Naxçıvanda Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü qeyd edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 3 May-Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü münasibətlə Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və söz azadlığı modeli” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı, “Şərq qapısı” qəzeti redaksiyası və NDU-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Qonaqlara Heydər Əliyev Muzeyin zəngin ekspozisiyası barədə geniş məlumat verilib.
Naxçıvan Dövlət Universitetində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Heydər Əliyev və Azərbaycan mətbuatı" filminə baxış olub”.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva çıxış edərək bildiriblər ki, Azərbaycanda söz azadlığının, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması sahəsində dahi şəxsiyyət Heydər Əliyevin rolu misilsizdir. Ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf edib, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində məqsədyönlü tədbirlər, hüquqi islahatlar aparıb, mühüm qanunvericilik aktları, habelə dövlət konsepsiyası qəbul edilib.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1995-ci ildə qəbul olunan Konstitusiyaya söz və məlumat azadlığı ilə bağlı mütərəqqi normaların daxil edilməsi ilə medianın hərtərəfli inkişafı üçün əlverişli zəmin yaradıb.
Qeyd edilib ki, ulu öndərin müxtəlif dövrlərdə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” imzaladığı fərman və sərəncamları, 2001-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyulması, senzuranın ləğvi kimi tarixi islahatlar ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb.
Bildirilib ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Dövlətimizin başçısının jurnalistlərlə səmimi münasibətləri, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür.
Tədbirdə “Şərq qapısı ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə”, “Heydər Əliyev və Azərbaycanda medianın inkişafı”, “Müstəqil mətbuatın formalaşmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzularında digər çıxışlar dinlənilib.
Şəfa Səfərova