hazırlığında əldə etdiyi yüksək nəticələrlə, “Günnüt əməliyyatı”-nda11.000 hektarlıq ərazini azad edərək peşəkarlıq səviyyəsini günü-gündən artırmaqla və Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiəsini təmin etməklə qarşılayır.

“9 Noyabr-Bayraq Günü”müz mübarək!

Əlövsət  Hüseynquliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: